Şeyxülislam A.Paşazadənin Fəs Qlobal Forumunda çıxışı ərəb mediasında

24.11.2022
 
Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Mərakeş Krallığının Fəs şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının IX Qlobal Forumunda iştirak edir. Şeyxülislam həzrətlərinin belə bir mühüm toplantıda iştirakı, forumun tribunasından çıxışı ərəb mətbuatının diqqət mərkəzindədir.
Birləşmiş Ərəb Əmirliklərinin Xəbərlər Agentliyinə daxil olan nüfuzlu “Vam” qəzetinin əməkdaşları Dina Ömər və Mənsur Amir yazdıqları məqalədə QMİ sədrinin çıxışına geniş yer ayırıblar. Məqalədə deyilir: “Azərbaycan və Qafqaz müsəlmanlarının dini lideri Allahşükür Paşazadənin fikrincə, mənəvi dəyərlər və hüquqi standartlar dünyamızın üzləşdiyi problemlərin həllidir.
Qafqaz Müsəlmanları İdarəsinın sədri, Müsəlman Ağsaqqallar Şurasının üzvü Allahşükür Paşazadə həzrətləri beynəlxalq hüquq normaları ilə yanaşı əxlaqi dəyərlərə də istinad edərək “dünyamızın bu gün üzləşdiyi problemlərin və çağırışların həlli”nin mümkün olduğunu hesab edir. 
Mərakeşin Fəs şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının IX Qlobal Forumundakı çıxışı zamanı Şeyx həzrətləri dünyada sülhün və əməkdaşlığın davamlı olması üçün dini liderlərin birgə səylərinin vacibliyini vurğulayır: “Sülh və birgəyaşayış naminə dini liderlər və siyasi xadimlər arasında əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif platformalarda görülən mühüm səylər,  xüsusilə Əl-Əzhər Əl-Şərifin Şeyxi, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-İmam Əl-Əkbər, Prof. Dr. Əhməd Əl-Tayib həzrətləri və Roma Katolik Kilsəsinin rəhbəri, Papa Fransisk  həzrətlərinin 2019-cu ildə Abu-Dabidə imzaladıqları İnsan Qardaşlığı Sənədi təqdir edilməlidir."
Bütün Qafqazın dini lideri müxtəlif mədəniyyətlərin birgə yaşamasının Ulu Yaradanın bizə bir-birimizi daha yaxından tanımağımıza bəxş etdiyi bir hədiyyə olduğunu izah edərək, beynəlxalq sabitliyə və təhlükəsizliyə mane olan ideoloji və praktiki çağırışların, o cümlədən nifrət, dini, etnik dözümsüzlüyün qlobal miqyasda getdikcə artdığını da qeyd edib. 
Şeyxülislam Allahşükür Paşazadənin sözlərinə görə, kütləvi qırğın silahlarının yayılması və hərbi ritorikanın güclənməsi nüvə təhlükəsini artırır. Ona görə də beynəlxalq ictimaiyyət milli, etnik və dini dözümsüzlüyə “yox” deməli, təcavüz və zorakılığa sövq edən nifrət nitqini, din və ifadə azadlığı pərdəsi altında ekstremizmin istənilən təzahürünü pisləməlidir. Aydındır ki, təhlükə mənbəyi din deyil, ondan siyasi məqsədlər üçün sui-istifadədir”.
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 3871