Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanında keçirilən mötəbər forumda çıxış edib

11.05.2022
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadə Səudiyyə Ərəbistanında səfərdədir. İslam Aləmi Liqasının Baş katibi Dr. Əbdülkərim Əl-İsa cənablarının dəvəti ilə Beynəlxalq Rabitə təşkilatının 11 may tarixində Ər-Riyadda «Dinlərin davamçıları arasında ortaq dəyərlər» mövzusunda keçirilən beynəlxalq konfransında iştirak edən Şeyxülislam A. Paşazadə məruzə ilə çıxış edib. 
Azərbaycan, Qafqaz müsəlmanları adından mötəbər forumu salamlayan QMİ sədri Şeyxülislam A. Paşazadə İslam Peyğəmbərinin vətəni olan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dünya dinlərinin təmsil olunduğu belə möhtəşəm tədbir keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Sülhə, dinlərarası və sivilizasiyalararası dialoqun inkişafına töhfə verəcək tədbirdə müasir problemləri birlikdə müzakirə etmək imkanı yaratdığına görə İki Müqəddəs Ocağın Xadimi, Əlahəzrət Kral Salman bin Əbdüləziz Əl-Saud həzrətlərinə və Vəliəhd - Məhəmməd bin Salman həzrətlərinə minnətdarlıq ifadə edən Şeyxülislam A. Paşazadə özəlliklə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Səudiyyə Ərəbistanı xalqına və kral  həzrətlərinə salamlarını və xeyir-dualarını yetirməkdən şərəf duyduğunu bildirib, Səudiyyə Ərəbistanı Krallığının bu təşəbbüsünün beynəlxalq müstəvidə qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. 
Şeyxülislam A. Paşazadə xüsusi qeyd edib ki, Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının xilası qanunların, mənəviyyatın və ədalətin aliliyi ilə mümkündür, lakin təəssüf ki, bəşəriyyətə təhdid olan amillərin reallaşması və böhranların dərinləşməsi  beynəlxalq hüquq normalarına riayət olunmaması, insan hüquqlarının pozulması, ikili standartlar, qəbul edilən qərarların yerinə yetirilməməsi və ən başlıcası - dünyada sülhün təmin olunmasında Birləmiş Millətlər Təşkilatının həlledici rolunun azalması ilə əlaqədardır.
QMİ sədri məruzəsində dünya ictimaiyyətini milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməyə çağırmışdır. Azərbaycanın dinlərarası dostluq və qardaşlıq mühitində birgəyaşayış ənənələrini bütün dünya üçün örnək olaraq təqdim edən Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Bakı prosesinin sivilizasiyalarası dialoqun davamlı inkişafına və multikulturalizm ideyalarının təbliğinə xidmət etdiyini xüsusi vurğulamışdır. 
Dünyada baş verən münaqişələrin, özəlliklə Ukraynada yaşanan humanitar fəlakətin hamımızı narahat etməsindən bəhs edən QMİ sədri, bu əsnada, müharibə dəhşətlərini və qaçqın fəlakətlərini yaşamış Azərbaycanın 20 faiz torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması, xalqımıza qarşı etnik təmizləmə və genosid siyasəti həyata keçirilməsini xatırladıb. Azərbaycanın beynəlxalq hüquq normalarına və BMT-nin 4 qətnaməsinə əsaslanaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdiyini qeyd edən Şeyxülislam A. Paşazadə işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələrimizin bərpasından, işğaldan azad edilmiş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparmağımızdan bəhs edib.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 7691