Qafqaz Müsəlmanları İdarəsinin sədri İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi ilə görüşüb

05.11.2021
Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarını azad etdi. Artıq Qarabağ münaqişəsi başa çatıb və Qafqazda sabitlik bərqərar olub. Buna baxmayaraq, erməni kilsəsi beynəlxalq arenada, xüsusilə dünya dini liderlərinə yalan, iftira dolu məlumatlar verməkdə davam edir. Azərbaycan Prezidenti son çıxışında da dediyi kimi, biz Ermənistanla sülhə hazırıq. Lakin erməni lobbisi hələ də ixtişaşlar yaratmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdül Salam ilə görüşündə deyib. QMİ sədri deyib ki, din siyasi alətə çevrilməməlidir. Lakin erməni katolikosu müharibə günlərində də öz xalqını döyüşə, qan tökməyə çağırırdı. Bu isə Allahın buyruğunun tam ziddinədir.
“Biz 30 il ərzində işğalda olan torpaqlarımızı azad etdik. Bununla da Azərbaycan BMT-nin qərarlarını öz gücünə, təkbaşına icra etdi. Buna görə biz Azərbaycana mənəvi dəstək verən, ölkəmizin yanında olan bütün dostlarımıza təşəkkür edirik”, - deyə QMİ sədri əlavə edib.
Qədim mədəniyyətə malik ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edən qonaq Azərbaycanın dünyada multikulturalizm mərkəzi kimi tanındığını qeyd edib. O bildirib ki, Azərbaycandakı dini həmrəylik digər ölkələr üçün nümunədir. Bir çox dövlətlər özlərində bu tolerantlığa nail olmaq üçün böyük səy göstərirlər. “Dünən Prezident İlham Əliyev çıxışında bəyan etdi ki, dünyada sülhə nail olmaq üçün səy göstərmək lazımdır. Bu çağırış, əslində, bütün dinlərin əsasını təşkil edir. Azərbaycan Prezidentinin bu çağırışı hətta imansız insanların da qəlbində rəhm yaradır. Biz də bir İslam qardaşlığı təşkilatı olaraq bu çağırışa qoşuluruq”, - deyə İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdül Salam əlavə edib.
Sonra İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi İnsan Qardaşlığı sənədini Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.
 
 

Oxunub : 2084