Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq virtual konfransda iştirak edib

 
24.11.2020
           Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 25 noyabr tarixində KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 24-cü sessiyasının videokonfrans formatında keçirilən onlayn iclasında iştirak etdi.
        Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə videoiclasda çıxış etdi, Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını iştirakçıların diqqətinə çatdırdı. KAİCİİD Təşkilatının Baş Katibi d-r Feysal bin Müəmmar videokonfransın gedişində pandemiyaya baxmayaraq öncədən nəzərdə tutulan proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərin davam etdirildiyini vurğuladı, BMT Sivilizasiyalar Alyansı ilə imzaladıqları memorandum haqqında, habelə Mərkəz adından iştirak etdiyi virtual tədbirlər barədə məlumat verdi.
Tədbirin gedişində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemi ilə bağlı, KAİCİİD-in inkişaf strategiyası ətrafında müzakirələr aparıldı. Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin, təşkilatın inkişaf perspektivləri, genişlənmə prosesi çərçivəsində yeni üzv dövlətlərin qəbulu, təşkilat məsələləri – yeni sədr müavininin seçilməsi kimi əhəmiyyətli məsələlər daxil idi. Son toplantının – 14 sentyabrda keçirilmiş 23-cü sessiyanın qərarlarının yerinə yetirilməsi üzrə hesabat dinlənildi, Məşvərət Şurası və kommunikasiyalar üzrə son yeniliklər barədə məlumat verildi. Məruzələrdə son dövrlərdə Vyanada, Nitsada baş verən terror hadisələrinin dinlə heç bir əlaqəsi olmadığı, Qərb dünyası ilə İslam arasında qarşıdurma yaratmaq istəyənlərin təxribatşı fikirlərinin qarşısının alınması üçün Beynəlxalq Mərkəz daxil, bütün din nümayəndələrinin birgə hərəkət etmələrinin vacibliyi vurğulandı.
Şeyxülislam A. Paşazadə ilə bərabər Direktorlar Şurasında təmsil olunan Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş Katibi Dr. Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist Təşkilatının Prezidenti Koşo Nivano, Beynəlxalq Mərkəzin Baş Katibinin müavini Alvaro Albacete, İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi dr. Hamad əl-Məcid, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Shanti Ashram təşkilatının direktoru dr. Kezevino Aram və b. videokonfransda iştirak etdilər.          
Sessiya iştirakçıları tərəfindən Azərbaycan dövlətinin dünyada dinlərarası dialoq və əməkdaşlığa verdiyi töhfələr rəğbətlə vurğulandı. Onlayn sessiya məhsuldar keçdi.
   
QMİ-nin Mətbuat Xidməti
 
Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 8570