Bərdədə “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans

 
 
Qafqaz Müsəlmanları İdarəsinin Bərdə bölgə qazılığının təşkilatçılığı ilə “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib.
Dekabrın 4-də Bərdə şəhər Bələdiyyəsinin konfrans zalında təşkil edilən tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri, ağsaqqallar və din xadimləri iştirak ediblər.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. QMİ-nin təşkilatçılığı ilə hazırlanan “Ulu Öndər və milli-mənəvi dəyərlər” adlı film nümayiş etdirilib.
Mərasimi giriş sözü ilə açan QMİ-nin bölgə qazısı Ramazan Hüseynov, Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə dinimizə, milli-mənəvi dəyərlərmizə xüsusi diqqət yetirdiyini, daim qayğı ilə yanaşdığını qeyd edib. Dahi şəxsiyyətin müdrik siyasəti nəticəsində milli birliyə əsaslanan ideoloji sistem formalaşdığını bildirib. Natiq çıxışında bildirib ki, bu ideoloji sistemin əsas sütünlarından birini də milli-mənəvi dəyərlər təşkil edir.  Məhz xalqın böyük oğlu Heydər Əliyevin hakimiyyətə gəlişindən dərhal sonra respublikada dini abidələrin tikintisi, yenidən bərpası işinin təməlinin qoyulduğunu xüsusi vurğulayıb. Ulu öndərin şəxsən təməlini qoyduğu belə abidələrdən birinin də Bibi Heybət ziyarətgah məscid kompleksi olduğunu misal çəkib.
R.Hüseynov milli-mənəvi dəyərlərə dövlət səviyyəsində himayənin və inkişafın Ümummilli lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, müdrik dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib. Mənəvi dəyərlərin dövlət səviyyəsində himayənin davamı olaraq cənab prezidentin diqqət və qayğısı ilə 1322-ci ildə Əhməd bin Əyyub əl Hafiz tərəfindən inşa edilmiş, xalq arasında “Nüşabə qalası” və ya “Allah, Allah” türbəsi kimi tanınan Bərdənin tarixi simvolu sayılan türbədə 2018-ci ildə əsaslı təmir-bərpa işləri aparılıb və xalqın istifadəsinə verilmişdir.
Ümummilli lider Heydər Əliyev irsinin həm davam, həmdə inkişaf etdirilməsi nəticəsində işğal altında olan torpaqlarımızın azad edildiyini, hazırda həmin ərazilərdəki məscidlərdən azan səsinin eşidildiyini, xalqın milli ləyaqət hissinin özünə qaytarıldığını deyən natiq, bu şanlı qələbənin əldə olunmasına görə qalib Ali Baş Komandan cənab İlham Əliyevə və şanlı Azərbaycan Ordusuna sonsuz minnətdarlığını bildirmişdir.
Konfransda çıxış edən Bərdə Rayon İH-in məsul işçisi Samir Səfərov, DQİDK-nın bölgə üzrə əməkdaşı Məhəmməd Rəşidov, rayon Ağsaqqallar Şurasının sədr müavini Rzaqulu Şərifov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri birliyinin Bərdə şöbəsinin sədri Ehtibarə Hüseynova və Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev çıxış edərək Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafından, dinimizə, milli-mənəvi dəyərlərmizə göstərdiyi qayğısından danışıblar. Müdrik dövlət başçısı cənab İlham Əliyevin Ulu Öndərin dini sahədəki siyasətini uğurla davam etdirməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığı diqqətə çatdırılıb.
Tədbirin sonunda Ramazan Hüseynov konfransın təşkilində göstərdiyi köməkliyə görə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə dindarlar adından minnətdarlığını bildirib.

Oxunub : 725