Şeyxülislam Allahşükür Paşazadə Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşüb

07.02.2022
 
Fevralın 7-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev ilə görüşüb.
Səmimi keçən qəbulda dost, qardaş ölkə olan Türkmənistanla Azərbaycan arasında siyasi, iqtisadi sahələrdə olduğu kimi, dini-mənəvi sahədə əməkdaşlığın səviyyəsinin daha da dərinləşdirilməsinin  vacibliyi vurğulandı. Bu xüsusda, Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi  əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə fikir mübadiləsi aparıldı. QMİ sədri A. Paşazadə qeyd etdi ki, bu birlik çərçivəsində türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması məqsədəuyğundur. Türk Dövlətləri Təşkilatında müşahidəçi kimi iştirak edən Türkmənistanın türk dünyasında önəmli rolunu qeyd edən Şeyxülislam A. Paşazadə qardaş xalqlarımız və dövlətlərimizin mənafelərinə xidmət baxımından, ortaq dini-mədəni dəyərlərin qorunub saxlanılması, türk-İslam irsinin, milli ənənələrin qorunub inkişaf etdirilməsi üçün əhəmiyyət kəsb edən belə bir formatın yaradılmasının zamanın tələbi olduğunu və Türkmənistan müftisinin ümumi səylərə öz töhfəsini verə biləcəyinə ümidvar olduğunu bildirdi.
Türkmənistanlı səfir M. İşanquliyev, öz növbəsində müasir dünyada dini liderlərin rolunu xüsusi vurğulayaraq bildirib ki, şeyxülislam Allahşükür Paşazadə kimi nüfuzlu, ağsaqqal dini liderlərə cəmiyyətin böyük ehtiyacı vardır. Səfir bu əsnada Şeyxülislam A. Paşazadənin Türkmənistana 2014-cü ildə etdiyi səfəri xatırlatdı və ölkəsində Qafqazın dini liderinin müdrikliyinin, İslami həmrəylik və birlik üçün göstərdiyi fəaliyyətlərin yüksək dəyərləndirildiyini və Türkmənistanın dövlət başçısının Şeyxülislamın şəxsiyyətinə ehtiramlı münasibətini ifadə etdi. Qardaş ölkənin səfiri Şeyxülislama Türkmənistan tarixi, coğrafiyasını əks etdirən kitablar hədiyyə etdi.
 
QMİ-nin Mətbuat Xidməti
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 3238