QMİ Sədri Müsəlman Ağsaqallar Şurasının iclasında iştirak edib

10.02.2024
 
Xəbər verildiyi kimi, 8-9 fevral 2024-cü il tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Müsəlman Ağsaqqalları Şurasının üzvü, Şeyxülislam Allahşükür Paşazadə Şuranın növbəti iclasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərinə səfər etmişdir. 
İclasın açılış sessiyasında gündəmə daxil edilmiş məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Əvvəlcə Müsəlman Ağsaqqalları Şurasının (MAŞ) Baş katibi M.Əbdüssəlam Şura üzvlərini və müsəlman dini və ictimai xadimlərdən ibarət qonaq heyətini salamlamış və gündəm maddələrini elan etmişdir. Daha sonra MAŞ sədri, İslam dünyasının görkəmli dini xadim və alim, Əl-Əzhər Əş-Şərifin Baş imamı, Şeyx Əhməd Ət-Tayyib tədbir iştirakçılarını Şuranın təsis olunmasının 10 illik yubileyi münasibətilə təbrik etmişdir. Vurğulamışdır ki, təsis olunduğu tarixdən bəri Müsəlman Ağsaqqallar Şurası İslam dünyasının və bütün bəşəriyyətin üzləşdiyi əsas problem və çağırışlar qarşısında fəal mövqe tutmuş, İslam birliyi, dinlərarası dialoq, insan qardaşlığı, eləcə də qlobal ətraf mühitin qorunması və digər aktual məsələlərdə mühüm rol oynamaqda davam etmişdir. Tədbir iştirakçıları ötən il Abu Dabi şəhərində keçirilən BMT iqlim dəyişikliyi 28-ci çərçivə konfransında (COP28) ilk dəfə təşkil olunmuş dinlərarası pavilyonunda BMT-nin müvafiq qərarı ilə əsas təşkilatçı qismində çıxış edən, eləcə də adı çəkilən konfrans çərçivəsində Vatikan ilə birgə dini liderlərin Sammitini keçirən MAŞ-nın uğurunu xüsusilə qeyd etmişlər. Bildirilmişdir ki, bu il Azərbaycanda keçiriləcək növbəti COP29 konfransında da BMT dinlərarası pavilyonun və dini liderlər sammitinin keçirilməsini Müsəlman Ağsaqqalları Şurasına həvalə edib. Bu məsələdə Şeyxülislam Allahşükür Paşazadəyə düşən mühüm rolu özəlliklə vurğulayan Şuranın sədri və baş katibi QMİ sədrindən məsələ ilə bağlı Azərbaycan Respublikasının rəhbərliyinə müraciət etməsini, baş katib Məhəmməd Əbdüssəlamın Azərbaycan rəsmilərilə görüşlər keçirmək üçün ölkəmizə səfərini təşkil etməklə bağlı xahiş etmişlər. Öz növbəsində Şeyxülislam Allahşükür Paşazadə sonuncu BMT iqlim dəyişikliyi konfransında Şuranın dəyərli təcrübə qazandığını, bu təcrübənin Bakıda keçiriləcək COP29 konfransına töhfə verəcəyinə ümid etdiyini, bunun üçün Azərbaycan dövlətinin müvafiq orqanları ilə görüşəcəyini bildirmişdir.
Bundan sonra Livan Milli Müsəlman-Xristian Dialoq Mərkəzinin baş katibi Dr. Səmmak söz alaraq qardaş Azərbaycanda son dövr ərzində mühüm hadisələrin baş verdiyini, o cümlədən, ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnən müharibədən dərhal sonra Qalib tərəf olduğu halda qarşı tərəfə sülh üçün əl uzatmasını, eləcə də növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsini qeyd edərək bununla əlaqədar Azərbaycan Respublikasının prezidentinə Şura adından məktubla müraciət edilməsini təklif etmişdir. Şura həmin təklifi yekdilliklə dəstəklədikdən sonra baş katib müvafiq məktubun hazırlanıb Azərbaycan prezidentinə ünvanlanacağını bildirmişdir. 
Müzakirə olunan vacib məsələlərdən biri də İslamdaxili məzhəblərarası dialoq olmuşdur. Şeyx Ət-Tayyibin başçılığı ilə MAŞ heyətinin İraqa səfər edərək Ən-Nəcəf Əş-Şərifdə Şiə lideri Ayətullah Əl-Üzmə Sistani ilə görüşəcəyi bildirilmişdir. MAŞ üzvlərindən tam dəstək alan bu təşəbbüslə bağlı fikir bildirən QMİ sədri bunun çoxməzhəbli Azərbaycan və ümumilikdə Qafqaz regionu üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir. 
İclasda Şeyxülislam Allahşükür Paşazadənin tövsiyəsi ilə Şuraya üzv seçilən Özbəkistan müsəlmanları idarəsinin sədri, müfti Nurəddin Xoliknazarov təqdim olunmuşdur. 
İclasın sonunda MAŞ sədri, Şeyx Əhməd Ət-Tayyib QMİ sədrinə Şuranın 10-illiyi münasibətilə xatirə medalı təqdim etmişdir.
Fevralın 9-da Müsəlman Ağsaqqalları Şurasının üzvləri Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgəyaşayış naziri cənab Nəhyan bin Mubarək Al Nəhyan tərəfindən qəbul olunmuşdur. Görüş iştirakçıları Cümə namazı qılındıqdan sonra nazir ilə QMİ sədri arasında ikitərəfli görüş olmuşdur. Görüş zamanı Şeyxülislam BƏƏ-li nazirə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri barədə məlumat vermiş və Azərbaycanın Ali rəhbərliyinin salam-dualarını çatdırmışdır. Nazir Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevə və bütün Azərbaycan xalqına öz təbriklərini və salam-dualarını ifadə etmişdir.
Həmin gün QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Vətənə qayıtmışdır.
 
 
 
 
 
 
 
 
 

Oxunub : 4906