Qmi-də 29 mart tarixli iclasda şeyxülislam A. Paşazadənin çıxışı

29.03.2022
Möhtərəm tədbir iştirakçıları!
       Sizləri bugünkü tədbirdə salamlayır, ulu xalqımıza, uca millətimizə, qalib dövlətimizə Uca Allahdan xeyir-dualar diləyirəm. Novruza qovuşmuş xalqımızın nəsibi milli birlik, əmin-amanlıq, rifah və səadət olsun, inşallah!
     Bu günlərdə bizlər Vətən müharibəsində Zəfərimiz üçün canlarından keçən qəhrəman şəhidlərimizə Allah-Təaladan rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlıqlarımızı verir, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləyirik. Azərbaycan dövləti hər zaman şəhidlərin xatirəsini uca tutur. Vətən torpağı, müstəqilliyimiz, dövlətçiliyimiz yolunda canını fəda etmiş I, II Qarabağ müharibəsinin, 20 Yanvar və Xocalı şəhidlərinin ruhları qarşısında baş əyir, xatirələrini daima anırıq.
        Bəli, tarixdə heç kim və heç nə unudulmur. Biz sizlərlə 31 mart — Azərbaycanlıların Soyqırımı günü ərəfəsində bir arada toplaşmışıq. Bu qanlı tarix – 1918-ci ilin Mart soyqırımı Bakı şəhərində və müxtəlif bölgələrimizdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınları ehtiva edir. Bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
        Lakin erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsl mənasında “qan çanağı”na çevirdilər. Azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırım aktlarının reallaşması ilə müşayiət olunan bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövləti yaratmaq idi. Bu məqsədlə Ermənistanda və ayrı-ayrı xarici dövlətlərdə dırnaqarası "milli-mədəni", dini, siyasi və hətta terrorçu təşkilatlar qurmuş, erməni diasporunun və lobbisinin imkanlarını səfərbər etmişlər. 1948-1953-cü illərdə ermənilər yüz minlərlə azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyasına nail oldular və faktiki olaraq Ermənistan Respublikası ərazisində monoetnik respublika yaratdılar. Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin Siyasi Büro rəhbərliyindən uzaqlaşdırılmasından istifadə edən erməni şovinistləri etnik təmizləmənin yeni dalğasını həyata keçirdilər – 250 mindən artıq azərbaycanlınin Ermənistandan amansızlıqla qovulmasına nail oldular. 1992-ci ildə erməni ekstremistlərinin qədim Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi olmuşdur.
     Soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, onun tarixi yaddaşında silinməz izlər buraxmışdır. Bütövlükdə, 2 milyona yaxın azərbaycanlı mənfur erməni siyasətinin fəlakət və dəhşətlərini öz taleyində yaşamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi.
   Qafqazın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandakı dini konfessiyalarla birgə dünya dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara illərdir etdiyi müraciətlərdə Azərbaycan xalqına qarşı tərədilmiş ədalətsizliklərə tarixi qiymət verilməsinə, törədilmiş hadisələrin bütöv xalqa qarşı planlı surətdə həyata keçirilən soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Bu il də birgə Müraciətimizi məqamlarına ünvanlamışıq, mətbuat vasitəsilə və Xarici İşlər Nazirliyi xəttilə dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq. Soyqırımı kimi bəşəri cinayətlərin bir daha heç vaxt təkrarlanmaması üçün bu müraciətlər, ədalətin bərqərarı olduqca vacibdir.
    Şükürlər olsun ki, Azərbaycan xalqı 44 günlük haqq mücadiləsi — Vətən müharibəsi nəticəsində müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qəhrəman Ordusunun rəşadəti sayəsində tarixi ədaləti, ərazi bütövlüyünü bərpa etdi, Qarabağı erməni işğalından azad etdi. Azərbaycan xalqı müdrik rəhbərinin siyasi iradəsi ilə bu gün azad Qarabağda erməni faşistləri tərəfindən dağıdılmış mədəni-mənəvi irsini yenidən dirçəldir, tarixi abidələri və ziyarətgahlarına yeni həyat verir. Azərbaycan Prezidentinin və ölkəmizin Birinci vitse-prezidentinin Qarabağa hər səfəri zamanı dövlət əhəmiyyətli obyektlərin təməlinin qoyulması ilə yanaşı dini-mənəvi abidələrin təmir, bərpa və yenidən qurulması ilə bağlı əsaslı layihələrin gerçəkləşdirilməsinə hamı şahiddir.
  Biz ölkəmizdə, bölgədə, bütün dünyada sülhün, əmin-amanlığın hökm sürməsi üçün dualar edir, səylərimizi əsirgəmirik. Bu gün Ukraynada cərəyan edən hadisələrdən narahatlığımızı ifadə edir, dinc insanların həyatlarına olan təhlükənin qarşısının alınmasını vacib sayırıq. Qocalar, qadınlar, uşaqların qaçqın taleyi yaşamasına son qoyulması, humanitar fəlakətin qarşısının alınması üçün biz, dini konfessiya rəhbərləri olaraq tərəfləri nifaq və qarşıdurmanı danışıqlar vasitəsilə həll etməyə çağırırıq. Bu torpaqlarda tezliklə sülhün bərqərar olması hər birimizin istəyidir.
 Məlum olduğu kimi, zaman-zaman Azərbaycan xalqına qarşı etnik təmizləmə, maddi və mənəvi terroru gerçəkləşdirmiş erməni ekstremistlər qəsb etdikləri Azərbaycan torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv etmişlər. Lakin dünya birliyi, beynəlxalq təşkilatlar bu həqiqətləri görməzdən gəlməkdə davam edirlər. YUNESKO mütəxəssislərinin səfəri ertələnir. Xalqımızın mədəni irsinə, dini-mənəvi abidələrinə qarşı mədəni soyqırımı həyata keçirmiş, qəbirstanlıqlarımızı yerlə-yeksan etmiş ermənilərin törətdikləri göz qabağında olduğu halda Avropa Parlamenti bu günlərdə Qarabağda guya erməni mədəni irsinin məhv edilməsi barədə qətnamə qəbul edir. Bu, Azərbaycana qarşı uzun illər davam etmiş ikili yanaşmanın daha bir mənfur nümunəsidir.
    Avropa Parlamentinin 10 mart tarixində Azərbaycanla bağlı qəbul etdiyi, təmamilə əsassız ittiham və tələblərin əks olunduğu qərəzli qətnamə beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik, ədalətin pozulmasıdır. Biz, Azərbaycandakı dini konfessiya başçıları Avropa Parlamentinin Azərbaycanla bağlı bu iftira xarakterli qətnaməsini qətiyyətlə pisləyirik. Bu gün burada səslənəcək bəyanatımızda birgə iradəmizi ifadə edərək, Avropa Parlamentindən Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnamənin ləğvini tələb edirik. Belə ki, Cənubi Qafqazda yenicə bitmiş II Qarabağ müharibəsindən sonra bölgədəki sülhə, yenidənqurmaya və birgəyaşayışa töhfə verməyə çalışmaq əvəzinə ədalətsiz yanaşmaların davam etdirilməsi qəbuledilməzdir. 
    Dünya ictimaiyyətinin Azərbaycanın haqlı iddialarını – deməli ədaləti dəstəkləyən dövlət və beynəlxalq qurumlarına təşəkkürümüzü bildirməyi özümüzə borc bilirik. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının Pakistanda keçirilən tədbirində Ermənistanın Azərbaycana təcavüzünə dair qəbul edilmiş 4 qətnamə  - bütün dünya üçün bəşəri ədalət nümunəsidir. Həmin sənədlərdə, özəlliklə, işğal dövründə Azərbaycan ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuzyerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilib, yenicə azad olunmuş ərazilərdə yerləşən məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılıb. Qətnamədə, xüsusilə, Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunub.
   Bəli, ermənilər Qarabağda onlara məxsus olmayan tarixi-mədəni irsin guya məhv edilməsi ilə bağlı beynəlxalq aləmə yaydıqları dezinformasiyadan uzaqlaşaraq, işğal dövründə Qarabağ torpaqlarında və vaxtilə Azərbaycan torpaqlarında yaradılan indiki Ermənistanda azərbaycanlılara məxsus bütün tarixi, mədəni və dini irsi nə üçün məhv etdiklərinə dair sualları cavablandırmalıdırlar, 4 minə yaxın əsir, itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirməlidirlər. Bu gün azad olunmuş ərazilərimizdə kütləvi məzarlıqlar aşkar olunur, üstü açılmamış cinayətlərin izləri üzə çıxır. Azad olunmuş ərazilərimizin ermənilər tərəfindən minalanmış vəziyyətdə olması, yandırılmış torpaq siyasəti kimi müharibə cinayəti törədilməsi səbəbindən yerli əhalinin doğma torpaqlara qayıdışı yubanır, yüzdən artıq mülki insan minalara düşərək ya həlak olur, ya ömürlük əlil qalır. Təəssüflər olsun ki, bütün bu hadisələrə Erməni Apostol kilsəsi nəinki susur, qınamır, əksinə, revanşizm əhval-ruhiyyəsini daha da alovlandırır. Avropa Parlamenti isə nüfuzlu beynəlxalq qurum olaraq, heç şübhəsiz ki, məhz bu reallıqlara dair öz prinsipial mövqeyini nümayiş etdirməlidir.
   Beləliklə, Avropa Parlamentinin qərəzli qətnaməsinə dini liderlər — Azərbaycandakı dini konfessiya rəhbərləri olaraq xitab etməyimizin özəl əhəmiyyəti vardır. Bəyanatımızı diqqətinizə təqdim edirik.
(Bəyanat oxunur)
       Möhtərəm tədbir iştirakçıları! Biz mübarək Ramazan ayı ərəfəsindəyik. Aləmlərə rəhmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-Təaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirəm. Bir Olan Yaradanımız bizlərə buyurur ki: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi...” (Bəqərə,183)
               Mübarək Ramazan ayı İlahi Lütf ayıdır, Tövratın, İncilin, Qurani-Şərifin nazil edildiyi müqəddəs məqamdır. Bütün səmavi dinlər buyurur ki, Haqqın Nuruna möhkəm sarılın, bir olun, qardaş olun, çünki möminlər qardaşdırlar.
                 Şükürlər olsun ki, bu ilki Ramazan artıq ölkəmizin və xalqımızın taleyinə Zati-Aliləri İlham Əliyevin siyasi qüdrəti və qətiyyəti sayəsində Zəfər abı-havasında daxil olur.  Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda dövlət bayrağının dalğalanması, məscidlərin minarələrindən azan səslərinin ucalması tarixi ədalətin bərpası anlamını verir və bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana həmd-sənalar edir, dövlətimizə, şəxsən Ali Baş Komandanımıza və onun silahdaşı Birinci vitse-prezident Mehriban xanıma sonsuz minnətdarlığımızı bildiririk.
                   Əziz həmvətənlərim! Ramazan ayı böyük ümidlər və iman kamilliyi üçün özəl imkanlar yaradan aydır. Orucluğun həm ictimai baxımdan, həm də insanın ruhu və cismi üçün olduqca böyük əhəmiyyəti vardır. Belə ki, orucluq ictimai yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən, insan səhhətinə müsbət təsir göstərən ilahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir.  Mübarək Ramazan günlərində Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək hər birimizin borcudur. Qəhrəman şəhidlərimizin mübarək ruhlarının anılması, ailələrinə himayə və ehtiram, qazilərin diqqət və qayğı ilə əhatə olunması Ramazanda nümunəvi mənəvi örnəklərdəndir.
                                                                           
             Ramazan ayı boyunca din xadimlərimiz məscidlərdəki moizələrində bu mübarək ayda nazil olmuş Qurani-Kərimdə, Peyğəmbər Mühəmməd Salavatullahın hədislərində əksini tapan ilahi hikmət və fəzilətləri insanlara ən gözəl, üstün şəkildə çatdırmaqla yanaşı, Vətən müharibəsi qəhrəmanlarının – rəşadətli Ordumuzun, şəhid və qazilərimizin milli Zəfərimizin qazanılmasında şücaətlərini, ələlxüsus, müzəffər sərkərdə - dövlət başçımızın müdrik qalibiyyət siyasətinin, misilsiz quruculuq səylərinin ali      dəyərini insanlara aşılamalı, təlqin etməlidirlər.    
              Bu ayda ən böyük savab – Quranı daha çox tilavət etmək, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət yolu ilə getməkdir. Özəlliklə mübarək Ramazan ayında edilən dualar müstəcab olur, buna görə də biz dövlətimiz və xalqımız üçün Allahdan xeyir-dualar diləyirik.
                  Azərbaycanın yerləşdiyi coğrafi məkan, üfüq xətti, en dairəsinə uyğun gələn elmi cəhətdən əsaslandırılmış təqvimə malik olmağımız milli və mənəvi vəhdətimizi təmin etmək məramına xidmət etməklə yanaşı, ölkəmizin müstəqilliyini ifadə edən dəyərlərdəndir. Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, Ramazan ayının 1-i miladi təqvimlə 2 aprel 2022-ci ilə təsadüf edəcəkdir. Ramazani-Şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası orucluğun qaydaları, əməlləri, özündə əks etdirən Ramazan fətvası hazırlamışdır.  Bundan əlavə, QMİ-nin Fətva şöbəsi oruc ibadətinin vacibatları, özəl məqamları barədə ətraflı moizə hazırlayıb məscidlərimizin imamlarına yollayacaqdır ki, oruc tutan insanları maraqlandıran bütün suallara dair maarifləndirmə işi aparsınlar.
                Qafqaz Müsəlmanları İdarəsinin 114 TV internet televiziyası Ramazan ayı boyunca Orucluğun fəzilətləri barədə xüsusi verilişləri ilə xalqımızın xidmətində olacaqdır.
               İnşallah, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf edəcəkdir, inşallah. Bütün İslam ümmətini mübarək Ramazanın gəlişi münasibətilə təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik! Allah oruc və namazlarımızı qəbul etsin, bizləri məğfirət və mərhəmətə nail olan bəndələrindən qərar versin. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində bərqərar etsin, dövlətimizi qalib və dövlət rəhbərimizi hər zaman müzəffər qərar versin, bütün ülvi arzu və xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin.
Amin! 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 6120