16 YANVAR 2025
Prezidentin imzaladığı təşəkkürnamələr din xadimlərinə təqdim olundu
25.12.2024
Dekabrın 25-də Qafqaz Müsəlmanları İdarəsində toplantı keçirilib. Yığıncaqda ötən ay Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) zamanı təşkil olunan tədbirlərdə fəal iştirak edən QMİ Qazılar Şurasının bir qrup üzvünə və idarə əməkdaşlarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə təşəkkürnamələr təqdim olunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə toplantıda çıxış edərək bildirib ki, son illərdə mötəbər tədbirlərə ev sahibliyi edən Azərbaycanda COP-29-un yüksək səviyyədə keçirilməsi ölkəmizin dünyada artan nüfuzunun daha bir göstəricisidir. Şeyxülislam həzrətləri qeyd edib ki, din xadimləri də bu mühüm tədbirə öz töhfələrini verməyə çalışıb. COP-29 çərçivəsində noyabrın 5-dən 7-dək Bakıda “Dünya dinləri yaşıl planet uğrunda” devizi ilə Dini Liderlərin Qlobal Sammitinin keçirildiyini xatırladan QMİ sədri bu əhəmiyyətli tədbirdə 50 ölkədən, 30 nüfuzlu beynəlxalq təşkilatdan 220-dən çox xarici qonağın iştirak etdiyini vurğulayıb. Allahşükür Paşazadə bildirib ki, ötən müddət ərzində Sammitin iştirakçılarından QMİ-yə minnətdarlıq məktubları daxil olur və həmin məktublarda təşkilatçılığın yüksək səviyyəsi barədə xoş sözlər qeyd edilir.
COP-29 çərçivəsində tədbirlərdə fəallıq göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin imzası ilə təşəkkürnamə alanlar arasında QMİ Qazılar Şurası üzvlərinin və idarənin bir qrup əməkdaşının da olmasını ölkə rəhbərinin din-dövlət münasibətlərinin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına diqqət və qayğısı kimi dəyərləndirən Şeyxülislam həzrətləri mükafat alanları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
QMİ sədrinin birinci müavini, müfti Salman Musayev, Sumqayıt-Abşeron-Xızı bölgəsi üzrə Qazı Rauf Sərdarov çıxış edərək ölkə başçısına minnətdarlıqlarını bildirib, din-dövlət münasibətlərinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği sayəsində var qüvvələri ilə çalışacaqlarını bildiriblər.
Yığıncağın sonunda təşəkkürnamə alan din xadimləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu göndərilməsi qərara alınıb.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 261