Xorvatiyanın “Vecernji list” qəzetinə müsahibə

12.02.2021
Fevralın 11-də Qafqaz Müsəlmanları İdarəsi sədrinin Birinci müavini, müfti Salman Musayev Xorvatiyanın “Vecernji list” qəzetinə müsahibə verib.
Müxbirin suallarını ətraflı cavablandıran S.Musayev əvvəlcə Qafqaz Müsəlmanları İdarəsi barədə tarixi ekskurs təqdim edib. Bundan sonra QMİ-nin sədr müavini Azərbaycanda yaşayan müxtəlif din və millətlərin nümayəndələri arasında qədim əsrlərdən bəri hökm sürən qarşılıqlı ehtiramdan söz açmış, həm müsəlman məzhəbləri arasında, həm də ölkə əhalisinin əsas hissəsini təşkil edən müsəlmanlarla digər dinlərin mənsubları arasında heç vaxt heç bir qarşıdurma və ya münaqişənin olmadığını vurğulamışdır. O, “Azərbaycanda şiə və sünni məzhəblərindən olan dindarlar bir məsciddə, bir imamın arxasında namaz qılır. Belə mənzərəni, əminəm ki, dünyanın heç bir yerində görə bilməzsiniz. Allahımız bir, dinimiz bir, azan vaxtımız bir, namazda surə və ayələrini oxuduğumuz Quran bir, rikət sayı eyni olduqdan sonra niyə ki, namazımızı birlikdə qıla bilməyək? Qollarımızı namaz vaxtı açıq və ya bağlı tutmağımız buna necə əngəl ola bilər ki?” – demişdir.
Sonda QMİ sədrinin Birinci müavini düşmən işğalından azad edilmiş Qarabağa səfər etməyə hazırlaşan müxbirə Azərbaycanda tolerantlıq mühitinin örnəkləri barədə, digər tərəfdən isə mənfur erməni işğalçılarının 30 il ərzində əsir tutduqları məscidlərimizi necə təhqir etdikləri, pravoslav və tarixi Alban-Udi kilsələrini necə erməniləşdirməyə cəhd etdiklərindən danışdı. 
Müfti S.Musayev qonaq müxbirə Azərbaycanın dinlərarası tolerantlıq və qarşılıqlı ehtiram mühitini əks etdirən fotomateriallar təqdim etdi. 
Qeyd edək ki, “Vecernji list” qəzeti Xorvatiyada vüsət alan yalançı erməni təbliğatını nəzərə alaraq öz müxbirini ölkəmizə Azərbaycanın həqiqətlərini öyrənmək və yayımlamaq məqdəsilə göndərmişdir.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 9006