Şeyxülislam A.Paşazadə KAICIID Direktorlar Şurasının videokonfrans formatında keçirilən sessiyasında iştirak etdi.

 
17.02.2022    
     Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 16 fevral  tarixində KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının videokonfrans formatında keçirilən növbədənkənar sessiyasında iştirak etdi.
         Shanti Ashram təşkilatının direktoru Dr. Kezevino Aramın sədrliyi ilə keçən sessiyada Şeyxülislam A. Paşazadə ilə bərabər Direktorlar Şurasında təmsil olunan Ekumenik Patriarxatının Kadıköy (Xalxidon) Mitropoliti Emmanuel, Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş Katibi Dr. Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist təşkilatının Prezidenti Koşo Nivano, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi Dr. Hamad əl-Məcid, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen iştirak etdilər.
         Tədbirin gedişində gündəliyə daxil olan Strateji plan və cari məsələlər ətrafında müzakirələr aparıldı. 
         Sessiyada çıxış edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Qafqaz müsəlmanlarının səmimi salamlarını və öz xeyir-dualarını iştirakçıların diqqətinə çatdırdı. Daha sonra gündəlikdə duran, müzakirə olunan məsələlər, o cümlədən, Mərkəzin Strateji planı barədə öz fikir və tövsiyələrini onlayn sessiya iştirakçılarının diqqətinə çatdırdı.
         Sessiyada çıxış edən Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso QMİ sədri Şeyxülislam A. Paşazadənin bu yaxınlarda Vatikana səfəri üzərində vurğu edərək, onun Papa Fransisklə görüşünün dinlərarası dialoqun inkişafına töhfə olduğunu xüsusi qeyd etdi. Şeyxülislam A. Paşazadə kimi hörmətli, nüfuzlu şəxsiyyəti, böyük bir icmanın rəhbəri olan dini lideri Vatikanda qəbul etmələrindən məmnunluğunu qeyd edən Kardinal Ayuso belə bir uğurlu dinlərarası əməkdaşlıq nümunəsinin KAICIID üçün önəmli perspektivlərindən bəhs etdi.
         Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə pandemiya şəraitinə baxmayaraq KAICIID təşkilatının proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərinin davam etdirildiyini rəğbətlə vurğuladı.  Onlayn sessiya məhsuldar keçdi.
 
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 
 
 

Oxunub : 6003