10 NOYABR 2024
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ramazan ayı ilə əlaqədar birlikdə dua ediblər
Aprelin 4-də Azərbaycandakı dini konfessiyaların rəhbərləri müqəddəs Ramazan ayı ilə əlaqədar birlikdə dua ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, ölkəmizdəki dini konfessiyaların rəhbərləri hər dəfə həmrəylik nümayiş etdirirlər və bu gün birlikdə iftar açırlar.
Şeyxülislam qeyd edib ki, Azərbaycandakı tolerantlıq modeli bütün dünyaya nümunədir və belə xoş, mehriban mühit demək olar ki, heç bir yerdə yoxdur. Dua edib ki, Allah-taala bu birliyimizi əlimizdən almasın. Vurğulayıb ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu, bizim həyat tərzimizdir, təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət başçımız İlham Əliyevin uğurla davam etdirdiyi müdrik dövlətçilik siyasətinin, din-dövlət münasibətlərinin bəhrəsidir.
“Mehribanlığımıza, həmrəyliyimizə izn verən Allah-taala, şərait yaradan isə müdrik rəhbərimiz Prezident İlham Əliyevdir. Ruzi-bərəkət, sağlamlıq, firavanlıq da mehribançılıq olan yerdədir. Həmrəylik göstərməklə biz, həm də dövlətimizi dəstəkləməli oluruq. Bizi istəməyən qüvvələr çoxdur. Bir olmalıyıq ki, şər qüvvələrlə mübarizə apara bilək”, - deyə şeyxülislam Allahşükür Paşazadə vurğulayıb.
Şeyxülislam bildirib ki, cari ilin may ayında Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu mötəbər tədbirdə yüksək səviyyəli rəsmilər, beynəlxalq nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlərlə bərabər, dünyanın 38 dövlətindən din xadimləri də iştirak edəcək. Onun sözlərinə görə, din xadimləri bir araya gələrək panel iclaslar vasitəsilə İslam dini ilə əlaqədar qlobal məsələləri müzakirə edəcəklər.
Çıxışının sonunda şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın timsalında xalqımızın salamatlığı, əmin-amanlığı üçün dualar edib.
Sonda iftar süfrəsi verilib.
Oxunub : 7641