Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin Beynəlxalq Konfransda çıxışı

16.03.2023
Möhtərəm Konfrans iştirakçıları,
dəyərli qonaqlar!
 
      Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlətin Təhlili Mərkəzi və G 20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə baş tutan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda Beynəlxalq Konfransın iştirakçılarını İqamətgahımda salamlamaqdan böyük şərəf duyuram. Azərbaycan paytaxtında keçirilən bu mötəbər beynəlxalq tədbirin qonaqlarını səmimiyyətlə salamlayır, bütün xoş məramlarımızın həyata keçməsinə Uca Allahdan rəvac diləyirəm.
 
         İslamofobiya ilə Beynəlxalq Mübarizə gününə həsr olunmuş Bakı Konfransı ölkəmizin evsahibliyi etdiyi çoxsaylı qlobal əhəmiyyətli tədbirlər sırasında özəl yer tutur. Həqiqətən, dünyanın bu gün üzləşdiyi problem və böhranlardan bəşər ailəsinin çıxış yollarını müzakirə edib müdrik təşəbbüslərlə çıxış etmək, müasir dövrdə təhlükəsizlik və sabitliyə təhdidlərdən biri olan islamofobiyanın qarşısının alınması işinə öz töhfəmizi vermək olduqca vacib, Uca Yaradanımıza xoş gedən əməldir. Azərbaycanın belə nüfuzlu tədbirlərə ev sahibliyi etməsi dünyadakı problemlərin mənəvi cəhətdən dəyərləndirilməsi, onların həllinə yardımçı olmaq ənənəsinə sadiqliyimizin  təzahürüdür.  Hamınıza bu işdə uğurlar diləyirəm.
 
           Uca Yaradanımızın Lütfü olan müxtəlifliyimiz bizim daha yaxın olmağımıza, bir-birimizi daha yaxşı tanımağımıza xidmət edir və bəşər övladlarını birləşdirən, bir araya gətirən məqamlar bizi bir-birimizdən ayıran, fərqləndirən cəhətlərdən xeyli artıqdır və daha mühümdür. Azərbaycan xalqı və dövləti dünyaya bəşərin xilas modeli olaraq  multikulturalizm, etnik, dini tolerantlıq modelini təqdim edir, İslam həmrəyliyi ideyalarını  dünya miqyasında təşviq edir. Ölkəmizdə Uca Allahın buyurduqlarına uyğun yaşam tərzinin bu modelinin təməli ümummilli liderimiz Heydər Əliyevin müdrik zəkasının məhsulu olan Azərbaycançılıq məfkurəsi ilə qoyulmuşdur və bu gün Prezident İlham Əliyevin qlobal səyləri sayəsində inkişaf edir, dünyaya təqdim olunur.
 
 
            Bu əsnada, Azərbaycan Prezidentinə dərin təşəkkürlərimizi bildirmək, dindarların minnətdarlığını ifadə etməkdən məmnunam. Məhz dövlət rəhbərimizin ardıcıl siyasi iradəsi və təşəbbüskarlığı sayəsində Bakı istər mədəniyyətlərarası, istərsə də dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, Qlobal və Humanitar Forumların ardıcıl keçirildiyi ənənəvi məkana çevrilmişdir. Azərbaycan dövləti ölkələri, qitələri birləşdirən enerji layihələri ilə yanaşı, mənəvi layihələrini də dünyaya bəxş edir.
 
             Möhtərəm qonaqlar! Uca Rəbbin yaratdığı ən böyük dəyər insan həyatıdır və onun xilası ənənəvi dinlərin təlqin etdiyi humanist mənəvi dəyərlərə istinad və sağlam təfəkkürlü, bəşəri düşüncəli insanların səyləri sayəsində mümkündür. Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurlduğu kimi:
 
 
İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!”  (Ali İmran, 104).
 
               Mən ümidvaram ki, bu gün burada məhz belə bir cameə toplanmışdır. Dünyada insan həmrəyliyinə  xidmət edən bütün səy və əməllərə Uca Allahdan uğurlar diləyirəm.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 

Oxunub : 1721