15 DEKABR 2024
Şeyxülislam Allahşükür Paşazadə həzrətləri ABŞ-ın Stirlinq Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
22.02.2024
Fevralın 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-ın Stirlinq Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları səmimi salamlayan Şeyxülislam A.Paşazadə Stirlinq Fondunun həmtəşkilatçılığı ilə Bakıda Tolerantlıq günü ilə bağlı keçən beynəlxalq konfransı xatırlayıb, Azərbaycandakı dini konfessiya rəhbərlərinin ABŞ-ın Yuta ştatına səfərini yada salıb. Bildirib ki, ölkəmizin multikultural dəyərlərinin təşviqi baxımından həyata keçirilən səfər zamanı nümayəndə heyətimiz Yutanın ən böyük sərvətinin məhz onun qonaqpərvər, insanpərvər, mənəvi baxımdan zəngin insanlarının olduğunu məmnunluqla müşahidə ediblər.
Stirlinq Fondunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları həyata keçirilməsində yaxından iştirak etməsini yüksək dəyərləndirən QMİ sədri A.Paşazadə Uca Yaradana xoş gedən bu fəaliyyəti – müqəddəs dəyər olan insan həyatının qorunması yönündə səyləri yüksək dəyərləndirdiyini diqqətə çatdırıb, bununla bağlı qonaqlara təşəkkürlərini bildirib.
Şeyxülislam A. Paşazadə vurğulayıb ki, dövlətimiz azad olunmuş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri həyata keçirir, işğal dövründə dağıdılmış, vandalizmə məruz qalmış dini-mənəvi abidələrimizi, məscidlərlə yanaşı kilsələri və digər məbədləri bərpa edir. Görüşdə iştirak edən Yuta Mormon kilsəsinin din xadimi Şeyxülislam A. Paşazadəyə kilsələrinin Azərbaycanda qeydiyyatdan keçirilmə prosesi barədə məlumat verib.
Stirlinq Fondunun prezidenti cənab Edvard Rou səmimi qəbula görə Şeyxülislam A. Paşazadəyə minnətdarlığını ifadə edib, Azərbaycana hər bir səfərdən mənəvi zövq aldığını diqqətə çatdıran amerikalı qonaq ölkəmizin multikultural həyat tərzinin olduqca böyük əhəmiyyət kəsb etdiyini, Yuta ştatının dini icmasının Azərbaycanla mənəvi əlaqələrin dərinləşməsində maraqlı olduğunu vurğulayıb.
Şeyxülislam A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlığı ilə keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun bu ilin mayında keçiriləcək növbəti zirvəsində dünyanın tanınmış din xadimlərinin iştirakı barədə qonaqları məlumatlandırdı və bildirdi ki, Mormon Kilsəsinin nümayəndələri də bu nüfuzlu tədbirə dəvət ediləcəklər. QMİ sədri A. Paşazadə, həmçinin, Azərbaycanda bu ilin noyabrında evsahibliyi edəcəyi COP 29 tədbiri çərçivəsində dünyanın dini liderlərinin iqlim dəyişikliyi probleminin mənəvi dəyərləndirilməsi məramı ilə Bakıda toplaşacaqlarını amerikalı qonaqların diqqətinə çatdırdı.
Şeyxülislam A.Paşazadəni Yuta ştatına bir daha səfər etməyə dəvət edən E.Rou QMİ sədrini bölgədə, postsovet məkanında, ümumən dünyada tanınan müdrik dini lider kimi səciyyələndirdi. Bildirdi ki, QMİ sədrinin dünyada sülh, əmin-amanlıq, dini tolerantlıq ideyalarının təbliği və təşviqi sahəsində böyük əməyi vardır və Mormon kilsəsi iştirak etdiyi bütün tədbirlərdə Şeyxülislam A. Paşazadənin rolu və nüfuzunu hər zaman vurğulayır. Öz növbələrində, Mormon kilsəsinin Mərkəzi Asiya müsəlmanları ilə əlaqələrinin qurulmasında mənəvi yardımına görə Şeyxülislam A. Paşazadəyə öz təşəkkürlərini ifadə etdilər.
Görüşün sonunda xatirə fotosu çəkilib.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 4583