Ali İslam Şurası Azərbaycanın qalib gələcəyinə inanır

 
21.10.2020
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dini liderlərə, beynəlxalq qurumlara Ermənistan-Azərbaycan cəbhəsində baş verənlər, dinc əhalimizə, məscid və qəbiristanlıqlarımıza qarşı təcavüzkar ordu tərəfindən edilən insanlığa sığmayan hərəkətlər barədə müraciətləri böyük maraqla qarşılanıb.
Dünyanın müxtəlif ölkələrində yaşayan nüfuzlu din xadimləri, beynəlxalq təşkilatların rəhbərləri Şeyxülislam həzrətlərinə göndərdikləri cavab məktublarında Azərbaycan dövlətinin və xalqının ərazi bütövlüyünün bərpası istiqamətində atdığı qətiyyətli mövqeyini dəstəklədiklərini, haqq işi uğrunda mübarizənin qələbə ilə başa çatacağına inandıqlarını bir daha bəyan edirlər.
Əlcəzair Demokratik Respublikasının Ali İslam Şurasının sədri Buabdullah Qulamullahın QMİ sədrinə göndərdiyi məktub bu baxımdan xarakterikdir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Öz təhlükəsizliyi, ərazi bütövlüyünün toxunulmazlığı uğrunda xalqların azadlığının və haqqının tərəfdarı olan Əlcəzair xalqı 20 ildən artıq bir dövrdə böyük dövlətlərin haqsız dəstəyi ilə Ermənistanın zəbt etdiyi əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağda baş verənləri yaxından izləyir.
         Təkidlə deyə bilərəm ki, bu təcavüzkar hərəkəti Ermənistanı işğal etdiyi regionda sakinlərin ictimai və iqtisadi nizamını dəyişməyə sövq edib. Əlcəzair xalqı 130 il davam edən Fransa işğalı zamanı bu kimi qeyri-qanuni və qeyri-etik davranışların əziyyətini çox çəkib. Buna görə də xalqımız Dağlıq Qarabağ əhalisinin və bütün Azərbaycan xalqının keçirdiyi hissləri, yaşadıqları haqsızlıqları çox gözəl anlayır.
         Əlcəzair xalqı BMT Təhlükəsizlik Şurasının qətnamələrini, digər beynəlxalq qurumların qərarlarını heçə alan qüvvələrin davranışlarını çox görüb. Biz dərk edirik ki, ərazilərini işğaldan azad etməyi, vətəndaşlarının öz doğma yurduna qayıtmasını qarşısına məqsəd qoyan Azərbaycan xalqı öz əzmi, qətiyyəti və dünyada azadlıq, ədalət və sülh istəyən dövlətlərin dəstəyi ilə sonda haqqını əldə edəcək.
Buabdullah Qulamullah,
Ali İslam Şurasının sədri”
   
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1504