Şeyxülislam Allahşükür Paşazadə həzrətləri KAICIID-in Səudiyyə Ərəbistandakı tədbirində iştirak etdi

Səudiyyə Ərəbistanı Krallığının İnformasiya Nazirliyi və Beynəlxalq Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) tərəfindən təşkil olunan tədbir 20 fevral tarixində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilmişdir. Qafqaz Müsəlmanları İdarəsinin sədri və KAICIID Direktorlar Şurasının üzvü Şeyxülislam A. Paşazadə həzrətləri media, siyasətçilər və dini liderlər arasında sülh quruculuğunun və media məkanında müxtəlifliyin təşviqində birgə səylərin əhəmiyyəti mövzusuna həsr olunmuş yüksək səviyyəli panel müzakirəsində əsas məruzəçi qismində iştirak etmişdir.
Tədbir qlobal sülh və müxtəliflik ideyalarının davamlı olaraq sınaqdan keçirildiyi bir dövrdə media və strateji tərəfdaşlıq vasitəsilə sülh və müxtəliflik əlaqələrini gücləndirmək məqsədlərinə xidmət edir və gələcək dialoqlar üçün yeni imkanlar yaradır.
Panelin mövzusu “Sülh quruculuğu və mediada müxtəliflik üçün körpülər və strateji tərəfdaşlıqların qurulması” günümüzün reallığını əks etdirməkdədir. Medianın birləşmək və ya bölmək gücünə malik olduğu dünyada müxtəlifliyin və sülhün qurulmasının təşviq edilməsinə vurğu edilməkdədir. Səudiyyə Media Forumunun bir hissəsi olan tədbir ahəngli cəmiyyətin yetişdirilməsində media sənayesinin əsas rolunu vurğulamaq məqsədi daşıyır. Yüksək paneldə Şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə yanaşı Səudiyyə Ərəbistanı Ali Alimlər Şurasının üzvü Şeyx Saleh Bin Abdullah Bin Hümeyd, İraq(Babil) Xaldeylilərinin Patriarxı Patriarxı kardinal Lui Rafael Sako, Xristian-Müsəlman Dialoqu üzrə Livan Milli Komitəsinin baş katibi Məhəmməd Sammak və Misir Nümayəndələr Palatasının üzvü, media komitəsinin rəhbəri Xanım Hind Rəşad iştirak etmişlər.
Şeyxülislam Allahşükür Paşazadənin çıxışı zamanı səsləndirilən fikirlər, maraqla qarşılanmışdır. Çıxışda medianın ictimai rəyə danılmaz təsiri qeyd edilmiş, media mütəxəssislərinin üzərinə böyük məsuliyyət düşməsi diqqətə çatdırılmışdır. Sülh və müxtəliflik mühitini inkişaf etdirmək üçün bu potensialdan necə istifadə oluna biləcəyini araşdırmanın əhəmiyyəti vurğulanmışdır. Medianın maneə deyil, körpü rolunu oynaması, müxtəlif icmalar arasında anlaşma və tolerantlığı təşviq etmək imkanlarını müəyyən etməkdən ibarət olması qeyd edilmişdir. KAICIID tərəfindən mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək üçün beynəlxalq səylərin vacibliyi vurğulanmışdır. Hökumətlərarası beynəlxalq təşkilat kimi qurumun münaqişələrin qarşısının alınması və dialoq yolu ilə həlli missiyasının hazırki dönəmdə daha aktual olduğu nəzərə çatdırılmışdır.
Şeyxülislam Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanında keçirilən 3-cü Media Forumunda iştirakı qlobal sülh və müxtəlifliyə doğru davam edən səylər üçün əlamətdar məqam olması yüksək səviyyədə qeyd olunmuşdur.
 
QMİ MƏTBUAT XİDMƏTİ
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 

Oxunub : 4062