2022-ci il Şeyxülislam üçün nə ilə yadda qaldı?

27.12.2022
 
 
27 Dekabr 2022 - 11:10
 
2022-ci il sona çatmaq üzrədir. Bitməkdə olan il cəmiyyət həyatının bütün sahələrində öz izini qoydu. Bu, həmçinin hər bir qurum üçün həm də bir hesabat ili sayılmalıdır.
Qafqaz Müsəlmanları İdarəsi və onun sədri, Şeyxülislam Allahşükür Paşazadə üçün də bu ili faydalı və səmərəli hesab etmək olar. QMİ sədrinin il ərzində sıx səfər qrafiki, görüşləri bunu deməyə əsas verir.
2022-ci il ilk günlərində –yanvarın 4-də Şeyxülislam Şamaxıda Pirsaat məscidini və Şəhidlər xiyabanını ziyarət edib.
Yanvarın 12-də isə Şeyxülislam ilin ilk xarici səfərinə yola düşüb.
Qafqaz Müsəlmanları İdarəsinin sədrinin rəhbərlik etdiyi, dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyəti Vatikana gedib. Roma Katolik Kilsəsinin başçısı Papa Fransiskin rəsmi dəvəti ilə həyata keçirilən səfər Vatikanla Azərbaycan arasında qarşılıqlı əlaqələrin genişlənməsində öz töhfələrini verib.
Yanvarın 13-də şeyxülislam Allahşükür Paşazadə ilə Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin təkbətək daha sonra Azərbaycanın dini konfessiya rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşü olub.
Səfər çərçivəsində Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycandakı dini icmaların təmsilçilərindən ibarət nümayəndə heyəti Romada Heydər Əliyev Fondunun iştirakı ilə bərpasına başlanılan Müqəddəs Komodilla katakombalarını ziyarət edib.
Daha sonra Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.
 
Yanvarın 18-də  Şeyxülislam və Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bəyanat yayıb. Din xadimləri 20 Yanvarı xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzi olduğunu vurğulayıblar.
Yanvarın 20-də Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər xiyabanına gedərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.
İlin əvvəli QMİ sədrinin diplomatlarla ardıcıl görüşləri ilə yadda qalıb.
Allahşükür Paşazadə fevralın 2-də Özbəkistanın Azərbaycandakı səfirini qəbul edib. Səfir Özbəkistan prezidentinin QMİ sədri ilə bağlı xüsusi qərarını açıqalyıb. Qərara əsasən Özbəkistanın dünya şöhrətli, 500 illik tarixə malik Mir-Ərəb mədrəsəsinin, Daşkənd İslam Universitetinin dünyada tanınan şöhrətli məzunu – Şeyxülislam Allahşükür Paşazadənin şərəfinə özbək torpağının tarixi məkanları – Daşkənd, Buxara, Səmərqənd və digər şəhərlərin dini-mənəvi məkanlarına ziyarətlərin təşkili «Allahşükür Paşazadənin izi ilə» devizi altında həyata keçirilib.
 
 
 
Fevralın 3-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Fransanın ERE TV media qurumunun jurnalistləri ilə görüş olub.
Görüşdə QMİ sədri fransalı jurnalistləri ölkəmizdə mövcud dinlər, konfessiyalararası, habelə məzhəblərarası münasibətlər barədə  ətraflı məlumatlandırıb.
Fevralın 7-də Şeyxülislam Allahşükür Paşazadə Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev ilə görüşüb. Qəbulda Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə fikir mübadiləsi aparılıb.
Fevralın 8-də Şeyxülislam Allahşükür Paşazadə Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni qəbul edib.
Görüşdə Azərbaycanla Pakistan arasında tarixi dostluq, qardaşlıq münasibətlərindən söhbət açılıb. Xüsusilə II Qarabağ müharibəsi dövründə Pakistanın mənəvi dəstək və yardımı Azərbaycan xalqının ədalətli mübarizəsinin qələbəsinə öz töhfəsi vurğulanıb.
Fevralın 10-da Şeyxülislam Allahşükür Paşazadə İraqın xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Al-Xeyrullahın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. A. Paşazadə qardaş xalqlarımız arasında mövcud tarixi əlaqələr əsasında inkişaf edən qarşılıqlı münasibətlərin yüksək səviyyədə olmasını rəğbətlə vurğulayıb.
Fevralın 15-də Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovla görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya arasında siyasi, iqtisadi, mədəni-humanitar münasibətlərlə yanaşı dini-mənəvi əlaqələrin də mövcud səviyyəsindən razılıq ifadə olunub. QMİ bildirib Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə baş tutan dini liderlərin dialoqları sayəsində zamanında Ermənistan-Azərbaycan münaqişəsinin dini qarşıdurma xarakteri almasının qarşısı alınıb.
Martın 17-də Şeyxülislam Allahşükür Paşazadə İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdül Salamla görüşüb.
Məhəmməd Əbdül Salam deyib ki, Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığın yeni aspektlərini müzakirə etmək niyyətindədir.
Martın 25-də Türkmənistanın yeni prezidenti QMİ sədrinə məktub göndərib. Prezident seçilməsinə görə  aldığı təbrikə görə təşəkkür edən S.Berdımuhammedov minnətdarlığını bildirib.
Martın 28-də Azərbaycandakı dini konfessiya rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
 
Aprelin 15-də İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderləri Şurasının ilk – təsis toplantısı keçirilib.
Tədbirdə ölkəmiz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. “Ermənistan işğal dövründə Azərbaycana qarşı təkcə etnik təmizləmə və soyqırım deyil, ölkəmizin türk-islam mədəni və mənəvi irsinə qarşı da təcavüz siyasəti yeridib”-deyə Şeyxülislam Allahşükür Paşazadə təsis konfransında çıxışı zamanı bildirib.
“İnşallah, sizlər Azərbaycanda səfərdə olarkən azad olunmuş ərazilərimizi birgə ziyarət edəcəyik”-deyən QMİ sədri bildirib ki, Şuşa şəhərinin 2023-cü il Türk Dünyası Mədəniyyət Paytaxtı elan edilməsi orada yerləşən türk-İslam mədəniyyətinə məxsus tarixi abidələrin dünyada tanıdılmasına öz töhfəsini verəcək.
 
Aprelin 15-də İstanbulda Ayasofya Fatih Mədrəsəsinin açılışı olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilən binanın açılış mərasimində İstanbulda səfərdə olan şeyxülislam Allahşükür Paşazadə iştirak edib.
Mayın 1-də Allahşükür Paşazadə Fransanın Strasburq şəhərinə səfərə gedib. QMİ sədri Avropa Şurasının mayın 2-də “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” mövzusunda keçirəcək beynəlxalq konfransda iştirak edib.
Konfransda Şeyxülislam geniş məruzə ilə çıxış edib, Azərbaycanda din və etiqad azadlıqlarının qorunması, multikultural, tolerant mühitdən bəhs edib.ğ
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri mayın 6-da Qazaxıstanın Türküstan şəhərində keçirilmiş “Türk xalqlarının İslam sivilizasiyasına töhfələri” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak edib. Konfransda məruzə ilə çıxış edən Allahşükür Paşazadə TDT müsəlman dini liderləri Şurasının İstanbulda təsis olunmasından sonra Azərbaycanda keçiriləcək növbəti toplantısının perspektivi müzakirə edib.
Fransada səfərdə olan Allahşükür Paşazadə mayın 2-də Strasburq şəhərində Avropa Şurasının sədr müavini Byorn Berq ilə görüşüb.
Berq QMİ sədrinin islam dünyasının yeganə təmsilçisi qismində Avropa Şurasının «Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq» mövzusunda keçirdiyi beynəlxalq konfransda iştirakını və fəaliyyətini yüksək qiymətləndirərək Qafqazda sülhün bərqərarı üçün dini liderlərlə görüşlərini dəyərləndirərək bunu dinlərarası dialoq işinə böyük töhfə kimi qeyd edib.
Şeyxülislam A. Paşazadə Avropa Şurasının növbəti konfransın Azərbaycanda keçirilməsini təklif edib. Avropa Şurasının rəsmisi cənab Byorn Berq bu təklifi müsbət qiymətləndirib.
Şeyxülislam mayın 7-də Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib və Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə 8-9 may tarixlərində paytaxt Əbu-Dabi şəhərində “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak və çıxış edib.
A.Paşazadə bəşəriyyətin kəskin ziddiyyətlər, narahat gündəm yaşadığı, dövlətlərin savaş ilə sarsıldığı, qaçqınlar ordusu ilə üzləşdiyi bir dönəmdə bütün müsəlmanların vəhdət və sülh uğrunda əlbir olmağa çağırıb.
Səfər müddətində BƏƏ rəhbərliyi və konfransın nüfuzlu iştirakçıları ilə görüşlər keçirilib. Şeyxülislam Allahşükür Paşazadə İƏT Baş katibi ilə görüşüb.
 
Şeyxülislam mayın 10-da Səudiyyə Ərəbistanına səfər edib. Səudiyyə Ərəbistanına səfər çərçivəsində şeyxülislam A. Paşazadə İslam Aləmi Liqasının – Rabitə təşkilatının mayın 11-də Krallığın paytaxtı Ər-Riyadda “Dinlərin davamçılarının ortaq dəyərləri” mövzusunda keçirəcəyi beynəlxalq konfransa qatılıb və məruzə ilə çıxış edib.
Mayın 17-də QMİ sədri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyini ziyarət edib. Şeyxülislam görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.
Mayın 19-da Bakıda Bakıda G20 Dinlərarası Forum Regional Hazırlıq İclası çərçivəsində “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfrans işinə başlayıb.  “Təəssüflər olsun ki, real həyatda dindən siyasi məqsədlər üçün sui-istifadə halları ilə rastlaşırıq. Ksenofobiya təzahürləri və nifrət çağırışları cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozur, böhran, qarşıdurma və nifaq yaradır”-deyə Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Mayın 19-da Şeyxülislam Allahşükür Paşazadə konfrans iştirakçıları ilə görüşüb.
İyun ayında Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, tarix elmləri doktoru Bəybala Ələsgərov açıqlamasında bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin namizədliyi sülh sahəsindəki xidmətlərinə görə irəli sürülüb.
 
 
Allahşükür Paşazadə iyunun 7-də Türkiyə Cümhuriyyətinə səfərə gedib. “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 7-9 iyun 2022 tarixlərində İstanbul şəhərində baş tutmuş XXV Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində Şeyxülislam A. Paşazadə “Qida, ərzaq, əmtəə böhranı, müharibə Paris Anlaşmasını kölgələyəcəkmi?” mövzusunda panel iclasda əsas məruzəçi kimi çıxış edib.
İyunun 13-də Avropa Şurası Baş katibinin müavini Byorn Berq Allahşükür Paşazadəyə məktubu ünvanlayaraq mayın 2-də Fransanın Strasburq şəhərində keçirilən konfransda iştiraka görə, Avropa Şurası adından Şeyxülislama səmimi təşəkkürlərini çatdırıb.
İyunun 14-də QMİ ölkədə məzhəblərarası təfriqə yaratmaq cəhdləri ilə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, Azərbaycan dini-mənəvi dəyərlərinə dərin ehtiramı, dinlərarası anlaşma və mehriban qardaşlıq mühitinin hökm sürməsi ilə tanınan dünyəvi, hüquqi-demokratik dövlətdir.
Şeyxülislam Allahşükür Paşazadə iyunun 22-də Avstriya Federativ Respublikasına gedib. QMİ sədri Vyana şəhərində keçiriləcək “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda Beynəlxalq Konfransının təşkili və KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin toplantısında iştirak edib.
Şeyxülislam Avstriyada beynəlxalq konfransda çıxış edib.
İyunun 27-də Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha və İƏT-ə üzv dövlətlərin turizm nazirləri ilə görüşüb.
Görüşdə çıxış edən Şeyxülislam İslam Əməkdaşlıq Təşkilatının müsəlmanların siyasi, ictimai mənafelərinin ən yüksək səviyyədə təmsilçisi və müdafiəçisi kimi beynəlxalq etimad və ehtiram qazandığını deyib.
 
QMİ sədri iyulun 4-də Böyük Britaniyaya səfərə yola düşüb. Səfərdə məqsəd iyulun 5-6-da Londonda keçiriləcək Din və Etiqad azadlığı üzrə nazirlər konfransında iştirak etmək olub. Səfər Böyük Britaniyanın Cənubi və Mərkəzi Asiya, Şimali Afrika, BMT və Birlik ölkələri üzrə dövlət naziri, Uimbldon Lordu Əhmədin dəvət məktubu əsasında həyata keçirilib. QMİ sədri Din və Etiqad azadlığı Konfransının iştirakçısı olaraq Dauninq- stritdə rəsmən qəbul edilib.
Böyük Britaniyada keçirilən “Din və Etiqad azadlığı” üzrə nazirlər konfransında iştirak edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Ermənistan separatçılarının köhnə tərəfdarı, baronessa Koksun ölkəmizə yönəlik ittihamlarına sərt reaksiya verib.
İyulun 8-də QMİ sədri Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidlə görüşüb.
Misir səfiri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin İslam dünyasının nüfuzlu qurumu olan Müsəlman Ağsaqqallar Şurasına üzv seçildiyini deyib və bu münasibətlə Şurasının sədri Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyibin QMİ sədrinə ünvanlandığı məktubun surətini ona təqdim edib.
Qeyd edək ki, Müsəlman Ağsaqqalları Şurası öz sıralarında İslam aləminin ən nüfuzlu dini xadimlərini birləşdirir.
Müsəlman Ağsaqqallar Şurasının 17 üzvü var. Onların sırasında Şahzadə Qazi bin Mühəmməd bin Talal, Şeyx Abdullah bin Bəyyah, doktor Abdullah Nassif, doktor Mühəmməd Qureyş Şihab, Şeyx Abdül Rəhman bin Mohammad Əl-Xəlifə kimi tanınmış müsəlman din və dövlət xadimləri yer alırlar.
 
21 İyulda  Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana rəsmi səfər edib. QMİ sədrini hava limanında Gürcüstanın dövlət rəsmiləri, hökumət, parlament rəhbərliyi və din xadimləri qarşılayıblar.
Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İlya ilə görüşüb. QMİ sədrinin həmçinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Gürcüstan Prezidenti Salome Zurabişvili, parlament sədri Şalva Papuaşvili ilə də görüşüb. O, Tbilisi Cümə məscidinə də baş çəkib, Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri ilə görüşüb.
Tbilisidə səfərdə olan Qafqaz müsəlmanları idarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Patriarxı II İliya tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.
Qafqaz Müsəlmanları İdarəsində iyulun 29-da Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib. Şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının üzvləri, səlahiyyətli nümayəndələri və imamlarına Məhərrəm ayı ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib.
Şeyxülislam avqustun 11-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib. Türk Dövlətləri Təşkilatının böyük və dəyərli işlər gördüyünü qeyd edən QMİ sədri A.Paşazadə son illər türk birliyinin güclənməsi yönündə atılan addımların əhəmiyyətindən danışıb.
 
13 Sentyabrda  Qazaxıstan prezidenti Kasım Comərt Tokayev Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib. Tolkayev Azərbaycan və Qazaxıstan xalqları arasındakı dostluğun möhkənmləndirilməsindən və əməkdaşlıqdan danışıb.
14 sentybarda  Allahşükür Paşazadə sərhəd toqquşmaları zamanı hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
 
14 Sentyabrda Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstana səfərə gedib.QMİ sədri Dinlərarası dialoqa töhfələrinə görə Astana Beynəlxaq Mükafatına layiq görülüb və Qurultayın Fəxri medalı ilə təltif olunub.
15 Sentyabrda Şeyxülislam Allahşükür Paşazadə Qurultay çərçivəsində Səudiyyə Ərəbistanının İslam işləri, vəqflər, çağırış və irşad naziri Şeyx Əbdüllətif bin Əbdüləziz Al-Şeyx ilə görüşündə Azərbaycanın ədalətli mövqeyini davamlı olaraq dəstəklədiyinə görə Krallığa təşəkkürünü bildirib.
 
Sentyabrın 26-da Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi dini konfessiyalarının rəhbərləri Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət ediblər.
19 sentyabrda Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin üçüncü görüşü keçirilib.
 
Oktyabrın 20-də Şuşada Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb, Birgə Bəyanat qəbul edilib.
21 oktyabrda BakıdaTürk Dövlətləri Təşkilatının dini liderlərinin “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda konfrans keçirilib.
Oktyabrın 30-da QMİ sədrinin REAL TV-yə verdiyi müsahibə bütün ölkədə ciddi rezonans verdi. İranın Azərbaycana qarşı təxribatçı hərəkətlərini pisləyən A.Paşazadə sərt bəyanatı ilə yadda qalıb.  “İran İslam Respublikasınınbizim sərhədlərdə manevr etməsi yolverilməzdir. Bu, heç də müsəlmana yaraşan hərəkət deyil. Mən bunu gözləmirdim. Niyə bir dəfə bu manevri Ermənistan sərhədində aparmadınız? Biz bunu 30 il gözlədik”-deyə Şeyxülislam Allahşükür Paşazadə Real TV-yə müsahibəsində deyib.
QMİ sədri oktyabrın 31-də  G20 Dini Forumunda (R20) iştirak üçün İndoneziyaya səfərə yola düşüb.
Şeyxülislam  2022-ci ilin 4 noyabr tarixində Manama şəhərində Əlahəzrət Bəhreyn Kralı Hamad bin İsa Əl Xəlifənin himayəsi ilə “Şərq və Qərb Bəşəri Birgəyaşayış Uğrunda” başlığı altında “Bəhreyn Dialoq Forumu” çərcivəsində həmin ölkənin Ali İslam Məsələləri Şurası, Dünya Müsəlman Ağsaqqallar Şurası və Roma Katolik Kilsəsinin birgə görüşündə iştirak edib.
Noyabrın 7-də Şeyxülislam və dini icma rəhbərləri Zəfər Günü ilə bağlı Prezidenti təbrik edib
Noyabrın 18-də Qafqaz Müsəlmanlar İdarəsində (QMİ) Vətən müharibəsi dövründə fəal iştirak edən din xadimləri və qazilərin mükafatlandırma mərasimi keçirilib.
Şeyxülislam Allahşükür Paşazadə 22-23 noyabr tarixlərində Mərakeş Krallığının Fəs şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) IX Qlobal Forumunda iştirak edib.
QMİ sədri Şeyxülislam A. Paşazadə 22 noyabrda Forumun BMT Baş Katibi Antoniu Qutterişin iştirakı ilə baş tutan açılış mərasiminin ardınca ilk hissəsi – nüfuzlu dövlət xadimlərinin yer aldığı «Müdriklərin səsi» adlı plenar iclasda yeganə dini lider olaraq çıxış edib.
 
7 dekabrda Moskva şəhərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükr Paşazadənin Moska və bütün Rusiya Patriarxı Kirillə görüşü keçirilib. Görüşdə eyni zamanda, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin növbəti görüşünün keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Şeyxülislam Allahşükür Paşazadə erməni kilsəsini 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın müddəalarına uyğun olaraq bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına töhfə verməyə çağırıb. Görüşdə Eçmiədzinin timsalında erməni katolikosu ilə üçtərəfli görüş formatının saxlanılması və gələcəkdə yeni üçtərəfli görüşün təşkili üçün müvafiq işlərin aparılması məqsədəuyğun hesab edilib.
8 dekabrda Şeyxülislam Moskvada XVIII Beynəlxalq Müsəlman Forumunda çıxış edib. QMİ sədri bildirib ki, dünyanın mənəvi cəhətdən böhranlarla üz-üzə qaldığı mürəkkəb zamanda Yer üzündə Uca Allahın buyurduğu, təlqin etdiyi ideallara istinad, ilahi düzənin formalaşdırılması taleyüklü önəm kəsb edir.
“Qalib Azərbaycan bölgədə sülhə çağırır və iqtisadi layihələrlə çıxış edir, lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən revanşizm təzahürləri səngimir. Erməni kilsəsinin də bu prosesdə iştirakı təəssüf doğurur”.
8 Dekabrda Şeyxülislam Allahşükür Paşazadə ilə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin arasında görüş keçirilib.
 
 
QMİ sədri dekabrın 6-9-da Rusiya Federasiyasında səfər çərçivəsində QMİ sədri Rusiya Pravoslav Kilsəsinin rəhbəri, Rusiya Patriarxı Kirillə görüşüb, Moskvada keçirilən XVIII Beynəlxalq Müsəlman Forumunda çıxış edib.
Səfərin yekunları ilə bağlı Allahşükür Paşazadə azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb
20 dekabrda Azərbaycandakı dini konfessiya rəhbərləri Şuşa-Laçın yolundakı aksiya ilə bağlı birgə bəyanat yayıblar.
“Vətəndaş cəmiyyətinin təmsilçiləri olan etirazçıların bir həftədən artıq davam edən təbii sərvətlərin talanmasına və ekologiyaya ziyan vurulmasına qarşı şüarlarla keçirilən aksiya dinc xarakter daşıyır. Birmənalı şəkildə bildiririk ki, Ermənistan tərəfinin, xüsusən, Eçmiədzinin yaydığı məlumatlar yalan və böhtan xarakteri daşıyır və QHT-lərin dinc etiraz aksiyasının humanitar böhrana səbəb olması barədə iddialar qətiyyən həqiqətə uyğun deyil”-deyə bəyanatda vurğulanırdı.

 
22 dekabrda Şeyxülislam Allahşükür Paşazadə Roma Papası Fransiskə məktub ünvanlayıb.
“Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə Bakıda və Vatikanda görüşləriniz Müqəddəs Taxt-Tacla Azərbaycan arasında bütün sahələrdə dərin əməkdaşlığın möhkəm təməlidir.
Roma Katolik Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud yüksək səviyyəli münasibətlərin daha da möhkəmlənməsi, ümumilikdə müsəlman-xristian dialoqu prosesinə dəyərli töhfələrdir”.
QMİ sədri Papanın Cənubi Qafqazda vəziyyətlə bağlı narahatçılığını bölüşdüyünü yazıb: “Laçın-Xankəndi yolunun guya bağlanılması ilə bağlı ermənilərin Katolikos-Patriarxı II Qareginin Cənabınıza və digər dini mərkəz və kilsə rəhbərlərinə ünvanlandığı müraciətdəki, hər zamankı kimi, qeyri-səhih, qərəzli informasiyadan qaynaqlanır.
Ali diqqətinizə çatdımaq istərdim ki, adıçəkilən yol heç bir zaman Azərbaycan tərəfindən qapadılmamışdır. Bunu edən rus sülhməramlılarıdır və Azərbaycan hakimiyyəti tərəfindən dəfələrlə rəsmi şəkildə bəyan edilmişdir ki, Azərbaycan tərəfindən Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb”.
 
Dekabrın 22-də Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Mixail Boçarnikovla görüşüb. QMİ sədrinin bu ilin dekabrında Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən Rusiyaya səfəri, Patriarx Kirillə görüşü, habelə, dini liderlərin üçtərəfli görüş perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Rus Pravoslav Kilsəsinin sülhyaratma potensialı vardır və onun vasitəçiliyi ilə baş tutan dini liderlərin dialoqları sayəsində zamanında Ermənistan-Azərbaycan münaqişəsinin dini qarşıdurma xarakteri almasının qarşısı alınıb.
Göründüyü kimi QMİ sədri təqvim ili ərzində Azərbaycan üçün prioritet sayılan platformalar üzrə fəal iş aparıb. 2022-ci il QMİ və Şeyxülislam üçün din -dövlət münasibətləri, Qarabağ və Türk dövlətləri ilə əməkdaşlıq baxımından məhsuldar il olub.
A.ABBASOV
 

Oxunub : 1717