17 FEVRAL 2025
Balakəndə Ulu Öndər Heydər Əliyev anıldı

Dekabrın 6-da Qafqaz Müsəlmanları İdarəsinin Balakən rayon qazılığının təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, yerli icra strukturlarının rəhbərləri, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, şəhid ailələri və din xadimləri iştirak edib.
Konfransın açılış mərasimində Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Qurani-Kərimdən ayələr oxunub. Konfrans iştirakçıları QMİ-nin təşkilatçılığı ilə hazırlanan “Ulu Öndər və milli-mənəvi dəyərlər” adlı qısametrajlı filmə tamaşa ediblər.
QMİ Qazılar Şurasının üzvü İbrahim İbrahimov Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin səmimi salamlarını, xeyir-dualarını tədbir iştirakçılarına çatdırıb. İ. İbrahimov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev xalqın sahib olduğu milli-mənəvi dəyərlərə, zəngin irsə daim diqqətlə yanaşıb, qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə möhkəm zəmin yaradıb. İ.İbrahimov qeyd edib ki, Azərbaycan XX əsrin sonunda ikinci dəfə öz müstəqilliyini elan etməklə təkcə dövləti anlamda deyil, həm də mənəvi sferada bir azadlıq əldə etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn, parçalanmış Azərbaycanı birləşdirmək missiyası kimi böyük işlərin məsuluyyətini üzərinə götürən Ulu Öndər Heydər Əliyev yaranan gərginliklərin, baş verən mürəkkəb və ziddiyyətli proseslərin fonunda xalqın dini-mənəvi dəyərlərinin yenidən bərpası istiqamətində böyük və çox önəmli işlər gördü. Bu mövqe, xalqımızın əsrlərlə formalaşdırdığı zəngin mədəni və dini-mənəvi irsdən bəhrələnməklə yanaşı, zamanın ruhu və tələbləri ilə səsləşən prinsipləri özündə əks etdirirdi.
Konfransda Balakən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Fariz Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev, şəhid atası Tahir Əlisoltanov və başqaları çıxış ediblər. Natiqlər çıxışlarında qeyd ediblər ki, milli-mənəvi dəyərlərin təbliğ olunması, milli ənənələrimizə qayıdış prosesi Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra yenidən vüsət aldı. Ulu Öndərin gərgin əməyi nəticəsində ölkədə sabitlik yarandı, quruculuq, inkişaf dövrü başladı. Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bu gün də ölkə Prezidenti müdrik dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Günü-gündən uğurla inkişaf etdirilən siyasi irs xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.
Tədbirin sonunda İbrahim İbrahimov konfransın təşkilində göstərdiyi köməkliyə görə Balakən Rayon İcra Hakimiyyəti başçısı İslam Rzayevə dindarlar adından təşəkkür edib.
Oxunub : 3710