Qafqaz Müsəlmanları İdarəsində Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib

18.07.2023     
    Qafqaz Müsəlmanları İdarəsində iyulun 18-də Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib.
 Quran tilavəti ilə başlanan tədbiri açan Şeyxülislam A. Paşazadə Əhli-Beytə ehtiram nümunəsi olan bu ayın Vətən müharibəsi şəhidlərimizin anılması üçün müqəddəs məqam olduğunu qeyd edib, İmam Hüseyn şəhidlik məktəbinin yaşadığının göstəricisi olduğunu ifadə edib. Qarabağ Zəfərinin müəllifinin müzəffər Azərbaycan Prezidenti, onun müdrikliklə irəli apardığı Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu olduğunu vurğulayan Şeyxülislam A. Paşazadə Vətən müharibəsində qələbəmizin əsas qüvvətverici amillərinin dövlət-xalq birliyi, dövlət rəhbərinin ətrafında sıx birləşmək, cəmiyyətimiz daxilində milli və dini birlik olduğuna diqqəti çəkib. QMİ sədri bu dəyərlərin qorunmasının gələcək zəfərlərə doğru addımlamağımız üçün önəmli olduğunu bildirərək din xadimlərinin üzərinə düşən mənəvi vəzifələri xüsusi xatırladıb.
Dövlət-din münasibətlərinin yüksək səviyyəsinin təməlini qoyan, bu il anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz  Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə hər zaman diqqət və qayğı ilə yanaşdığını bildirən Şeyxülislam A. Paşazadə ümummilli liderin 1994-cü il 20 iyunda Aşura mərasimi zamanı Təzəpir məscidinə gələrək dindarlar qarşısında söylədiyi tarixi nitqində Azərbaycan müsəlmanları üçün İmam Hüseyn əleyhissəlamın kəsb etdiyi önəmi yüksək səviyyədə ifadə etdiyini xatırladıb. Şeyxülislam A. Paşazadə Ulu Öndər Heydər Əliyevin başlatdığı ali mənəviyyat yolunun bu gün Azərbaycan  Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam və inkişaf etməsini qürurla vurğulayıb. Tədbirdə Ulu Öndərin milli-mənəvi dəyərlərə ehtiramını əks etdirən film nümayiş etdirilib.
         Şeyxülislam A. Paşazadə qeyd edib ki, builki Həcc mövsümündə QMİ Azərbaycan hacıları adından müqəddəs torpaqlarda Ulu Öndərimiz və Vətən şəhidlərimiz üçün ehsanlar verilib, dualar oxunub.
         Toplantıda QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar Müraciəti oxunub və qəbul olunub. Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb. O cümlədən, münasib təziyədarlıq nümunələrindən biri kimi ənənəvi keçirilən qanvermə aksiyaları barədə məlumat verilib. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının üzvləri, səlahiyyətli nümayəndələri və imamlarına Məhərrəm ayı ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib.
İclasda təşkilati məsələlərə baxılıb. QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib, vəfat etməsi, səhhəti ilə əlaqədar və səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 3 nəfərin səlahiyyətli nümayəndə, 3 nəfərin isə qazı olaraq fəaliyyətinə xitam verilib. Qazılar Şurasına 7 nəfər yeni qazı və QMİ-nin 3 yeni səlahiyyətli nümayəndəsinin təyin olunması barədə məlumat verilib. Sədrə yeni müavin təyin olunub.
Daha sonra Şeyxülislam A. Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq və əməkdaşlıq müstəvisində xalqımız və dövlətimizin maraq və mənafelərinə xidmət etmək üçün həyata keçirdiyi görüş və tədbirlər barədə din xadimlərinə məlumat verib. Bildirib ki, dünyada ölkəmizə olan etimad və ehtiramın mənbəyi Azərbaycan dövlətçiliyinin uğur və qələbələridir. Şeyxülislam A. Paşazadə təmsil olunduğu bütün beynəlxalq xitabət kürsülərindən erməni kilsəsinin ölkəmizə qarşı apardığı dini müstəvidə qarayaxma kampaniyasını zərərsizləşdirmək yönündə aktiv fəaliyyəti barədə iclas iştirakçılarını məlumatlandırıb. Ümumdünya Kilsələr Şurasına yönəldilmiş irad məktubu din xadimlərinin diqqətinə çatdırılıb. Həmçinin, İsveçdə Quranın yandırılmasına etiraz olaraq QMİ-nin dini konfessiyalarla bərabər Bəyanatının mətni iştirakçılara paylanılıb.
İclasda iştirak edən Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək din xadimlərinə öz tövsiyələrini bildirib. Din xadimlərinin Vətən müharibəsi günlərində yüksək vətənpərvərlik nümunəsi göstərdiklərini xüsusi vurğulayan Komitə sədri Məhərrəmlik mərasimləri dövründə də  dinimizin dəyərlərinin insanlara çatdırılmasında din xadimlərinin üzərinə düşən məsuliyyəti xatırladaraq xurafat elementlərinin yer almaması üçün diqqətli olmağı tövsiyə edib. Komitə rəhbəri dini mərkəzin verdiyi qərar və dini hökmlərin təyinat üzrə çalışan din xadimləri üçün icbari xarakter daşıdığını və rəhbərlik etdiyi dövlət qurumunun buna riayət olunmasına nəzarət etdiyini diqqətə çatdırıb. Bildirib ki, QMİ Qazılar Şurasının müraciətində əksini tapan tövsiyələrə dəqiq əməl olunmalıdır. M. Qurbanlı imam təyinatları ilə bağlı məsələlərə dair nüanslar barədə din xadimlərini məlumatlandırıb. Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında bütün məsələlərdə əməkdaşlığın davam etməsi xüsusi vurğulanıb.
         Hicri təqvimi ilə yeni 1445-ci ilin təqviminin,  əvvəlki illərdə olduğu kimi, AMEA Şamaxı Astrofizika Rəsədxanasının məlumatları əsasında Azərbaycanın yerləşdiyi üfüq xəttinə uyğun olaraq elmi əsaslarla hazırlandığı bildirilib. Bu təqvim milli vəhdətimizə, vətəndaş həmrəyliyinə, məzhəblərarası birliyimizə xidmət edir.
         İslasda imamların sualları dinlənilib, din xadimlərini maraqlandıran məsələlərə QMİ sədri və Komitə sədri tərəfindən şərh verilib.
İclasda Vətən şəhidlərinin ruhlarına dualar oxunub, Allahdan rəhmət dilənib.
 
QMİ-nin Mətbuat Xidməti
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 4678