QMİ sədri KAİCİİD ilə növbəti videoiclasda iştirak etdi

     Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 30 iyun tarixində KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin təşkil etdiyi «Zəifləri qorumaq: həmrəyliyə və fəaliyyətə dinlərarası çağrı» mövzusunda vebinar iclasında iştirak etdi.
 Dr. Məhəmməd Əbu-Nimerin moderatorluğu ilə keçən tədbirin gedişində bir sıra önəmli məsələlər, o cümlədən pandemiya dövründə yaranmış spesifik çətinliklərin cəmiyyətin ən həssas təbəqələrinin həyatında əks olunması və bu çətinliklərin dəf olunmasında dini icmaların görə biləcəyi işlər müzakirə olundu. İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Xristian-Müsəlman dialoqu üzrə Milli Komitənin baş katibi dr. Mohammad Sammak, Shanti Ashram təşkilatının direktoru Kezevino Aram və b.  vebinarda çıxış etdilər. Vurğuladılar ki, dünya üçün mürəkkəb dövr kimi xarakterizə olunan hazırki dönəmdə risk qrupuna daxil olan, ən çox yardıma ehtiyacı olan təbəqələrin pandemiyanın sosial, iqtisadi təsirlərindən qorunması yönündə real işlər görülməlidir və bu baxımdan, dünyanın müxtəlif ölkələrində müxtəlif dini icmaların təcrübəsindən yararlanmaq zəruridir. Vebinarda təhsil sahəsində yaşanan çətinliklər, dünyanın heç də bütün məntəqələrində texniki vasitələrdən istifadə edərək distant təhsilin əlçatan olmaması, işsizliyin artması səbəbindən yoxsulluğun artması, turizm imkanlarının məhdudlaşmasının iqtisadi fəsadları və s. bu kimi məqamlar gündəmdə oldu.
 Dünyanın nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in Direktorlar Şurasın üzvü Şeyxülislam Allahşükür Paşazadə videoiclasda çıxış etdi. Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını toplantı iştirakçılarına yetirən Şeyxülislam A. Paşazadə vebinar iştirakçılarına məlumat verdi ki, Azərbaycan dövləti pandemiyanın ilk günlərindən ölkə daxilində cəmiyyətin ən müxtəlif təbəqələrinin, o cümlədən, daha həssas cəmiyyət üzvlərinin ehtiyaclarını qarşılamaq üçün mümkün olan bütün tədbirləri həyata keçirir. Azərbaycan höküməti nəzdində fəaliyyət göstərən Operativ qərargah bu işləri yüksək səviyyədə dövlət nəzarəti altında reallaşdırır, lazımi addımları ardıcıl və situasiyaya uyğun tənzimləyir. Bu dövr ərzində dini mərkəz — Qafqaz Müsəlmanları İdarəsi ölkəmizdəki digər dini konfessiyalarla birlikdə COVİD-19 bəlasına qarşı mübarizənin səmərəliliyini artıran bütün lazımi tədbirləri həyata keçirməkdədir. QMİ və digər dini icmalar Operativ qərargahla yaxından, fəal əməkdaşlıq edərək dini ayin və ibadətlərə dair bütün təlimatları koordinasiyalı şəraitdə ümumi işin mənafeyinə uyğun tərzdə tənzimləyir. Şeyxülislam A. Paşazadə dövlət-din münasibətlərinin yüksək səviyyəsinin göstəricisi olan bu məqamı bütün dünya üçün örnək nümunə kimi dəyərləndirdi. Şeyxülislam A. Paşazadə onu da diqqətə çatdırdı ki, yalnız Azərbaycanın Ermənistan işğalı altında olan 20 faiz ərazilərində pandemiya səbəbindən yaranmış vəziyyəti nəzarətdə saxlaya bilmirik və bu xəstəliyin yayılmasına səbəb olur.
  Azərbaycan dövlətinin beynəlxalq müstəvidə insan həmrəyliyi nümayiş etdirərək 30-dan artıq dövlətə humanitar yardım göstərdiyini, bu yöndə işlərin davam etdirildiyini bildirdi. Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin hər zaman olduğu kimi qlobal təşəbbüslərini davam etdirərək pandemiya dövrünün əvvəlindən bir sıra platformalarda beynəlxalq əməkdaşlıq nümunəsi göstərdiyini, bu yaxınlarda isə BMT Baş Assambleyasının COVİD-19 problemi ilə bağlı xüsusi iclasının çağırılması barədə təşəbbüs irəli sürdüyünü diqqətə çatdırdı. Ermənistandan başqa bütün dövlətlərin razılıq verdiyi bu təşəbbüs, heç şübhəsiz ki, dünya miqyasında pandemiyanın və onun fəsadlarının aradan qaldırılması yolunda mühüm və əhəmiyyətli addım olacaqdır.
  QMİ sədri rəhbərlik etdiyi Beynəlxalq Bakı Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi, MDB Müsəlmanları Məşvərət Şurası xətti ilə keçirdiyi onlayn iclaslar barədə, habelə iyul ayında Qafqaz Xalqları Ali dini Şurasının üzvləri ilə bu mövzuda baş tutacaq videokonfrans barədə məlumat verdi. Şeyxülislam A. Paşazadə dualar etdi ki, Uca Yaradan bütün dünyanın salamatlığını, ümumi bəladan xilas olmağımızı bizlərə nəsib etsin. QMİ sədri pandemiya dövründə Yer üzündə münaqişələrin dayandırılmasını, qarşıdurma və nifrət çağırışlarının qarşısının alınmasının, humanitar yardımlaşma əvəzində siyasi məqsədlərlə sanksiya tətbiqinin aradan qaldırılmasının xüsusən zəruri olduğunu vurğuladı.
       Şeyxülislam A. Paşazadənin çıxışı və verdiyi təkliflər moderator və vebinar iştirakçıları tərəfindən dəstəkləndi. Daha sonra vebinarın ünvanına daxil olmuş suallar cavablandırıldı. Onlayn iclas məhsuldar keçdi.
 
 
    
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 237