Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Roma Papası Fransisklə görüşüb

13.01.2021
 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Müqəddəs Taxt-Tacın rəsmi dəvəti ilə Vatikanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, yanvarın 13-də şeyxülislam Allahşükür Paşazadə ilə Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin təkbətək görüşü olub.
Görüşdə şeyxülislam Allahşükür Paşazadə Papa Fransiskə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını, həmçinin bu yaxınlarda 85 yaşını qeyd edən Roma Papasına təbriklərini çatdırıb. Roma Katolik Kilsəsinin rəhbəri də öz növbəsində QMİ sədrindən onun salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırmağı xahiş edib.
Şeyxülislam Allahşükür Paşazadə Papa Fransiskin dünyada sülh və ümumbəşər qardaşlıq uğrunda apardığı ardıcıl fəaliyyətini yüksək dəyərləndirdiyini və onun fəaliyyətini yaxından rəğbətlə izlədiyini deyib. Qafqaz Müsəlmanları İdarəsinin sədri, öz növbəsində, bu ideyaların təbliğinə dəstək məqsədilə yaxından iştirak etdiyini və bundan sonra da öz töhfəsini verəcəyini qeyd edib. Xüsusilə bu yaxınlarda Papa Fransiskin Ukrayna və Cənubi Qafqazda yaranmış vəziyyətlə bağlı verdiyi bəyanatın Roma Katolik Kilsəsinin rəhbərinin sülh və əmin-amanlığa münasibətini bariz şəkildə nümayiş etdirdiyini və bunun rəğbətlə qarşılandığını bildirilib. QMİ sədri Roma Katolik Kilsəsinin rəhbərinin sülhə çağırışlarında balanslaşdırılmış mövqeyini təqdirəlayiq hal kimi qiymətləndirib.
Roma Papası Fransiskin 2016-cı ildə Bakıya səfərini xatırladan Qafqaz Müsəlmanları İdarəsinin sədri bu ziyarətin Azərbaycan rəhbərliyi və xalqında dərin izlər buraxdığını deyib. Səfər çərçivəsində Papa Fransiskin Heydər Məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşü məmnunluqla xatırlanıb.
QMİ sədri erməni tərəfinin bəzi təhrif olunmuş məlumatlar yaydığını deyib, Azərbaycandakı real vəziyyətlə yerində tanış olmaq üçün Vatikandan nümayəndə heyətinin ölkəmizə səfər etməsini təklif edib. Qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğalda olan torpaqlarımızı azad edib. İşğal zamanı istər müsəlmanlara məxsus, istərsə də digər dinlərə mənsub abidələrin erməni tərəfinin vandalizminə məruz qaldığı vurğulanıb. Şeyxülislam Allahşükür Paşazadə işğal zamanı erməni vandalizminə məruz qalan mədəni və dini abidələrlə bağlı faktları əks etdirən kitabı Papa Fransiskə təqdim edib.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan və dinlərarası əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi müxtəlif layihələr dünya mədəni, tarixi və dini irsinin qorunması, mədəniyyətlər və dinlər arası əlaqələrin inkişafına xidmət edir.
Papa Fransisk ölkəmizə səfəri zamanı Azərbaycanda dinlərarası mühitin nə qədər ahəng içində olduğunun canlı şahidinə çevrildiyini deyib. Bildirib ki, müsəlmanlar, xristianlar və digər dinlərə mənsub xalqların Azərbaycanda birgə yaşaması təqdirəlayiq haldır.
Roma Papası ümumbəşəri ideyaların həyata keçirilməsində, sülhə nail olmaq üçün regionda lazımı və kifayət qədər resursların olduğuna inandığını qeyd edib.
Vurğulanıb ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr Müqəddəs Taxt-Tacda çox yüksək qiymətləndirilir. Bu işlər Fondun ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir.
Roma Papası Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında dialoqun yüksək səviyyədə olduğunu deyib.
Şeyxülislam Allahşükür Paşazadə Papa Fransiskə Prezident İlham Əliyevin Azərbaycanın müxtəlif milli və dini icmalarına münasibətdə həyata keçirdiyi siyasətdən, o cümlədən dini icmaların rəhbərləri ilə qarşılıqlı fəaliyyətindən danışıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri bu səfərin Müqəddəs Taxt-Tacla Azərbaycan arasında qarşılıqlı əlaqələrin genişlənməsi fonunda dinlərarası dialoq və əməkdaşlıq müstəvisində yeni imkan və perspektivlər açdığını qeyd edib.
Dinlərarası dialoq üzrə səmərəli əməkdaşlığa dair müzakirələr aparıldığı görüşdə qarşılıqlı birgə səylərin əhəmiyyəti vurğulanıb
Sonra Papa Fransisk Azərbaycanın dini konfessiya rəhbərlərindən ibarət nümayəndə heyətinin üzvlərini qəbul edib. Qəbulda Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov), Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete və Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayev iştirak ediblər.
Qeyd edək ki, uzun illərdir Qafqaz Müsəlmanları İdarəsi ilə Vatikanın dini-mənəvi əlaqələri uğurlu inkişaf yolu keçib. QMİ-nin dinlərarası dialoq və əməkdaşlığa dair beynəlxalq tədbirlərdə Vatikan rəsmiləri ilə uğurlu, səmərəli işbirliyi, əməli əməkdaşlıq təcrübəsi mövcuddur.
 
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 2137