15 DEKABR 2024
Şeyxülislam Allahşükür Paşazadə multikultural perspektivlərə dair beynəlxalq konfransın iştirakçıları ilə görüşüb
19.05.2022
Xəbər verdiyimiz kimi, mayın 19-da Bakıda G20 Dinlərarası Foruma regional hazırlıq iclası çərçivəsində “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə konfrans iştirakçıları ilə görüşüb.
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, G20 Dinlərarası Forum Assosiasiyasının Prezidenti, Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzinin təsisçi direktoru Koul Durham (ABŞ), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə konfransda iştiraklarına görə elm və ictimai xadimlərə təşəkkürünü bildirib.
Azərbaycanın multikultural ənənələrindən danışan QMİ sədri ölkəmizin multikultural ənənələr diyarı, dünyaya özünün tolerant həyat modelini təqdim edən qabaqcıl dövlət olduğunu qonaqların diqqətinə çatdırıb. Şeyxülislam, həmçinin Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi həyata keçirildiyini və dövlətimizin başçısının bu dəyərli ideyanın qlobal müstəvidə fəal müdafiəçisi olduğunu qeyd edib.
"Din xadimləri olaraq bu prosesə öz töhfəmizi veririk. Alternativi olmayan dinc birgəyaşayış, sülh, əmin-amanlıq, tərəqqi formulu olan multikultural həyat tərzimizlə fəxarət duyuruq və bunu bütün dünyaya təqdim etmək fürsətindən məmnunuq. Əminəm ki, “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda keçirilən bugünkü konfrans dünyada sülh və qarşılıqlı anlaşma mühitinin təmin olunması işinə öz layiqli töhfəsini verəcək" - deyə şeyxülislam Allahşükür Paşazadə vurğulayıb.
ABŞ-ın Stirling Fondunun prezidenti Ed Rou və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov çıxışlarında “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfransın məhsuldar olduğunu və uğurla keçdiyini diqqətə çatdırıblar.
Qəbuldan sonra qonaqların şərəfinə ziyafət verilib.
Xatırladaq ki, beynəlxalq konfransın təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, G20 Dinlərarası Forum Assosiasiyası və ABŞ-ın Stirling Fondudur.
Oxunub : 7055