QMİ sədri Özbəkistan səfirini qəbul etdi

 
 26.10.2020
Oktyabrın 26-da QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Özbəkistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri, cənab Baxrom Aşrafxanovu qəbul etdi.
Qonağı Azərbaycanda salamlayan və ona bu məsuliyyətli vəzifədə uğurlar diləyən QMİ sədri, qardaş Özbəkistanın və onun xalqının Azərbaycan üçün xüsusi yerə malik olduğunu vurğuladı. İki qardaş dövlət arasında ənənəvi əlaqələrin Azərbaycan və Özbəkistan prezidentləri, Zati-Aliləri İlham Əliyevlə Zati-Aliləri Şavkat Mirziyoyevin yaxın dost və qardaş münasibətlərinin sayəsində daha da möhkəmləndiyini qeyd edən Şeyxülislam həzrətləri, bu əlaqələrin bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirdi. QMİ sədri Özbəkistan prezidenti, cənab Şavkat Mirziyoyev ilə şəxsi münasibətlərinin mövcud olduğunu, dini və milli bayramlar münasibətilə bir-birinə daim təbrik məktubları yazdıqlarını, bu özəl əlaqələrlə fəxr etdiyini bildirdi.
Azərbaycanın və Özbəkistanın tarixi dini-mənəvi əlaqələrinə toxunan Şeyxülislam həzrətləri indiki pandemiya dövrünə baxmayaraq uğurla davam etdiyini vurğuladı və buna örnək olaraq yaxın keçmişdə Azərbaycan və Özbəkistanın dini xadimləri arasında keçirilən birgə video konfransı göstərdi.
Şeyxülislam həzrətləri Azərbaycanın işğal altında olan torpaqları uğrunda mübarizə apardığı tarixi mərhələdən keçdiyi bir dövrdə verdiyi dəstəyə görə Özbəkistan dövlətinə və qardaş Özbəkistan xalqına dərin təşəkkürünü bildirdi. O, işğal altında olan bütün torpaqlarımızın tezliklə azad ediləcəyindən, əsir məscidlərimizin bərpa edilərək orada ibadət ediləcək günün yaxın olduğundan əmin olduğunu dedi.
Öz növbəsində, cənab Aşrafxanov Şeyxülislam həzrətlərinə Gəncə və Mingəçevir şəhərlərinə səfəri barədə məlumat verdi. Səfirin sözlərinə görə o, hərbi əməliyyatlar zonasından yüz kilometrdən çox məsafədə yerləşən şəhərlərə, əhalinin sıx olduğu yaşayış yerlərinə raket zərbələrinin endirilməsindən dəhşətə gəldiyini, bunun yolverilməz olduğunu dilə gətirərək, Özbəkistan dövlətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ qətnamələri əsasında, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipini rəhbər tutaraq, sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu, bu mövqeyin dəyişməz olduğunu xüsusi qeyd etdi.
Səmimi dostluq şəraitində keçən görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim etdilər. 
 
 
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2467