QMİ sədri: “İşğal zamanı dağıdılmış məscidlərimiz, kilsələrimiz, sinaqoqlarımız hamısı bərpa olunacaq”

07.04.2021
 
“İlham Əliyev cənablarının fədakarlığı, onun Şuşaya səfər etməsi, Cıdır düzünə getməsi - bütün bunlar Azərbaycan xalqında fərəh, qürur doğurur”.
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkədəki dini konfessiyaların rəhbərləri ilə birgə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
Şeyx işğaldan azad edilmiş torpaqların çiçəklənəcəyinə inandığını bildirib: “Bu məsələdə Mehriban xanımın da böyük zəhməti var. Ona da öz minnətdarlığımızı bildiririk. İnanıram ki, işğal zamanı dağıdılmış 63 məscidimiz bərpa olunacaq, oradan azan səsi gələcək. O cümlədən bu ərazilərdə kilsələrimiz, sinaqoqlarımız var. Azərbaycan xalqının bütün mədəni abidələri bərpa ediləcək.
Bu torpaqların azad olması bizim şəhidlərimizin qanı bahasına olub. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhidlərin ailələrinə də başsağlığı verirəm. Azərbaycan xalqı heç vaxt onları unutmayacaq”.
A.Paşazadə qeyd edib ki, Azərbaycandakı Pravoslav və katolik xristian icmalarının, eləcə də yəhudi icmasının başçıları, də onunla birlikdə Ağdama səfər edib: “Bu, bir daha göstərir ki, Azərbaycanda tolerantlıq, dinlərarası dialoq, münasibətlər var. Biz birlikdə məsciddə namaz qıldıq. Hər kəs öz ibadətini elədi. Bu, dünyanın heç bir yerində yoxdur. Bu, Azərbaycan xalqının xislətindədir. Ermənilərin azərbaycanlılarla birlikdə yaşaya bilməmələrini deməsi isə anlaşılan deyil. Bizim xalqımız həmişə başqa xalqlara hörmətlə yanaşıb. Onların məbədlərinə, inamlarına hörmətlə yanaşmışıq. Bu gün də hörmətlə yanaşırıq. Hətta Bakıda yerləşən erməni kilsəsinə də hörmətlə yanaşırıq”.
Şeyx yaxın vaxtlarda Ramazan ayının başlayacağını xatırladıb: “Bu, ilk zəfər Ramazanı, ibadəti olacaq. Biz həm şəhidlərimiz yad edəcəyik, həm qazilərimizə dua edəcəyik”.
A. Paşazadə erməni yalanlarından da danışıb: “Necə ola bilər ki, bir yalanı bu qədər deyəsən. Erməni kilsəsinin bu gün ümdə işi bütün dünyaya, başqa din xadimlərinə, xristian, katolik, yəhudi, hətta müsəlman dövlətlərinin bəzilərinə yalançı müraciətlər etməkdir. Azərbaycan tərəfindən qarşıdurmaya məruz qaldıqları, məbədlərinin sökülüb dağıldığı ilə bağlı yalanlar danışırlar. Biz də məcbur oluruq ki, bunlara cavab verək”.
 
 

Oxunub : 2732