10 NOYABR 2024
Şeyxülislam Müsəlman Ağsaqqalları Şurasının Baş katibini qəbul edib
30.07.2024
İyulun 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonağı növbəti dəfə ölkəmizdə salamlamaqdan məmnunluq duyduğunu bildirən Şeyxülislam Allahşükür Paşazadə özünün də üzv olduğu Müsəlman Ağsaqqalları Şurasının dünyada dinlər və məzhəblər arasında dialoqun əldə edilməsində mühüm işlər gördüyünü diqqətə çatdırıb, qurumun sədri, Əl-Əzhərin Şeyxi Əhməd ət-Tayyib həzrətlərinin xidmətlərini xüsusi vurğulayıb. Salam-dualarını və xoş arzularını Əhməd ət-Tayyib həzrətlərinə çatdırmağı qonaqdan xahiş edib.
QMİ sədri A.Paşazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həzrətlərinin ötən ay Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Ət-Tayyiblə görüşdüyünü, iştirakçısı olduğu bu görüşün əlaqələrimizin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.
Bu ilin noyabrında Azərbaycanda dünya əhəmiyyətli tədbirin-BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) çərçivəsində Dünya Dini Liderlərinin III Sammitinin keçiriləcəyini, müxtəlif dinləri təmsil edən nüfuzlu şəxslərin, beynəlxalq qurumların rəhbərlərinin, mötəbər alimlərin növbəti dəfə ölkəmizdə bir araya gələcəklərini diqqətə çatdırıb.
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam qurumun sədri Şeyx Əhməd ət-Tayyibin salam-dualarını Şeyxülislam A.Paşazadəyə çatdırmaqdan qürur duyduğunu bildirib, ölkəmizə budəfəki səfəri zamanı keçirdiyi görüşlər barədə QMİ sədrinə məlumat verib. COP-29-un Azərbaycanda keçirilməsini mühüm bir hadisə olduğunu qeyd edən Məhəmməd Əbdülsalam təmsil etdiyi qurumun bu tədbirin, eləcə də Dünya Dini Liderlərinin III Sammitinin keçirilməsində yaxından iştirak edəcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxunub : 6117