Türkiyəli qonaqlarla görüş

08.05.2025
 
         Mayın 8-də Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyəti Diyanət İşləri başkanının müavini Səlim Arqunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
         Qafqaz Müsəlmanları İdarəsinin  sədri, Şeyxülislam Allahşükür Paşazadənin salam-dualarını qonaqlara çatdıran Salman Musayev QMİ ilə Diyanət İşləri Başkanlığı arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
         Müfti həzrətləri Türk Dövlətləri Təşkilatının Dini Liderləri Toplantısı çərçivəsində birgə mühüm işlər görüldüyünü qeyd edib, bu sahədə fəaliyyətin davamlı olmasını arzulayıb.
         Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Türkiyə Cümhuriyyəti Diyanət İşləri başkanın müavini Səlim Arqun ölkəmizə səfəri, nümayəndə heyətinin burada keçirdiyi görüşlər barədə danışıb. Qonaq bildirib ki, Azərbaycanın Qarabağda qazandığı tarixi zəfər, öz suveren ərazilərinin bərpa etməsi qürurvericidir. İşğaldan azad olunan şəhər və rayonlarda böyük quruculuq işləri, dini abidələrin sürətlə bərpa edilməsi Azərbaycan dövlətinin dini-mənəvi dəyərlərə önəm verməsinin göstəricisidir. Səlim Arqun ölkəmizə növbəti səfərində Şuşaya və işğaldan azad olunan digər ərazilərimizə səfər etmək arzusunda olduğunu deyib.
         Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.   
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 339