Avrasiya İqtisadi Zirvə Toplantısında Ermənistanın törətdiyi ekoloji terrordan danışılıb

 
 
09.07.2021
Azərbaycanın dəstəyi və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə İstanbulda keçirilən XXIV Avrasiya İqtisadi Zirvə Toplantısı çərçivəsində təşkil olunan növbəti panel iclası yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizəyə həsr olunub.
 “Ortaq gücümüz: kəskin pandemiyada təhlükəsiz limana çatmaq” və “Ortaq zəifliyimiz: qlobal istiləşmə COVID-19 infeksiyasından daha böyük təhdiddir” mövzularında keçirilmiş paneldə dəyərlər və onun qorunmasının əhəmiyyəti müzakirə olunub.
Çıxışında dəyərlərə və onların insan cəmiyyətində mövcud olan problemlərin həllinə təsirinə geniş yer ayıran Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycan xalqı yumruq kimi birləşərək işğal altındakı torpaqlarını Ermənistandan geri aldı. Təcavüzkar Ermənistan 30 illik işğal dövründə zəbt edilmiş torpaqlarımızda ekoloji terror və tarixi-mədəni irsimizə qarşı əsl soyqırımı törədib. Təəssüf ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana tam şəkildə verməkdən imtina etməklə terrorçu siyasətini davam etdirir. Buna baxmayaraq, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti işğaldan azad olunmuş əraziləri gülüstana çevirir, dağıdılmış yerlərdə abadlıq, quruculuq işləri aparılır, ağıllı kəndlər, qəsəbələr və şəhərlər salınır.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Azərbaycana və mədəniyyət paytaxtımız Şuşaya tarixi səfəri, imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərində yeni bir inkişaf mərhələsi yaradıb.
Qarşıdan gələn müqəddəs Qurban bayramı münasibəti ilə təbriklərini çatdıran QMİ sədri Allahşükür Paşazadə əminliklə bildirib ki, əvvəllər olduğu kimi, budəfəki Zirvə toplantısında müzakirə edilən məsələlər də faydalı və səmərəli olacaq.
Panel iclasında Çin xalqının Xarici Ölkələrlə Dostluq Dərnəyinin (CPAFFC) sədr müavini Lin Yı, Türkiyə Süryaniləri Katolik Patriarxının vəkili Orhan Çanlı və digərləri çıxış edərək mövzuların əhəmiyyətinə toxunub, yaranan problemlərdən çıxış yolları ilə bağlı fikirlərini bölüşüblər.

Oxunub : 591