Şeyxülislam Allahşükür Paşazadə: Məscidlərdə Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi riayət olunmalıdır

02.06.2021
Biz Qafqaz Müsəlmanları İdarəsi olaraq Operativ Qərargahla dini ibadət yerlərinin açılması ilə bağlı mütəmadi müzakirələr aparırdıq. Müraciətimizə həssaslıqla yanaşdıqlarına görə Prezident İlham Əliyevə və Operativ Qərargaha bütün dindarlar adından təşəkkür edirəm. Nəhayət, Operativ Qərargahın qəbul etdiyi qərarla iyunun 10-dan etibarən dini ibadət yerləri açılacaq. Lakin məscidlərdə Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi riayət olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məscidlərdə və digər ibadət yerlərində riayət olunmalı qaydalarla bağlı keçirilən iclasda deyib. QMİ sədri əmin olduğunu bildirib ki, dindarlarımız müəyyənləşdirilmiş qaydalara riayət edəcək və həyat öz əvvəlki axarına dönəcəkdir.
Vətən müharibəsinə toxunan QMİ sədri şəhidlərimizə Allahdan rəhmət, qazilərə şəfa diləyib. "Erməni lobbisi və erməni kilsəsi Azərbaycana qarşı məkrli fəaliyyətini bu gün də davam etdirir. Onlar bütün dünyaya car çəkirlər ki, guya biz Qarabağdakı dini abidələri dağıdırıq. Lakin hamı bilir ki, həqiqət başqadır. Bu həqiqəti dünyaya çatdırmaq üçün dindarlarımız da əllərindən gələni əsirgəməməlidirlər.
Vətən müharibəsi dövründə də din xadimlərimiz insanların yanında oldular, xalqımızın dərdinə şərik çıxdılar. Buna görə də din xadimlərimizə təşəkkür edirəm", - deyə QMİ sədri əlavə edib.
Şeyxülislam Allahşükür Paşazadə əmin olduğunu bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı düzgün siyasət sayəsində işğaldan azad olunan torpaqlarımız tezliklə abadlaşdırılacaq, oradakı məscidlərimizdən yenidən azan sədaları ucalacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə COVID-19-a qarşı görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycan koronavirusla ən uğurlu mübarizə aparan ölkələrdəndir.
“Prezident İlham Əliyevin çıxışlarında din xadimlərimizin Vətən müharibəsi zamanı göstərdikləri xidmətlər daim qeyd edilir. Dindarlarımız koronavirusla mübarizədə də eyni fəallığı nümayiş etdirməli və ibadətə açılan dini mərkəzlərdə də pandemiya ilə mübarizə qaydalarına ciddi riayət etməlidirlər. Təəssüf ki, hələ də bu xəstəliyə inanmayanlar var. Din xadimləri xəstəlik barədə düzgün məlumatları insanlara çatdırmalıdırlar, - deyə o bildirib.
Sonra COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məscidlərdə və digər ibadət yerlərində riayət olunmalı qaydalar oxunub.
Nazirlər Kabineti Aparatının rəhbərinin müavini Natiq Məmmədov bildirib ki, QMİ sədrinin müraciəti Nazirlər Kabinetində diqqətlə araşdırılıb və dini ibadət yerlərinin açılması barədə qərar qəbul edilib. İnanırıq ki, bu addım daha yumşaldıcı qərarların qəbul edilməsinə şərait yaradacaq. Əslində, dini mərkəzlərdə də bütün ölkə üzrə pandemiya ilə aparılan mübarizə tədbirlərinin eynisi tətbiq ediləcək. Bunlar çox sadə qaydalardır - gigiyena vasitələrindən istifadə, sosial məsafənin saxlanılması, tibbi maskadan istifadə.
Qəbul edilən yumşalma tədbirləri arxayınlıq yaratmamalı, dindarlar müəyyən olunmuş qaydalara ciddi riayət etməlidirlər.
Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Rus pravoslav kilsəsinin nümayəndəsi Konstantin Pominov və Alban-Udi dini icmasının sədri Robert Mobili Azərbaycanda pandemiyaya qarşı görülən işlərdən danışıblar. Bildirilib ki, dini mərkəzlərin ibadətə açılması xüsusi əhəmiyyət daşıyır. Dindarlar Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara ciddi riayət etməlidirlər. Yalnız bu yolla pandemiyaya qalib gəlmək olar.
İclasın sonunda Şeyxülislam Allahşükür Paşazadə qazılara və səlahiyyətli nümayəndələrə dini ibadət yerlərində müəyyən olunmuş qaydalara ciddi riayət edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
 
COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydalar
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli, 151 nömrəli Qərarının 2.2.1-ci yarımbəndinə uyğun olaraq dini ibadətlər (dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaq şərtilə)) təşkil edilməlidir.
2. Yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. Azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir.
3. İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslər məscidə və digər ibadət yerlərinə buraxılmır.
4. Məscid və digər ibadət yerlərinə gələn şəxslər:
• Mütləq COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidirlər;
• İbadət yerində olarkən onların arasındakı məsafə 4 (dörd) bir tərəfdən minimum 1,5 (bir metr yarım) metr, sahə imkan verdikdə isə daha çox olmalıdır;
• Məsciddə ibadət etmək istəyən şəxslər təharətli olmalı, dəstəmaz zərurəti yarandıqda onlar öz şəxsi dəsmallarından istifadə etməli, özləri ilə səccadə və möhür gətirməlidirlər;
• İbadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz (ibadət) bitdikdən sonra məscidi (ibadət yerini) tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir.
5. Məscid və digər ibadət yerləri:
• Bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalıdır;
• Hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir;
• İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVİD-19 pasportuna malik olan şəxslər içəri buraxılmalıdır;
• İbadət yerlərinə daxil olan şəxslərin tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.
.
Qeyd:
• Məscidlərin imamları, icma sədrləri və digər ibadət yerlərinin məsul şəxsləri bu qaydaların icrasına nəzarət etməlidirlər;
• Bütün bu qaydalar tezliklə sərbəst şəkildə ibadət şəraitinin bərpa olunması məramına xidmət etməklə müvəqqəti xarakter daşıyır.
 
 
 

Oxunub : 7734