Şeyxülislam həzrətlərindən Azərbaycan Prezidentinə Müstəqillik Günü ilə bağlı bayram təbriki

27.05.2024
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
 
Möhtərəm cənab Prezident!
          Zati-alilərinizi 28 May - Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə ali fəaliyyətinizə Uca Allahdan uğurlar diləyirəm.
         Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biri XX əsrin əvvəllərində istiqlaliyyətini elan etməsi olmuşdur.  Böyük tarixi hadisə - 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilk salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir.
         Möhtərəm cənab Prezident! Siz - dünya şöhrətli müzəffər siyasi liderimiz Azərbaycan xalqının tarixi dəyərlərinə münasibətdə önəmli addım — 28 Mayın Müstəqillik Günü kimi qeyd olunması ilə bağlı imzaladığınız tarixi əhəmiyyətli Qanun ilə bu günün xalqımız üçün dərin əhəmiyyətini və əsl dəyərini müəyyən etmiş oldunuz. Zati-alilərinizin Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətləri sırasında xalqımıza Müstəqillik bayramının sevincini Vətən müharibəsindəki Zəfərin qüruru ilə daha möhtəşəm yaşatma qüdrətiniz xüsusi yer tutur. Zati-alilərinizin müdrik dövlətçilik təfəkkürü ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suveren hüququnu tam təsbit etmiş xalqımız bu bayramın sevinc və şərəfini haqq edir. Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda, Şuşada, Xankəndidə dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalmaqdadır.
         Möhtərəm cənab Prezident! Bayram fürsətindən istifadə edərək, Zati-alilərinizin ali təşəbbüs və himayəsi ilə keçirilən VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı və Şuşa Görüşləri imkanına, Forumda iştirak edən dini liderlərlə səmimi görüşlərinizə görə Cənabınıza dərin təşəkkür və minnətdarlığımı bildirməkdən şərəf duyuram. Azərbaycanın dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzi və dinlərarası əməkdaşlıq məkanı kimi qəbul olunması, heç şübhəsiz ki, Zati-alilərinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir. Forum iştirakçısı olan din xadimləri ilə Şuşada, Füzulidə, Ağdamda, Xocalıda, Xankəndidə olarkən, azad Qarabağın qısa müddət ərzində bərpasına şahidlik edərkən, nəfis şəkildə bərpa olunan dini abidələri ziyarət zamanı fəxarət doğuran unudulmaz anlar yaşadıq. Xüsusən, bu yaxınlarda açılışını etdiyiniz, Qarabağ müharibəsinin, Xocalı soyqırımının ağrı-acısına, anaların fəryadına şahidlik etmiş, Vətən şəhidlərini son mənzilə yola salmış, erməni işğalı dövründə təhqirlərə məruz qalmış nisgilli Ağdam məscidini ziyarət etmək haqqın, ədalətin təntənəsi, mənəvi dirçəliş rəmzi olaraq bizi xüsusilə təsirləndirdi. Ağdam məscidində din xadimləri ilə birgə ibadət zamanı Allah Evlərinə yeni həyat verən Zati-alilərinizə, dəyərli ailənizə və Azərbaycan xalqına Uca Yaradandan xeyir-dualar dilədik.
Möhtərəm cənab Prezident! Forumun açılış mərasimində dərin məzmunlu çıxışınızda ifadə etdiyiniz müdrik fikir və tövsiyələr gələcək fəaliyyətlərimiz üçün uğurlu yol xəritəsidir. Fəxarət doğuran haldır ki, Bakı ilə yanaşı Mədəniyyət paytaxtımız Şuşanın adı dinlərarası əməkdaşlıq müstəvisi kimi şərəfləndi. İştirakçılar arzularını ifadə etdilər ki, dünya dini liderlərinin Şuşa görüşləri dinlərarası əməkdaşlıq platforması olaraq davam etsin və Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa dini liderlərin ənənəvi görüş məkanına çevrilsin. Dini liderlərin Şuşada qəbul etdiyi Bəyannamə beynəlxalq müstəvidə qarşılıqlı etimad və anlaşma mühitinin möhkəmlənməsi işinə Azərbaycan adına daha bir sanballı töhfə və Sizin himayəniz ilə baş tutan beynəlxalq Forumun dəyərli yekun sənədi oldu.
          Möhtərəm cənab Prezident! Ölkə dindarları adından Sizi Müstəqillik Günü münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə və dəyərli ailənizə can sağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar diləyirik! Bu şanlı bayram dövlətimizin, xalqımızın regionda və dünyada yeni nailiyyət və uğurlarına vəsilə olsun! Uca Allah hər zaman yardımçınız olsun, öz Lütf və Mərhəmətini daima Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin! Amin!
 
        Dərin hörmət və ehtiramla,
 
Şeyxülislam Allahşükür PAŞAZADƏ
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 5471