ATƏT-in fəaliyyətdə olan Sədri Zati-aliləri Edi Rama cənablarına

 
Zati-aliləri,
Sizi Azərbaycan və ümumən Qafqaz müsəlmanları adından salamlamaqdan şərəf duyur, cənabınıza yüksək ehtiramımı bildirirəm.
Fəaliyyətinə hazırda rəhbərlik etdiyiniz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ümumavropa təhlükəsizlik sisteminin formalaşması, sivil birgəyaşayış qaydalarının müəyyənləşdirilməsi, Avropa qitəsində mövcud olan münaqişələrin  tənzimlənməsi və bölgədə sülhün, əmin-amanlığın və əməkdaşlığın təmin edilməsi kimi mühüm məqsədlərə xidmət edən nüfuzlu beynəlxalq təşkilatlardandır. Təqdirəlayiqdir ki, ATƏT-ə sədrlik missiyasını qəbul edərkən Siz, öz fəaliyyətinizi vacib və prioritet istiqamətlər olaraq Təşkilatın siyasi öhdəliklərinin yerinə yetirilməsi, münaqişə və post münaqişə bölgələrində ATƏT-in rolunun gücləndirilməsi məsələlərinə yönəldəcəyinizi bəyan etmisiniz.
Ölkəmizin üzləşdiyi başlıca problem olan Ermənistan Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT, 1992-ci ildən etibarən münaqişənin sülh yolu ilə həlli prosesində fəal surətdə iştirak etməyə başlamış və bu sahədə fəaliyyətini davam etdirməkdədir. Təəssüflə qeyd olunmalıdır ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən və işğala məruz qalmış ərazilərimizdən erməni hərbi birləmələrinin qeyd-şərtsiz çıxarılmasına çağıran 4 məlum qətnaməsi kağız üzərində qalmış, ATƏT-in bu istiqamətdə səyləri bir nəticə verməmişdir.
Zati-aliləri,
Tarix boyu Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan, bölgədə və dünyada multikulturalizm ideyalarının təşəkkül tapmasına, dinlər və sivilizasiyalar  arasında dialoqun qurulmasına dəyərli töhfələr vermişdir.
Əfsuslar olsun ki, dinc birgəyaşayış, tolerantlıq və multikulturalizm ənənələrinə həmişə sadiq olan Azərbaycan,  30 ildən artıq müddətdir ki, qonşu Ermənistanın ərazi iddialarına və hərbi təcavüzünə məruz qalmış, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz pozularaq 20 faiz torpaqlarımız zəbt edilmiş, bir milyondan artıq soydaşlarımız öz doğma, əzəli torpaqlarından didərgin düşmüşdür. Ermənistanın təcavüzü nəticəsində on minlərlə insan həlak olmuş, işğal olunmuş ərazilərimizdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində erməni ekstremistləri tərəfindən törədilmiş soyqırım nəticəsində dinc əhalimiz, 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla 613 nəfər, o cümlədən 8 ailə tamamilə məhv edilmiş, bu şəhər yerlə-yeksan olunmuşdur.
Münaqişə başlanan zamandan bu günədək təcavüzkar Ermənistan sivil əhalimizə qarşı terror tətbiq edərək işğal olunmuş ərazilərimizdə Azərbaycanın öz rəngarəngliyi ilə fərqlənən mədəni və mənəvi irsinə aid olan məbədlərimizi, qəbirstanlıqlarımızı, tarixi abidələrimizi, muzey və kitabxanalarımızı darmadağın etmişdir. Bununla kifayətlənməyən qəsbkar erməni ekstremistlər əsarətdə qalan məscidlərimizi İslam dinində haram sayılan heyvanların tövləsinə çevirmək kimi misli görünməmiş vandal həqarət əməllərindən belə çəkinməmişlər.
Zati-aliləri,
Sizə məlumat vermək istəyirəm ki, təcavüzkar Ermənistan rejimi cari ilin iyul ayından etibarən yeni hərbi təxribatlara əl ataraq, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında yerləşən ərazilərimizdə, həm də Ermənistan ilə dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və mülki əhalimizi hədəfə götürmüşdür. Bu son hərbi təxribatlar xalqımızın səbrini tükətmişdir və Azərbaycan, öz suveren hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa etmək və zəbt olunmuş ərazilərini azad etmək əzmindədir.
Öz təcavüzkar siyasətini davam etdirən, BMT-nin və digər beynəlxalq təşkilatların məlum qətnamə və qərarlarına, habelə 1949-cu il Cenevrə konvensiyalarının müddəalarına məhəl qoymayan, onları  nümayişkarənə şəkildə pozan Ermənistan,  oktyabr ayının ilk günlərindən bu günədək, mülki əhalimizi hədəfə alaraq təmas xəttindən uzaq məsafələrdə yerləşən şəhərlərimizi və yaşayış məntəqələrimizi intensiv ağır artilleriya atəşinə tutmuş, bunun nəticəsində 5-i azyaşlı uşaq olmaqla, 41 dinc sakinimiz həlak olmuş, 205-ü yaralanmış, 146 mülki obyekt, 57 çoxmənzilli bina və 1200-ə qədər fərdi yaşayış evi dağıdılmışdır.
Zati-aliləri,
Bildiyiniz kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə cari ilin 9-10 oktyabr tarixlərində Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən müvəqqəti humanitar atəşkəs haqqında müvafiq sənəd imzalanmışdır. Lakin faktlar onu göstərir ki,  Ermənistan heç də sülhə meylli deyil və atəşkəsdən sui-istifadə edərək öz həqiqi qəsbkar niyyətlərini nümayiş etdirməkdədir. Belə ki, Ermənistan, Moskva razılaşmalarını kobud şəkildə pozmuş, və öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirərək, 10-11 oktyabr tarixlərində hərbi əməliyyatların baş verdiyi bölgədən 80 km. aralıda yerləşən Azərbaycanın ikinci əhəmiyyətli şəhəri olan Gəncəni ağır artilleriya atəşinə tutmuş, əhalinin sıx yerləşdiyi şəhər mərkəzində yerləşən yaşayış evlərinə raketlərlə zərbə endirmişdir. Bunun nəticəsində 3 çoxmənzilli bina dağılıb, 4-ü qadın 9 nəfər mülki şəxs həlak olub, aralarında azyaşlılar olmaqla 39 yaralı var.
Zati-aliləri,
Dünyanın nüfuzlu beynəlxalq Təşkilatının hazırki rəhbəri kimi, Avropada sülhün və əmin-amanlığın bərqərar olmasında, beynəlxalq hüququn prinsip və normalarına riayət edilməsində məsuliyyət daşıyan, işğalçı dövlətə müəyyən təsir göstərmək və dünya birliyini prosesə cəlb etmək imkanlarına malik olan qurum olaraq Sizə müraciət edərək, ATƏT tərəfindən göstərilən məsələlərə dair prinsipial mövqenin bildiriləcəyinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetiriləcəyinə, beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar rejiminə qarşı müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılacağına ümid edirəm.
Bir daha ən yüksək ehtiramımı bildirirəm.
         Dərin hörmətlə,
Şeyxülislam Allahşükür PAŞAZADƏ
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2385