Şeyxülislam həzrətləri Qazaxıstan Qurultayı çərçivəsində görüşlər keçirib

 
14.09.2022
         Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstan Respublikasında səfərdə olan  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 14-də Qurultay çərçivəsində bir sıra görüşlər keçirib.
          Qurultay çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşdü. Səmimi söhbət zamanı cənab Moratinos Azərbaycanla əməkdaşlığın səviyyəsindən, ölkəmizin sivilizasiyalararası dialoq müstəvisində qabaqcıl və fəal rolundan, Azərbaycanın siyasi rəhbərliyinin və dini liderinin bu istiqamətdə dəyərli səylərindən məmnunluğunu ifadə etdi, «Mədəniyyət naminə sülh» qlobal təşəbbüsü çərçivəsində Azərbaycanla əməkdaşlıq fəaliyyətlərini yüksək qiymətləndirdi və həyata keçirilməsinə uğurlar dilədi. Cənab Moratinos Şeyxülislamda Azərbaycan Prezidentinə səmimi salamlarını çatdırmağı xahiş etdi.
          Qurultay çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə İsa Məsihin son müqəddəs günləri Kilsəsinin on iki Həvari Şurasının Ağsaqqalı Ulisses Soares ilə görüşdü. U. Soares Azərbaycanla dinlərarası əməkdaşlığın səviyyəsindən razı qaldığını vurğuladı. Bildirdi ki, Almaniya Mormon icmasının üzvləri yaxınlarda Azərbaycana səfər edəcəklər və Şeyxülislamla görüşmək niyyətindədirlər. Öz növbəsində, QMİ sədrinə bir müddət əvvəl Bakıda ikən ABŞ-ın Soltleyksiti şəhərinə etdikləri dəvəti bir daha yada salaraq, Şeyxülislamın səfərini səbirsizliklə gözlədiklərini diqqətə çatdırdılar. U. Soares İslam dininin ardıcıllarına xoş münasibətini, dinlərarası əməkdaşlığı yüksək dəyərləndirdiyini ifadə etdi. QMİ sədri dünyanın bütün inanclı insanları arasında dinlərarası dialoqun vacibliyinə vurğu etdi.   
         QMİ sədri Şeyxülislam A.Paşazadə Qurultay çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş Katibi cənab Bağdad Amreyevin iştirakı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman ruhani idarələrinin rəhbərləri — dini liderləri ilə görüşdü. Müsəlman dini liderlər qarşıdakı birgə fəaliyyət planları barədə fikir mübadiləsi apardılar, gələn ay Azərbaycanda keçiriləcək tədbirləri, Şuşa görüşünə hazırlığı, Türk Dövlətləri Təşkilatı Müsəlman Dini Liderləri Şurasının təsis olunması və Əsasnaməsi ilə bağlı məsələləri müzakirə etdilər.
         QMİ sədri Şeyxülislam A. Paşazadə Moskva Patruarxiyasının Xarici Kilsə əlaqələri şöbəsinin rəhbəri Volokolamsk Mitropoliti Antoniy ilə görüşdü. Səmimi görüş çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoslav Kilsəsinin mövcud əlaqələrinin, dinlərarası əməkdaşlıq müstəvisində perspektivləri müzakirə edildi.
 
 
 
 
 
 
 

QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 9227