20 YANVAR - 35 İL

18.01.2025
Yanvarın 18-də Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.
Toplantıda çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, “Bu gün biz Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur, mənəvi iftixar mənbəyi və dövlət müstəqilliyi uğrunda qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin 35-ci ildönümü ərəfəsində Azərbaycanın ən yeni tarixində müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda mübarizənin ilk qurbanlarının - 20 Yanvar şəhidlərinin mübarək ruhlarını yad edirik. Uca Yaradanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmış Vətən övladlarına Allah rəhmət eləsin!”.
Daha sonra Şeyxülislam A. Paşazadə 20 Yanvar hadisələrini Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü, XX əsr tariximizə xeyirlə şərin, ədalətlə zülmün, işıqla zülmətin, azadlıqla əsarətin əbədi mübarizəsinin misilsiz nümunəsi kimi düşən rəmzi hadisə kimi dəyərləndirib. Qeyd edib ki, keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. 1990-cı ilin 20 yanvarında baş verən hadisələri “Böyük Ermənistan” xülyası ilə yaşayanların əlində oyuncağa çevrilmiş Qorbaçov kimi ləyaqətsiz dövlət rəhbərinin xalqımıza qarşı öncədən hazırlanmış planı adlandıran QMİ sədri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya daxil olaraq öz vətəndaşlarına – qocalara, qadınlara, uşaqlara, azərbaycanlılara, ruslara, yəhudilərə, bir sözlə dinc əhaliyə xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə qanlı divan tutduğu dövrdə dövlətin bütün siyasi və inzibati orqanlarının iflic vəziyyətinə düşdüyü, səriştəsizlikdən qaçıb gizləndiyi bir dövrdə xalq və dövlət arasında dəhşətli bir uçurum əmələ gəlməsindən bəhs edib. Dövlətə və allahsız kommunist ideologiyasına inamını itirən Azərbaycan xalqının bu məqamda kimə müraciət edəcəyini bilmədiyi bir məqamda Mərkəzin vəziyyətdən istifadə edərək baş verənlərə dini don geyindirməyə çalışmasından, xalqımızın istibdada qarşı mübarizəsini dünya ictimaiyyətinə  İslam fundamentalizmi,  ekstremizm kimi təqdim etməsi məsələsinə toxunub.
 Azərbaycanın taleyi, hətta xəritədəki varlığı təhlükədə olduğu həmin günlərdə ölkədə çalışan, fəaliyyət göstərən, təcavüzkarlara sinə gərən, minlərlə faciə qurbanlarının, milyonlarla vətəndaşın yeganə ümid yeri olan Qafqaz Müsəlmanları İdarəsinin hadisələrin ilk dəqiqəsindən qərargaha çevrilməsi, var-qüvvəsi ilə imperiya siyasətinin riyakarlığına meydan oxuması, informasiya blokadasını yararaq baş verənləri dünyaya bəyan etməsindən faktlarla bəhs etdi: “Fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq yanvarın 21-də Təzəpir məscidinin həyətində on minlərlə insan toplaşdı. Şəhidlər üçün dəfn yerinin təyin olunması məsələsində hərbi komendaturanın ciddi narazılığına baxmayaraq, Dağüstü parkın seçilməsində israr olundu. Hərbi rejimin hədə və təhdidlərinə baxmayaraq yanvarın 22-də tarixdə görünməmiş milyonluq izdihama başçılıq edərək dəfn mərasiminin önündə durduq və ilk dəfə olaraq Allahsız sovet rejimini “mənfur imperiya” ifadəsi ilə lənətlədik. Dəfn prosesində bir nəfər belə hərbçinin iştirakına və müdaxiləsinə imkan verilmədi. Ölkədə bütün informasiya agentliklərinin nəzarətdə olduğu bir vaxtda biz böyük çətinliklə BMT-nin Baş katibliyinə, dünyanın dövlət başçılarına və dini rəhbərlərə müraciətlər, SSRİ rəhbəri Mixail Qorbaçova lənət dolu bəyanatımızı ünvanlaya bildik. İtaliyanın “Reppublika” qəzetinin müxbiri Entso Mauro ilə görüşüb Bakıda törədilən cinayətlər haqqında həqiqətləri o zamankı Roma Papası II İoann Pavelə çatdırdıq. Məhz informasiya blokadasını yara bilməyimiz sayəsində 20 Yanvar faciəsi dünyaya yayıldı, İstanbulda, Dərbənddə, Gürcüstanda, bir sıra ərəb və Avropa dövlətlərində xalqımıza dəstək mitinqləri keçirildi. Bundan əlavə, ilk günlərdə bir sıra rəsmi şəxslərin etirazına baxmayaraq, 20 Yanvar faciəsinin bütün qurbanlarının müqəddəs şəhid kimi tanınmasına və “şəhid” ifadəsinin qəbul edilməsinə nail olduq”. 
  Şeyxülislam A.Paşazadə Ulu Öndərin həmin faciə zamanı xalqımıza dəstəyini xüsusi vurğuladı. “Bu mücadilədə bizim mənəvi dəstəyə, yol göstərən rəhbərə, zülməti işıqlandıran bir insana böyük ehtiyacımız vardı. Həmin günlərdə Qafqaz Müsəlmanları İdarəsinin ünvanına daxil olan ilk başsağlığı teleqramı Moskvadan, Ulu Öndərimiz mərhum Heydər Əliyevdən gəldi. Qəlbi daim xalqı ilə döyünən bu böyük insan baş verənləri Azərbaycana qarşı təcavüz  kimi dəyərləndirirdi. Şovinist ermənilər və onların təhrikilə hərəkət edən ermənipərəst siyasi qüvvələr tərəfindən Politbürodan uzaqlaşdırılmış Heydər Əliyev, siyasi yolunun davamçısı İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş verənləri qətiyyətlə pislədi və doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələri siyasi qiymət alaraq SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz aktı kimi qiymətləndirildi”
 Şeyxülislam A. Paşazadə bu illər ərzində Azərbaycanın dini mərkəzinin mütəmadi olaraq dünya ictimaiyyətinə, parlamentlərə, hökümətlərə müraciət edərək Azərbaycan xalqına qarşı törədilmiş, günahsız insanların qətlinə fərman vermiş şəxslərin cinayətlərini ifşa etmiş, beynəlxalq müstəvidə onların cinayətlərinə qiymət verilməsində israr etdiyini xatırlatdı. 
Şeyxülislam A.Paşazadə 20 Yanvar şəhidlərinin ruhlarını şad edən məqamlara toxundu: “Erməni faşistləri tərəfindən işğal olunmuş Vətən torpaqları uğrunda mübarizənin - I Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdırlar. Şəhidlərimizin müqəddəs ruhlarını şad edən əsas məqam Qarabağ zəfərimiz, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir. 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan xalqı ərazi bütövlüyümüzə təhdidlərə 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu, müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Uca Yaradanın köməyilə beynəlxalq hüququn təmin edə bilmədiyi ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı həyata keçirdi, Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı. Şəhidlər bütün bəşəriyyət üçün fədakarlıq örnəyidirlər. Dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhidlərin xatirəsinə yüksək ehtiramını, şəhid ailələrinə yaxından diqqət və qayğısını minnətdarlıqla qeyd edirik”.
 Bildirildi ki, bütün din xadimlərimizə, qazilərimizə, səlahiyyətli nümayəndələrimizə tövsiyə edirik ki, Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü - 20 Yanvar hadisələrinin anım dövründə faciə qurbanlarının xatirəsinə həsr olunmuş xüsusi dini mərasimlər təşkil etsinlər. 20 yanvar şəhidləri və bütün Vətən şəhidlərinin xatirəsi yad olunsun.
Şeyxülislam A. Paşazadə ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın siyasi, iqtisadi uğurları artdıqca bizi gözü götürməyənlərin də hiddət və qəzəbinin artma təzahürləri göz qabağında olmasından bəhs edərək demişdir: “Bu müxtəlif formalarda – demokratiya pərdəsinə bürünənlərin qərəzli hesabat, saxta ittiham və sanksiya hədələri şəklində təzahür etdiyi halda, yaxın qonşu dövlətin din xadiminin dilindən hədyanlar vasitəsilə nümayiş etdirilir. Suveren Azərbaycan dövlətinin Prezidentinin, habelə Türkiyə Cümhuriyyətinin Prezidentinin ünvanına mütəmadi böhtan və təhqirlər yağdırılması bölgədə sülh, tərəqqi, rifaha xidmət etməli olan qarşılıqlı əlaqələrin inkişafına zərbə vurur. Din xadiminin vəzifəsi Uca Allahın buyurduqlarını insanlara hikmətlə, nəsihətlə çatdırılmasıdır. Özünə hörmət qoyan din xadimi minbərdən belə sözlərin işlədilməsini, xütbəsi zamanı belə ifadələrin səsləndirilməsini özünə yaraşdırmaz. Azərbaycan şəhəri Ərdəbilin imam-cüməsi Amulinin Azərbaycan-İran arasında tarixi əlaqələrə xələl gətirən, xalqlarımızı qarşı-qarşı qoyan belə məsuliyyətsiz, hədsiz çıxışlarını qətiyyətlə pisləyir, yolverilməz sayırıq. Amulinin bu səpkidə çıxışları ilk dəfə deyil və biz zamanında buna sərt münsibətimizi ifadə etmişik.  Qarabağda və Ermənistan ərazisində müsəlman dini abidələrinə qarşı erməni vandallığını, azərbaycanlı din qardaşlarına qarşı erməni təcavüzünü qınamayan, heç bir münasibət bildirməyən bir din xadiminin Azərbaycan və Türkiyənin dövlət başçılarına dil uzatmasına, onları hədəf alan, təhqir edən hədyan çıxışlarına son qoyulmalıdır. Hesab edirik ki, bu kimi təxribatçı çıxışlar cəzasız qalmamalıdır”.
    Qalib dövlətimizin azad olunmuş torpaqlarımızda misilsiz bərpa-yenidənqurma işləri həyata keçirməsini, vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmasını, yeni həyat verilmiş məscidlərimizdən Azan səsləri ucalmasını, imamlarımızın öz vəzifələrinin başında olmasıı fəxarətlə vurğulayan QMİ sədri Vətən müharibəsində zəfərimizin mənəvi qələbələrimizə yol açdığından danışıb. Erməni kilsəsinin revanşizm istiqmətində destruktiv əməllərindən danışarkən bildirib : “Dinc quruculuq işləri ilə məşğul olan xalqımızın ən ümdə istəyi regionumuzda sülh, əmin-amanlıqdır. Dövlətimiz də bölgədə davamlı sülh istiqamətində səylər göstərir.  Lakin məlum olduğu kimi, zamanında erməni təcavüzünün, Vətən müharibəsində Zəfərimizdən sonra isə revanşizmin önündə erməni kilsəsi gedir. 44 günlük Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatından sonra Eçmiədzin və Kilikiya erməni kilsələri tərəfindən anti-Azərbaycan təbliğatı yenidən vüsət almışdır. Təəssüflər olsun ki, erməni kilsəsi öz xalqını dinc yanaşı yaşamağa deyil, yeni faciələrə sürükləməkdə israrlıdır. Biz bütün səylərimiz və dualarımızla ölkədə və bölgədə sülh, əmin amanlıq, dinc qonşuluq və rifah istiqamətində fəaliyyətləri - dövlətimizin müdrik siyasətini dəstəkləyirik. 20 Yanvar şəhidlərinin, bütün Vətən şəhidlərinin uğrunda canlarını fəda etdikləri Vətənimiz hər zaman ucada olsun! Uca Allah xalqımızı, dövlətimizi və müdrik dövlət başçımızı qorusun, dünyanı hifz etsin! Amin!”.
Toplantıda iştirak edən Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Azərbaycandakı dini konfessiyaların rəhbərləri – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Yepiskop Aleksiy, Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Avropa yəhudiləri icmasının sədri Aleksandr Şarovski, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili çıxış etdilər və 20 Yanvar faciəsinin Azərbaycan tarixində yeri və rolu barədə fikirlərini bölüşdülər.
 
QMİ-nin Mətbuat Xidməti
 
 

Oxunub : 515