15 OKTYABR 2024
QMİ sədri: Misirlə Azərbaycan arasında siyasi, iqtisadi müstəvidə münasibətlər hər zaman inkişafdadır
01.08.2023
Avqustun 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmidi ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə şeyxülislam A.Paşazadə Azərbaycanla Misir arasında tarixən mövcud olmuş əlaqələrin əhəmiyyətindən, Misirin İslam dünyasında önəmli yerindən, habelə misirli alim və üləmaların dəyərli irsindən ətraflı danışıb. Misirlə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni-mənəvi müstəvidə münasibətlərin hər zaman inkişafda olduğundan məmnunluğunu ifadə edən QMİ sədri 40 ildən artıq şeyxülislamlığı dövründə dəfələrlə Misirə səfər etməsini, müxtəlif mötəbər elmi-dini forumlarda iştirakını səmimiyyətlə xatırladıb. Qeyd edilib ki, bu günədək aldığı dövlət mükafatları sırasında Misirin “Əl elm və əməl” ordeni xüsusi önəm kəsb edir. Misirin Azərbaycanın haqlı mübarizəsində haqqın yanında durmasını - Azərbaycanı müdafiə etməsini qədirbilən xalqımız, müsəlmanlarımız xüsusi dəyərləndirirlər.
Misirin nüfuzlu Əl-Əzhar Universitetinin bütün müsəlmanlar üçün dəyərli tədris, elm, ürfan mərkəzi olması fəxarət doğurur. İslam dünyasının ən nüfuzlu dini liderlərindən biri - Əl-Əzhərin Baş İmamı, Şeyx Əhməd Ət-Tayyibin sədrlik etdiyi Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının üzvü olması ilə qürur duyduğunu deyən şeyxülislam A.Paşazadə bunun ölkələrimiz və xalqlarımızın ümumi mənafeyinə xidmət etdiyini, İslam ümməti olaraq mənəvi əlaqələrimizin, islami həmrəyliyimizin dərinləşməsinə töhfə verdiyini vurğulayıb. O, həmçinin Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və Qafqaz Müsəlmanları İdarəsinin müştərək əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, birgə təşkilatçılıqda beynəlxalq tədbir təşkil etmək niyyətləri barədə danışıb.
Misir səfiri Hişam Mohamed Nağı Abdel Həmidi Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasında təkcə siyasi deyil, elmi, dini, ictimai sahələr üzrə də əlaqələrin yüksələn xətt üzrə irəliləməsindən şad olduğunu deyib. Şeyxülislam A.Paşazadəni Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasına üzv olması münasibətilə təbrik edən səfir üzvlük barədə sənədin əslini QMİ sədrinə təqdim etməkdən şərəf duyduğunu bildirib.
Diplomat, eyni zamanda, Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin himayəsi altında bu ilin oktyabrında keçiriləcək Dünya Fətva Evləri təşkilatının iclasına dəvət məktubunu şeyxülislam A. Paşazadəyə təqdim edib. O, bu tədbir çərçivəsində QMİ sədrinin Əl-Qərafi mükafatı ilə təltif olunacağını vurğulayıb.
Oxunub : 8122