İsveçrənin “HD” ( Humanitar Dialoq) sülhməramlı təşkilatının nümayəndə heyəti Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb

12.05.2023
Qonaqları salamlayan Şeyxülislam həzrətləri əmin olduğunu bildirdi ki, Humanitar Dialoq missiyasının fəaliyyəti dünyada sülh, dövlətlər və xalqlar arasında yaxınlaşmaya vəsilə ola bilər. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi dönəmində missiyanın Azərbaycana təşrif gətirməsini yüksək dəyərləndirən Şeyxülislam həzrətləri Azərbaycandakı dini tolerantlıq əlaqələrinin möhkəmlənməsində dövlət rəhbərlərinin müstəsna xidmətlərini qeyd etdi, işğaldan azad olunmuş ərazilərdə dini abidələrin bərpasına Prezident İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqətin mahiyyətini vurğuladı. Azərbaycan və Ermənistan dini mərkəzləri arasında münasibətlərin dinamikasını təhlil edən Şeyxülislam həzrətləri bölgədə sülhün bərpası naminə yeni konstruktiv addımların atılacağına ümid etdiyini bildirdi.
Missiyanın üzvləri - Baş məsləhətçi, səfir Martin Sajdik ( Avstriya) və Avrasiya üzrə məsləhətçi Loran Vinatye (Fransa) HD-nin qlobal əhatə dairəsi, çoxistiqamətli vasitəçilik və geniş şəbəkələri sayəsində ənənəvi diplomatiyanın məhdudiyyətlərindən kənarda işləməyə və tərəfləri qarşılıqlı sülhə cəlb etmək imkanları barədə məlumat verdilər. Səfir Martin Sajdik qeyd etdi ki, həm beynəlxalq, həm də yerli səviyyəli müxtəlif qurumları, silahlı qrupları, müxalif partiyaları və icmaları bir araya gətirir, onları ortaq gələcək naminə vizyon qurmağa və davamlı sülh yaratmağa səy göstəririk. Missiya bir gün əvvəl Ermənistanda katolikos II Qareginlə görüşləri barədə məlumat verərək Azərbaycan və Ermənistan dini liderlərinin görüşünün mümkünlüyünü və qarşılıqlı münasibətlərin bərpası naminə birgə fəaliyyət göstərməyə hazır olduqlarını qeyd etdi.
Şeyxülislam həzrətləri qonaqlarının nəzərinə çatdırdı ki, uzun illər ərzində Ümümdünya Kilsələr Şurasının, Moskva və bütün Rusiya Patriarxiyasının, Gürcü Patriarxiyasının vasitəçiliyi ilə keçirilən çoxsaylı görüşlər nəticəsində münaqişənin xristian-müsəlman müharibəsi kimi dini aspektə keçməsinin qarşısı alınıb, dünya ictimaiyyətinə müharibənin həqiqi mahiyyəti, haqq işimiz barədə informasiya verilib. Hal-hazırda Eçmiədzinin ölkəmizin əzəli torpaqlarına qarşı ərazi iddialarından əl çəkməsi, revanşist müharibə şüarlarını dayandırması, beynəlxalq hüquq və mükəlləfiyyətlərə riayət etməsi təqdirində Katolikos II Qareginlə görüşləri davam etdirmək ümumi sülhə xidmət edə bilər. Qafqaz Müsəlmanları İdarəsi bəşəri sülhə vasitə olan proseslərdə iştiraka hər zaman hazırdır.
 Görüşün sonunda Şeyxülislam Allahşükür Paşazadə həzrətləri tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim edildi.
Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 
 
 

Oxunub : 7604