Şeyxülislam Allahşükür Paşazadə həzrətləri İndoneziyaya səfərə yola düşür

31.10.2022
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 31-də İndoneziyaya səfərə yola düşür. Səfərdən məqsəd 2-3 noyabr 2022-ci il tarixlərində İndoneziyada keçiriləcək G20 Dini Forumunda (R20) iştirak etməkdir.
İndoneziya hökümətinin G20 Forumunun əsas rəsmi tədbiri kimi tanıdığı Balidə keçiriləcək R20 sammiti dünyadakı müxtəlif dinlərin liderlərinə sivilizasiyaların ortaq dəyərlərini dəstəkləmək üçün platforma yaradılmasına xidmət edəcəkdir. İndoneziya Respublikasının prezidenti Joko Vidodonun R20 sammitinin açılış mərasimində çıxış etməsi gözlənilir.
Məlumat üçün bildirək ki, İndoneziyanın G20 sədrliyi çərçivəsində  dünyanın tanınmış müsəlman təşkilatı olan Nahdatul Ulama ortaq əxlaqi və mənəvi dəyərləri inkişaf etdirmək məqsədilə G20 Dini Forumunu (R20) təsis etmişdir. Nahdatul Ulama ilə birlikdə R20 sammitinin həmtəşkilatçısı Səudiyyə Ərəbistanın Məkkə şəhərində mərkəzləşən İslam Aləmi Liqasıdır.
R20 sammitinin Təsisçisi, Nahdatul Ulama İdarə Heyətinin Baş Sədri Kyai Yəhya Çolil Staqufun imzaladığı dəvət məktubunda İndoneziya hökümətinin G20 liderləri sammiti ərəfəsində planlaşdırdığı G20 Dini forumunda Şeyxülislam A.Paşazadənin iştirakının dünyanın geosiyasi və iqtisadi strukturlarına mənəvi dəyərlər aşılamaqdan ibarət olan bu forumun missiyasının yerinə yetirilməsinə ciddi töhfə verəcəyi xüsusi vurğulanıb.
Şeyxülislam Allahşükür Paşazadə qlobal əhəmiyyətli tədbirdə çıxış edəcəkdir. Forum çərçivəsində QMİ sədrinin ikitərəfli görüşləri planlaşdırılır.
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2241