Ali Erbaş: Mənfur ermənilərin işğal dövründə Qarabağda törətdikləri dağıntıları öz gözlərimizlə gördük

29.10.2021
Oktyabrın 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən QMİ sədri Türkiyə-Azərbaycan qardaşlığından danışıb. Bildirib ki, Azərbaycanla Türkiyə iki qardaş dövlət olaraq xoş və çətin günlərdə daim bir-birinin yanında olublar. İkinci Qarabağ müharibəsində bu qardaşlıq özünü bir daha göstərdi. Türkiyənin ölkəmizə mənəvi dəstəyi Qələbəmizdə xüsusi rol oynadı. Türkiyə və Azərbaycanın müdrik dövlət başçıları ölkələrimizin mənafelərini bütün beynəlxalq müstəvilərdə müdafiə edirlər.
"İşğaldan azad olunan torpaqlarımızda ermənilər vandalizm aktları törədiblər. Qəbirlər qazılıb, insanların sümükləri çıxardılıb, məscidlər tövlə kimi istifadə edilib. Qarabağda demək olar bütün dini, maddi-mədəniyyət nümunələri ya dağıdılıb, ya da erməniləşdirilib.
Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edib. Bu gün Qarabağ azaddır və oraya yenidən həyat qayıdır", - deyə şeyxülislam Allahşükür Paşazadə bildirib.
Moskvada Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşündən danışan QMİ sədri deyib: "Bu görüş mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki görüşdə qalib tərəf kimi iştirak edirdim. Qarşı tərəfin gözlərindəki məyusluğu hiss edirdim. Bu, bizim Qələbəmizin nəticəsi idi. Bu Qələbəyə görə qəhrəman şəhidlərimizə, qazilərimizə borcluyuq. Bu görüşdə Azərbaycan Prezidenti və dövləti ilə bir daha qürur duydum”.
Görüşdə çıxış edən Türkiyənin Diyanət İşləri başkanı Ali Erbaş deyib: “Bir neçə gündən sonra Azərbaycanda Zəfər bayramı qeyd olunacaq. Biz mənfur ermənilərin işğal dövründə Qarabağda törətdikləri dağıntıları və zülmləri öz gözlərimizlə gördük. Azərbaycan əsgərlərinin Şuşanı necə və hansı şücaətlə azad etməsi həqiqətən də heyrətamizdir. Ermənilər Qarabağda vandallıq törədiblər. Qəbirlər sökülüb, evlər yerlə-yeksan edilib. Ağdamdakı Cümə məscidinə ciddi ziyan dəyib. Ermənilər məscidin içində donuz saxlayıblar ki, bu da müsəlmanların ibadət yerlərinə təhqirin ən bariz örnəyidir. Bizim inancımızda, İslam dinində savaş zamanı belə kilsə, sinaqoq, həmçinin digər məbədlərin, eyni zamanda, yaşlı insanların, qadınların, dinc əhalinin toxunulmazlığı var. Azərbaycan əsgərləri müsəlmanlıqdan, imanlarından irəli gələrək əli silahsız olan heç kimə zərər verməyiblər. Lakin ermənilər burada mülki insanların qətliamını törədiblər. Xocalı qətliamı bunların ən bariz nümunələrindən biridir”.
Tədbir dini-bədii hissə ilə başa çatıb.
 
 

Oxunub : 2583