QMİ sədri Qətər dövlətinin səfirini qəbul etdi

 
 23.01.2020
        Yanvarın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qətər dövlətinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri  Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabı  qəbul etdi.
Səfiri səmimi salamlayan və ona ölkəmizdəki fəaliyyətində uğurlar diləyən QMİ sədri Azərbaycanla müsəlman dünyasının seçilən ölkələrindən olan Qətər arasında bütün sahələr, o cümlədən, mədəni-mənəvi sahədə əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə etdi. O, Qətər dövlətinin beynəlxalq səviyyədə əməkdaşlıq işinə böyük töhfələr verən məkana çevrildiyini xüsusi vurğuladı. Azərbaycan dövlətinin son dövrlər dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq sahəsində aparıcı təşəbbüslər və ideyalar mərkəzi kimi tanınmasından, mədəniyyətlər və sivilizasiyalararası dialoqa dair qlobal əhəmiyyətli beynəlxalq forumların keçirildiyi ənənəvi ünvana çevrilməsindən fəxarət duyduğunu bildirən Şeyxülislam A. Paşazadə bu işlərdə dövlət başçımızın rolunu xüsusi vurğuladı.
        QMİ sədri 2017-ci ildə İdarə nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də bu istiqamətdə səy göstərdiyini bildirərək, Azərbaycanda Prezident İlham Əliyevin qlobal ideyaları,  tərəfindən elan olunmuş Multikulturalizm və İslam Həmrəyliyi illəri çərçivəsində dünyanın bir çox ölkələrində keçirilmiş beynəlxalq konfranslar barədə səfiri məlumatlandırdı. Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə Bakıda keçirilmiş Dünya dini liderlərinin II Bakı Sammitinin doğurduğu beynəlxalq rezonans barədə məlumat verdi. O bildirdi ki, Azərbaycanın təşviq etdiyi, insan həmrəyliyinə xidmət edən multikulturalizm ideyalarına dünyanın ehtiyacı vardır və II Bakı Sammiti bu ümdə həqiqəti bir daha nümayiş etdirdi.
           Şeyxülislam xüsusi vurğuladı ki, dünyada mövcud olan və insan qırğınları ilə müşayiət olunan münaqişə bölgələrinin təmsilçilərinin bir araya gəlməsi, bu münaqişələrin qarşısının alınması üçün siyasi, dini, ictimai xadimlərin səylərinin birləşdirməsi böyük dəyər kəsb edir. QMİ sədri Sammitdə nifrət çağırışlarına qarşı,  dindən siyasi məqsədlər üçün istifadə olunması əleyhinə, habelə dini-mənəvi irsin saxtalaşdırılması, mənşəyinin dəyişdirilməsi və s. kimi ümumbəşəri məsələlərə dair  ümumi mövqenin ifadə olunmasını, bunların Bakı Bəyannaməsində əksinin tapmasını müsbət dəyərləndirdiyini bildirdi.
         Şeyxülislam A. Paşazadə səfirə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin KAASİİD Beynəlxalq Mərkəzi ilə əməkdaşlıqda bu ilin payız aylarında Şərqi Avropada keçirilməsi nəzərdə tutulan,  məhz bu mövzuya həsr olunmuş beynəlxalq konfrans barədə danışdı.
        Qətərli səfir, öz növbəsində, Şeyxülislam A. Paşazadəyə səmimi qəbul üçün minnətdarlığını bildirərək, Qətər dövləti tərəfindən QMİ sədrinə ünvanlanmış dəvət barədə məlumatlarını bölüşdü və Şeyxülislamın dəvəti qəbul edərək Dohaya təşrif buyuracağına ümidvar olduqlarını bildirdi. Azərbaycan və Qətər dövlətləri, xalqları arasında əlaqələrin və mənəvi bağların daha da dərinləşməsi üçün səylərini əsirgəmədiklərini bildirən səfir, bu baxımdan, dövlət və din xadimləri səviyyəsində qarşılıqlı səfərlərin böyük önəm kəsb etdiyini xüsusi vurğuladı. Səfir Şeyxülislama İslamda insan hüquqlarına dair nəfis nəşri təqdim etdi.
         Görüşün sonunda səfirə xatirə hədiyyəsi təqdim olundu.
 
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 971