Bibi Heybət ziyarətgahında “Ulu öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib

 

            Bibi Heybət ziyarətgah məscid kompleksində “Heydər Əliyev İli” çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin Səbail və Qaradağ rayonları üzrə qazılığının təşkilatçılığı ilə “Ulu öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
Konfaransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndərin və vətən uğrunda şəhid olmuş qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına Quran tilavət edilərək dualar oxunub. QMİ-nin təşkilatçılığı ilə hazırlanmış “Ulu öndər və milli-mənəvi dəyərlər” adlı film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Səbail və Qaradağ rayonları üzrə qazı Rahib Babayev Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi xadim kimi müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixindəki müstəsna xidmətlərini qeyd edib. Natiq çıxışı zamanı bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev müasir Azərbaycan dövlətçilik tarixinin baş memarıdır və onun xalqı qarşısındakı misilsiz xidmətləri gələcək nəsillər tərəfindən daim ehtiramla yad ediləcək, siyasi irsi hərtərəfli elmi araşdırmaların predmeti olacaqdır.
Ulu öndərin şəxsi həyatı və dövlət başçısı kimi fəaliyyəti zamanı milli-mənəvi dəyərlərə daim önəm verdiyini qeyd edən natiq, bildirib ki, görkəmli şəxsiyyət əksər çıxışlarında ulu babalarımızdan miras qalan bu üstün keyfiyyətləri yaşatmağın zəruriliyini tövsiyə etmişdir.
Qazı R.Babayev çıxışında Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə milli irsimizin qorunub saxlanılması, dini ibadət yerlərinə yeni həyat verilməsi istiqamətində yaratdığı şah əsərlərdən biri kimi Bibi-Heybət ziyarətgah məscid kompleksini nümunə göstərmişdir. Bildirmişdir ki, xalqın iradəsinə, milli-mənəvi dəyərlərinə əsaslanmayan komunizm ideologiyası hakimiyyətə gəldiyi gündən inanclı şəxslərlə yanaşı dini abidələr də repressiyaya məruz qoyulmuşdur. 1936-cı ildə Bibi-Heybət məscidi partladılaraq üzərindən yol çəkilməklə, “zəfər tağı” tikilməklə milli irsimizə mənəvi təcavüz edilmişdir. Natiq daha sonra  demişdir ki, Respublikamıza qonaq gələn əcnəbilərin heyranlıqla izlədikləri bu tarixi abidə Ulu öndər Heydər Əliyevin xalqımıza, onun tarixinə bəxş etdiyi nadir sənət əsərlərindən biridir.
Ulu öndər Əziz İslam peyğəmbərinin mübarək nəslinin nümayəndəsi olan Hökümə xanımın torpaqla örtülmüş məzarının aşkara çıxarılmasının və üzərində möhtəşəm abidənin inşasının həm əsas təşəbbüskarı, həm də səbəbkarı olduğunu deyən Rahib Babayev bildirib ki, Ulu öndər bu müqəddəs işi respublikamızın siyasi və iqtisadi baxımdan ən çətin günlərində, yəni 1997-1999-cu illərdə həyata keçirib. O bildirib ki, həyatını və  fəaliyyətini xalqına həsr etmiş Ulu öndər Bibi Heybət ziyarətgah məscid kompleksində hər gün ehtiramla anılır, ruhuna dualar oxunur.
Rahib Babayev çıxışı zamanı belə demişdir: “Bibi Heybət ziyarətgah məscid kompleksinin fəaliyyəti bu gün də müdrik siyasi xadim Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatələnib. Ulu öndərin milli-mənəvi irsin qorunması siyasətinin davamı kimi aparılan yenidənqurma işlərində Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti vardır. “Heydər Əliyev” Fondunun prezidenti kimi Mehriban xanım Əliyeva Azərbaycanın bütün güşələrində, o cümlədən Bibi Heybət ziyarətgahında böyük abadlıq və quruculuq işlərinə imza atmışdır.”
   Konfransda çıxış edən QMİ sədrinin müavini Fuad Nurullayev tədbir iştirakçılarına QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin salamlarını çatdırıb. Sədr müavini çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, möhkəm iradəsi nəticəsində Ümummilli Lider Heydər Əliyevin arzularının reallığa çevrildiyini deyib. O bildirib ki, bu gün erməni işğalından azad edilən ərazilərimizdə məscidlərdən azan səslərinin ucalmasının, dağıdılan dini abidələrin, ziyarətgahların bərpasının, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsinin təməl prinsiplərinin müəlliflik hüququ müdrik ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevə məxsusdur. Natiq çıxışında daha sonra vurğuladı ki, Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, müdrik dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası sürətlə inkişaf etməkdə, xalqımız firavan gələcəyə doğru inamla addımlamaqdadır.
 DQİDK-nin Bakı şöbəsinin müdiri Anar Kazımov, YAP-ın Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Səbail RİH-nin məsul işçisi Qabil Vahidov, şəhid anası Mehriban Qurbanova, Qarabağ müharibəsi əlilləri, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri veteran, polkovnik-leytenant Bəhram Ağakişiyev, qazı Nahid Salayev və digərləri çıxışlarında Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin hüquqi əsaslarla tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmlənməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində bu gün də sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini bildiriblər. Bütün bu addımların strateji düşüncə və böyük uzaqgörənliklə atıldığını qeyd ediblər.  
 
 
 

Oxunub : 1025