19 MART 2025
BMT -nin Brüsseldəki Qadınlar ofisindəki tədbir

Belçika Kralı Filip Əlahəzrətlərinin ali himayəsi ilə və Avropa İnkişaf və Araşdırmalar Akademiyası (EDARA), İSESKO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Belçika və Avropada 2025 İslam Dünyası İli çərçivəsində tədbirlərdə iştirak edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti martın 7-də BMT-nin Brüsseldəki Qadınlar Ofisində görüşdə iştirak etmişdir.
BMT-nin Brüsseldəki Qadınlar Ofisinin Direktoru Florens Rayesin giriş sözü ilə açılan tədbirdə 1995-ci il “Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv olunması haqqında” BMT konvensiyasından irəli gələn məsələlər barədə danışılıb.
8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə təşkil olunan və Pekin Konvensiyasının 30-cu ildönümünə həsr olunan tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, tarix elmləri üzrə fəlsəfə doktoru Rəhimə Dadaşova çıxış etmişdir. Pekin konvensiyasına qoşulmuş Azərbaycanın müstəqillik dövrünün Konstitusiyasında qadınların kişilərlə bərabər hüquqlarının təsbit olunduğunu xatırladan R.Dadaşova Azərbaycan qadınlarının həyatın bütün sahələrində - elm, təhsil, mədəniyyət, səhiyyə, iqtisadiyyat, diplomatiya, dövlət qurumlarında yüksək səviyyədə təmsil olunmasını vurğulamışdır.
8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Brüsseldə belə bir tədbirin keçirilməsini əlamətdar və vacib kimi dəyərləndirən R.Dadaşova Şərqin avanqard dövləti olan Azərbaycanda qadınların öz intellekti, fədakarlığı, cəsarət və ləyaqəti ilə xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynadığını xüsusi vurğulamışdır. Tarixən Azərbaycan qadınının hər zaman müsəlman Şərqinin qadınlarının avanqardında olduğunu, yüksək yaradıcı potensilaı ilə seçildiyini, maarifpərvər, xeyriyyəçi xüsusiyyətləri ilə seçildiyini qeyd edən R. Dadaşova qabaqcıl dünya dövlətləri arasında ilk dəfə, hətta ABŞ-dan öncə seçib seçilmək hüququnun məhz Azərbaycan qadınlarında olduğunu yeni dövr tariximizin əlamətdar faktlarından biri olaraq diqqətə çatdırmışdır.
Ümummilli Liderimiz Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Dövlət Qadın siyasəti haqqında Qanun”un demokratik dövlət quruculuğu prosesində fəal iştirak edən Azərbaycan qadınlarının fəaliyyətlərinin hüquqi bazası olduğunu vurğulayan R. Dadaşova Azərbaycanda Ailə, Qadın və Uşaq problemləri Dövlət Komitəsinin mövcud olduğunu qeyd etmişdir. Vətənimizin qüdrət və nüfuzunun yüksəldilməsində, milli dövlət quruculuğu prosesində ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın siyasi xadim olaraq dəyərli fəaliyyətini, mədəni-humanitar təşəbbüslərinin bəşəri əhəmiyyətini vurğulayan natiq bu fenomenin Azərbaycan və dünya qadınları üçün örnək nümunə olduğunu qeyd etmişdir.
R. Dadaşova qeyd etmişdir ki, çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin, müqəddəs ailə dəyərlərinin buğünədək layiqincə qorunub saxlanılmasında, gənc nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlər işığında, tolerantlıq və multikulturalizm müstəvisində tərbiyəsində Azərbaycan qadını hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, misilsiz xidmətləri olmuşdur. Azərbaycan qadını tariximizin həlledici məqamlarında mətinlik nümunəsi göstərmişdir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qalibiyyətli Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdə Azərbaycan qadınının da payı olduğunu vurğulayan R. Dadaşova dövlət başçısının hər il Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarını təbrik etdiyini, onların əməyini yüksək qiymətləndirdiyini diqqətə çatdırmişdır.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı çıxış edərək, dini mərkəz olan QMİ-nin qadınlarla iş üzrə müavin olaraq kurasiyasına daxil olan məsələlər, qadınların müsəlman icması daxilində fəaliyyətləri, təhsili və s. barədə ətraflı məlumat vermişdir. Q.Cavadlı Belçikada və Avropada 2025-ci ilin İslam Dünyası İli elan edilməsi təşəbbüsünü yüksək qiymətləndirmiş, Azərbaycanın bu il çərçivəsində tədbirlərdə təmsil olunmasını, xüsusi dəyər kəsb edən hadisə kimi qeyd etmiş, habelə BMT-nin Brüsseldəki Qadınlar Ofisindəki tədbirini təqdir etmişdir.
QMİ-nin Mətbuat Xidməti
Oxunub : 294