19 MART 2025
Zaqatalada “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans

Dekabrın 06-da Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayonu üzrə qazılığının təşkilatçılığı ilə “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib. Zaqatala İslam Kollecində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, idarə və müəssisə müdirləri, Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala rayonu üzrə şöbənin əməkdaşları, ictimaiyyət nümayəndələri, Əliabad və Zaqatala islam kollecinin müəllimləri, ağsaqqallar və din xadimləri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Zaqatala şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə QMİ-nin təşkilatçılığı ilə hazırlanan “Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı qısametrajlı film nümayiş etdirilib.
Mərasimi giriş sözü ilə açan QMİ-nin qazısı Malik Bilalov Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin səmimi salamlarını, xeyir-dualarını tədbir iştirakçılarına çatdırıb. M. Bilalov bildirib ki, Ümummilli lider milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşırdı. M. Bilalov çıxışını Ulu Öndərin “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir” sözləri ilə tamamlayıb.
Konfransda çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov, YAP-ın rayon təşkilatının sədri Habil Qurbanov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbə müdiri İlqar Vəliyev, Zaqatala İslam Kollecinin direktoru Anar Qurbanov, Yuxarı Tala kənd məscidinin imamı Şakir Mehdiyev və digər natiqlər çıxış edərək Ulu Öndərin İslam dininə verdiyi önəmdən, bu sahədə görduyu işlərdən, hazırda Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, tanınmış siyasi lider prezident cənab İlham Əliyev tərəfindən İslam dininin dəyərlərinin qorunduğunu bildiriblər, din xadimlərinə göstərdiyi hörmət və qayğını tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
Tədbirin sonunda Malik Bilalov konfransın təşkilində göstərdiyi köməkliyə görə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəyə rayon dindarları adından minnətdarlığını bildirib.
Oxunub : 1949