QMİ sədrinin 1-ci müavini beynəlxalq forumda iştirak edib

 
 
Mart ayının 2-si və 3-də Qazaxıstanın paytaxtı Astanada “Avrasiya məkanında İslam Sivilizasiyasının dünəni, buğunu və gələcəyi” mövzusunda müsəlman alimlərinin forumu keçirilib.
Qazaxıstan Müsəlmanları İdarəsinin təşkil etdiyi beynəlxalq tədbirdə Qazaxıstan Parlamentinin Senat sədri Qasım-Comərd Tokayev, Dini işlər və vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbayev, ölkənin Senat üzvləri, millət vəkilləri, habelə Avropa və Asiyanın 21 ölkəsindən dəvət olunan baş müftilər, dini xadimlər, yazıçılar, üləma və ilahiyyatçılar iştirak edib. Azərbaycanı təmsil edən  Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini, müfti Salman Musayev tədbirdə məruzə ilə çıxış edib. Öz çıxışının əvvəlində o, forum iştirakçılarına Azərbaycan və bütün Qafqaz müsəlmanlarının, şəxsən QMİ sədri, şeyxülislam Allahşükür Paşazadənin salamlarını çatdırdı və Qazaxıstan Müsəlmanları İdarəsinin yeni sədri, müfti Serikbay Orazı bu yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib.
Müasir dünyanın sabitliyini təhlükə altına atan terrorizm, ekstremizm, islamofobiya, ksenofobiya təzahürlərinə qarşı dini xadimlərin birgə mübarizəsinin vacibliyini vurğulayan S. Musayev, bu baxımdan xüsusilə gənc nəslin maarifləndirmə məsələsinə toxunub. “Biz inanırıq ki, ictimai və dini xadimlər, alimlər, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri irqi və dini ayrı-seçkiliyə yol açan hər hansı fəaliyyətə qarşı birgə çıxış etməli, dünyanın hər yerində sülh, ədalət və rifah naminə əlbir olmalıdırlar”, - deyə, Salman Musayev qeyd edib.
Tədbirin sonunda iştirakçılar “İslam ümmətinin müasir dünyadakı siması” adlı sənəd və Qətnamə qəbul ediblər. Bununla da Forumun işi başa çatıb.
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir

Oxunub : 2090