QMİ sədri BMT-nin Sivilizasiyalar Alyansının çıxış edib

26.11.2024         
Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının «Sülhdə birlik — etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması» mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak edən  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 26-da forumun «Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq» mövzusunda ilk plenar toplantısında çıxış edib.
          Şeyxülislam Allahşükür Paşazadə mötəbər forum iştirakçılarına Azərbaycan xalqının və Prezident Zati-aliləri İlham Əliyev cənablarının səmimi salamlarını və ən xoş arzularını yetirib. BMT Sivilizasiyalar Alyansının 20 illik fəaliyyəti ilə bəşəriyyətin mənafeyinə xidmət edən, qlobal problemlərin həllində dövlət, beynəlxalq ictimaiyyət və din nümayəndələrinin birgə əməkdaşlığının inkişafına xidmət edən mühüm beynəlxalq platforma olaraq özünü təsdiq etdiyini bildirən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının təbirilə, bu növ forumların fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirdiyini, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaratdığını xüsusi qeyd edib. Bildirib ki, Sivilizasiyalar Alyansının sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə dəyərli səy və nailiyyətləri bizi ruhlandırır və yubiley Qlobal Forumunda gələcəyin Vahid Bəşəriyyət planının təqdimatını dəyərli tarixi hadisə kimi dəyərləndirmək lazımdır.
         Müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışı  əks etdirən dəyərli tarixi təcrübəyə, örnək tolerantlıq modelinə malik Azərbaycan dövlətinin BMT Sivilizasiyalar Alyansı ilə bəşəri mənafelər naminə əməkdaşlığının ən yüksək səviyyədə olduğunu qeyd edən Şeyxülislam Allahşükür Paşazadə Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmiş Azərbaycanda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarını Azərbaycan Prezidentinin müəllifi olduğu Bakı Prosesinin tərəfdaşı olan Sivilizasiyalar Alyansı ilə Azərbaycanın birgə əməkdaşlığının gözəl nəticələri olaraq dəyərləndirib.
         Daha sonra Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, bütün mövcud problemlərin fövqündə duran sülhün bərqərarı, planetimizin qorunması məramı ilə BMT Sivilizasiyalar Alyansı, BMT İqlim Dəyişikliklərinə dair qlobal COP tədbirləri çərçivəsində sülh naminə dini liderlərin iştirakı ilə real əməkdaşlıq müstəvisinin təşkili yönündə səylər təqdir olunmalıdır. BMT-nin Baş Katibi cənab Qutterişin yenicə başa çatmış Bakı COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına video-müraciətinə və ümumən, COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə dərin minnətdarlığımızı ifadə edən Şeyxülislam Allahşükür Paşazadə Sivilizasiyalar Alyansının Ali nümayəndəsi cənab Moratinosun səmərəli fəaliyyətini xüsusi qeyd edib və Moratinos cənablarına sivilizasiyalar arasında etimad mühitinin dərinləşməsi istiqamətində dəyərli səylərində yeni nailiyyətlər diləyib.
         Bu gün dünyanı narahat edən ən mühüm məsələlərdən birinin Yaxın Şərqdə və Ukraynada cərəyan edən faciəvi hadisələr olduğunu xatırladan Şeyxülislam A.Paşazadə günahsız insan qırğınına səbəb olan bu qanlı toqquşmaların dayandırılmasına, silahların susmasına, maddi-mənəvi irsin, dini məkanların məhvinə, saysız-hesabsıq miqrant faciələrinə son qoyulmasına çağırış edərək, problemlərin beynəlxalq qanun və BMT qətnamələrinə uyğun həll olunmasının tərəfdarı olduğunu bildirib.
         Şeyxülislam A.Paşazadə  200 ölkənin yekdil qərarı ilə BMT İqlim dəyişmələri üzrə COP29 tədbirinə ev sahibliyi etmək şərəfinə layiq görülmüş multikultural Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyimizi məhz BMT-nin Nizamnaməsinə və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa etdiyini xatırladıb. Bildirib ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə şəhər və kəndləri bərpa edir, vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrimizi, multikultural ənənələrimizə sadiq qalaraq bütün dinlərə məxsus abidələri - məscid və məbədləri yenidən bərpa və inşa edir, yandırılmış və minalanmış torpaqlarımızı təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır. Şeyxülislam A.Paşazadə qeyd edib ki, kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpa və qorunması yönündə gördüyümüz işlərə BMT Sivilizasiyalar Alyansının dəstəyini bu illər ərzində hər zaman hiss etmişik və buna görə hədsiz minnətdarıq.
          BMT Sivilizasiyalar Alyansının X Qlobal Forumu öz işini davam etdirir.
 
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 261