Şeyxülislam həzrətləri İslam Aləmi Liqasının baş katibi ilə görüşdü

22.03.2023
Martın 22-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri İslam Aləmi Liqasının (İAL) baş katibi Şeyx Məhəmməd Əbdülkərim əl-İsa ilə görüşmüşdür. 
İAL-ın Məkkədəki qərargahında səmimi şəraitdə keçən görüşün əvvəlində Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Şeyx Məhəmməd əl-İsaya Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və Azərbaycan xalqının salamlarını yetirmişdir. 
Şeyxülislam Allahşükür Paşazadə həzrətləri İslam Aləmi Liqasının dünyada həm dinlərarası, həm də islamdaxili müstəvilərdə tutduğu mühüm rolunu qeyd edib. Şəxsən Baş katibin fəaliyyəti yüksək qiymətləndirmişdir.  
İAL baş katibi əl-İsa Şeyxülislam həzrətlərini salamlayaraq, onun kimi islam aləminin ağsaqqallarından birini qəbul etməkdən şərəf duyduğunu bildirmişdir. 
Şeyxülislam həzrətlərinin dünyada İslamın gərçək üzünü göstərərək təbliğ etmək yolundakı səylərini yüksək qiymətləndirərək, hazırki dövrün ən görkəmli  ağsaqqallarından olduğunu vurğulamışdır.
İslam Aləmi Liqası bütün müsəlman məzhəblərini özündə birləşdirən dünya səviyyəli bir müsəlman təşkilatıdır. Bu baxımdan Şeyxülislam həzrətlərinin başçılıq etdiyi QMİ-nin və  İslam Aləmi Liqasının apardığı fəaliyyət eyni məqsədləri güdür. 
Allahşükür Paşazadə həzrətləri Müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə otuz il işğal altında qalan ərazilərimizin 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun gücü ilə Ermənistan işğalına, Ermənistanın islamofob siyasətinə, xalqımızın maddi-mədəni irsinə, abidələrinə, dini məbədlərə qarşı vandalizminə son qoyulduğunu baş katibin nəzərinə çatdırmışdır. Qələbənin əldə edilməsindən sonra azad olunmuş ərazilərdə qarşımıza tükürpədici mənzərə çıxmışdır. Belə ki, 67 məsciddən 65-i dağıdılmış, oradan donuz tövləsi kimi istifadə edilərək dinimizə, bütün İslam aləminə həqarət olunduğunu qeyd etmişdir. 
Şeyxülislam həzrətləri Şeyx Məhəmməd Əbdülkərim əl-İsanı Azərbaycana dəvət edərək, Onun və təşkilatın Azərbaycanda böyük hörmət və rəğbətə malik olduğunu bildirmişdir.
İslam Aləmi Liqasının baş katibi Şeyxülislam həzrətlərindən Azərbaycan prezidenti İlham Əliyevə öz ehtiramını və səmimi salamlarını çatdırmasını xahiş etmişdir.
Görüşün sonunda tərəflər qarşıdan gələn müqəddəs Ramazan ayı münasibəti ilə bir birini təbrik etmişlər.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 

Oxunub : 7088