Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri ilə görüşüb

 
22.01.2025
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağçını fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Şeyxülislam A.Paşazadə, ilk növbədə, qardaş Türkiyə Cümhuriyyətinin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin mehmanxanasında baş vermiş yanğın nəticəsində çox sayda insanın dünyasını dəyişməsi barədə üzücü xəbərlə bağlı həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan dindarları adından dərin hüznlə başsağlığını ifadə edib, mərhumlara Uca Allahdan rəhmət, yaralılara şəfaət diləyib.
QMİ sədri A.Paşazadə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin yüksək səviyyəsini, dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun inkişafını məmnuniyyətlə qeyd edib. QMİ sədri səfir C. Bağçının Azərbaycanın şanlı Vətən müharibəsində qazandığı Zəfər dövründə qardaş Türkiyə dövlətinin Azərbaycanda təmsilçisi olmaq şərəfinə malik olmasını böyük nemət kimi dəyərləndirib. O, ölkəmizdə fəaliyyəti başa çatan Türkiyə səfirinin bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verməsinə toxunaraq, mövcud körpülərin daha da möhkəmləndirilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.
Türkiyə-Azərbaycan arasında dini-mənəvi əlaqələrin hər zaman yüksək səviyyədə olduğundan fəxarət duyduğunu bildirən Şeyxülislam A. Paşazadə Qafqaz Müsəlmanları İdarəsi ilə Türkiyə Diyanət Başkanlığı arasında dini-mənəvi əməkdaşlığın səviyyəsindən razılığını bildirərək, Müfti dr. Əli Erbaşla olan qardaşlıq münasibətlərini, birgə əməkdaşlıq səylərini yüksək qiymətləndirib.
Qəbula və başsağlıqlarına görə dərin minnətdarlığını bildirən C.Bağçı qəbula görə minnətdarlıq edib, qardaş Azərbaycan dövlətində səfir olaraq  fəaliyyətindən dərin məmnunluğunu dilə gətirərək, nüfuzlu dini lider olan Şeyxülislam Allahşükür Paşazadə ilə şəxsən görüş və ünsiyyətlərinə böyük dəyər verdiyini xüsusi vurğulayıb.
Şeyxülislam A. Paşazadə cənab C. Bağçıya qarşıdakı fəaliyyətində uğurlar dilədi.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 381