Şeyxülislam həzrətləri Qahirə Forumunda

19.10.2023
2023-cü ilin 18 oktyabr tarixində Misir Ərəb Respublikasında işgüzar səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya Fətva Evləri Qurumları Baş katibliyinin MƏR Prezidenti Zati-aliləri Əbdülfəttah Əl-Sisinin himayəsi altında keçirilən “Fətva və üçüncü minilliyin çağırışları” mövzusunda Konfransında iştirak etmişdir. Tədbirdə Misirin Baş müftisi Şövqi Əllam, Vəqflər naziri Məhəmməd Muxtar Cuma, Əl-Əzhər Şeyxinin müavini və xüsusi nümayəndəsi Məhəmməd Əl-Duveyni, Livanın müfisi Əbdüllətif Dəryan, Birləşmiş Ərəb Əmirlikləri Fətva evinin Baş katibi Ömər Əl-Darai, Əlcəzairin Dini işlər və vəqflər naziri Yusif Bilməhdi, Fələstin Prezidentinin dini işlər üzrə müşaviri – qazilqüzat Mahmud Əl-Həbbaş, Qazaxıstan Müsəlmanları ruhani idarəsinin sədri - müfti Nauruzbay Taqanulı, Özbəkistan müsəlmanları idarəsinin sədri - müfti Nuriddin Xoliknazarov, 50-ə yaxın ölkənin dövlət, din və ictimaiyyət xadimləri, MƏR-dəki müsəlman ölkələrinin səfirləri işirak etdilər.
 
BMT Sivilizasiyalar Alyansının Xüsusi nümayəndəsi Miqel Moratinosun və Avropa İttifaqının İslamofobiyaya qarşı mübarizə üzrə koodinatoru x-m Məryun Ləlisin video-müraciətləri dinlənildi.
Misirin Baş müftisi Şövqi Əllam, Dünya Fətva Evləri Qurumları Baş katibliyinin bu Konfransında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin təşkilatın ali fərqlənmə  – “İmam Qarafi” mükafatına layiq görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bu ümumən sayca Dünya Fətva Evləri Qurumları Baş katibliyinin 3-cü belə təqdimatıdır.
Öz çıxışında Şeyxülislam A.Paşazadə Azərbaycan xalqının və Dövlət Başçısı Zati-aliləri İlham Əliyevin salamlarını toplantı iştirakçılarına yetirərərək bu mükafata görə öz təşəkkürlərini ifadə etdi. O həmçin Fələstin ilə İsrail arasında yaranmış qarşıdurmada minlərlə dinc müllki əhalinin qətlə yetirilməsi ilə əlaqədar dərin narahatlıq ifadə edərək, silahların tezliklə susdurulmasına və münaqişənin Beynəlxalq hüquq və BMT qətnamələri çərçivəsində həllinə çağırdı.
QMİ sədri Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra işğaldan azad edilmiş bölgələrimizdə aparılan bərpa və yenidənqurma işləri barədə tədbir iştirakçılarına məlumat verdi. O, işğaldan azad olunmuş ərazilərimizdə minalardan təmizləmə işlərinin hələ də davam etdirildiyini, mənsubiyyətindən asılı olmayaraq dağıdılmış və vandalizmə məruz qalmış məscid və digər məbədlərin bərpa olunduğunu və yenilərinin inşa edildiyini bildirdi.
Birləşmiş Ərəb Əmirlikləri Fətva evinin Baş katibi Ömər Əl-Darai, öz çıxışında Şeyxülislamı bu mükafat münasibətilə təbrik edərək, ona BƏƏ Fətva Şurası sədri və Abu-Dabi Sülh fondunun prezidenti Şeyx Abdallah bin Beyyahın şəxsi salamlarını çatdırdı və onun cari ilin noyabrında Abu-Dabidə keçiriləcək sülh fondunun 10-cu yubiley tədbirlərində iştirak edəcəyinə ümidvar olduğunu bildirdi.
Eyni tarixdə Şeyxülislam A.Paşazadənin konfrans çərçivəsində MƏR Vəqflər naziri Məhəmməd Muxtar Cuma və Əlcəzairin Dini işlər və vəqflər naziri Yusif Bilməhdi ilə söhbəti baş tutmuşdur. Əlcəzairli nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərini yüksək qiymətləndirərək  bunu tarixi hadisə və ikitərəfli əlaqələrin inkişafında müstəsna əhəmiyyət kəsb edən amil olduğunu vurğulamışdır. M.M Cuma, Azərbaycanın öz suverenliyini tam bərpa etməsi münasibətilə səmimi təbriklərinin Azərbaycanın Dövlət Başçısına çatdırılmasını rica etmişdir.
Tədbir çərçivəsində MƏR Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şeyx Əli Cuma ilə görüş keçirildi. Misir Parlamentinin nümayəndəsi bu yaxınlarda Azərbaycanın Milli Məclisinin sədri x-m Sahibə Qafarovanın MƏR-ə səfərinin nəticələrini məmnunluqla qeyd edərək yaxın zamanda Azərbaycanı ziyarət edəcəyini bildirdi. O, ölkəsinin daim Azərbaycanı dəstəklədiyini ifadə etdi və hazırda birgə layihələrin həyata keçirilməsi ilə məşğul olduqları barədə məlumat verdi. Cənab Ə. Cuma onun salamlarının və ölkəmizin suverenliyinin tam bərpası münasibətilə təbriklərinin Azərbaycanın Dövlət Başçısına çatdırılmasını xahiş etdi. Öz növbəsində Şeyxülislam erməni təbliğatının, xüsusilə də erməni kilsəsinin anti-Azərbaycan kampaniyaları apardığı barədə həmsöhbətinə məlumat verdi. Cənab Ə. Cuma bununla əlaqədar qeyd etdi ki, bu kimi təxribatçı fəaliyyətlər bizim dost münasibətlərimizə xələl gətirə bilməz.
Həmin gün QMİ sədrinin Misirin Baş müftisi Şövqi Əllam ilə görüşü baş tutdu. Ş. Əllam bir daha Şeyxülislamı ali mükafatın təqdim olunması münasibətilə təbrik etdi. Şeyxülislam bu mükafatın Azərbaycan dövlətinə və xalqına olan dost münasibətin təzahürü kimi dəyərləndirdiyini qeyd etdi.
Daha sonra Şeyxülislamın Misir Qipti kilsəsi rəhbərinin müavini yepiskop İrmia ilə görüşü baş tutdu. QMİ sədri 44 günlük Vətən müharibəsindən və son antiterror əməliyyatından sonra erməni diasporasının və erməni kilsəsi tərəfindən anti-Azərbaycan təbliğatının artdığının müşahidə olunduğunu və erməni katolikosu II Qareginin Dünya kilsələr şurasına və ümumən xristian dini liderlərinə yalan və böhtan xarakterli məlumatlar göndərdiyindən xəbərdar olduğunu həmsöhbətinin diqqətinə çatdırdı. O, erməni təcavüzünün ağır nəticələri, işğal olunmuş ərazilərimizdə törədilmiş vandalizm aktları, məscidlərimizin tam əksəriyyətinin dağıdılması, onların həqarətə məruz qalması və orada İslamda haram sayılan heyvanların saxladıldığını, eyni zamanda xristian məbədlərinin də dağıdılması və mənsubiyyətinin dəyişdirilməsi faktları, habelə bölgəmizdə hazırda cərəyan edən proseslər barədə yepiskop İrmiaya məlumat verdi. Şeyxülislam xüsusi olaraq qeyd etdi ki, beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi, Qarabağ bölgəsində mülki əhaliyə qarşı heç-bir təzyiq göstərilməmişdir və onlar bu ərazini könüllü olaraq tərk etmişlər.
18 oktyabr tarixində Şeyxülislam A.Paşazadənin Misir Parlamenti Spikerinin sabiq I müavini, hazırda “Nəqibul Əşraf” - Şəriflər cəmiyyətinin rəhbəri Seyyid Mahmud Əl-Şərif ilə görüşü keçirilmişdir. Cənab Şərif Şeyxülislama təqdim olunan mükafatın “hamımıza” verilən dəyər kimi qiymətləndirmişdir. O, öz çıxışlarında həmişə Azərbaycanı dəstəklədiyini bildirərək, onun salamlarının və qələbə münasibətilə təbriklərinin Prezident cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya çatdırılmasını xahiş etmişdir. Əl-Şərif Azərbaycana səfəri zamanı Dövlət Başçımız tərəfindən qəbul edildiyini və təltif olunduğunu xüsusi  minnətdarlıqla qeyd etmişdir.
 
Fətva Evləri Qurumları Baş katibliyinin “Fətva və üçüncü minilliyin çaırışları”  Konfransında və ikitərəfli görüşlərdə Azərbaycanın Misirdəki səfiri c-b E. Poluxov iştirak etmişdir.
 

Oxunub : 4525