İmam Əl-Xoi Xeyriyyə Fondu Şeyxülislam həzrətlərinə cavab məktubu göndərib

 
 
21.10.2020
 
Ərazilərimizin işğaldan azad edilməsi uğrunda başlanan Vətən müharibəsinin ilk günündən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın haqlı mövqeyi və Ermənistanın törətdiyi hərbi cinayətlər barədə dünya ictimaiyyətini məlumatlandırır.
Şeyxülislam həzrətlərinin imzası ilə QMİ-nin sıx əməkdaşlıq etdiyi bütün dünya dini mərkəzlərinə, beynəlxalq qurumlara, nüfuzlu dini və ictimai xadimlərə məktublar göndərilib.
Son günlər QMİ sədrinin ünvanına cavab məktubları daxil olmaqdadır. Növbəti belə bir məktub mənzil-qərargahı Londonda yerləşən İmam Əl-Xoi Xeyriyyə Fondundan gəlib. Fondun Baş katibi Əbdüs-Sahib Əl-Xoi QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə göndərdiyi cavab məktubunda yazır:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxmasını tələb edən BMT qətnamələrinə baxmayaraq Ermənistan ordusunun hələ də təcavüzkar siyasətini davam etdirdiyini, Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan mülki vətəndaşları hədəfə aldığını geniş izah edən məktubunuzu aldıq.
            Təəssüflə deyə bilərik ki, Azərbaycanda çoxsaylı dinc sakinlərin həlak olması, yaşayış binalarının dağıdılması ilə nəticələnən Ermənistanla Azərbaycan arasında davam edən bu qanlı savaşa beynəlxalq təşkilatlar biganəlik nümayiş etdirirlər. İslam dövlətlərinin rəhbərləri, beynəlxalq qurumlar, dünyadakı nüfuzlu müsəlman alimləri şərdən və ölümdən başqa heç nə gətirməyən bu əməlləri mütləq pisləməli, etiraz səslərini ucaltmalıdırlar.
            İmam Əl-Xoi Xeyriyyə Fondu olaraq, son günlər həyatlarını, mal varlıqlarını itirən günahsız insanlara görə səmimi qardaşlıq başsağlığımızı və kədərimizi ifadə edirik. İki qonşu ölkə arasında siyasi və hərbi gərginlikdən təəssüfləndiyimizi bildiririk. Münaqişə tərəflərini silaha sarılmaqdan əl çəkib problemi sülh yolu ilə həll etmək üçün bütün səylərini sərf etməyə çağırırıq. Ümid edirik ki, işğalın və qanlı çarpışmaların sona çatması üçün göstərilən səylər və təşəbbüslər uğur qazanacaq, dədə-baba torpaqlarından didərgin düşmüş qaçqınlar tezliklə öz doğma yerlərinə geri dönəcəklər.
            Hazırda regionda yaşanan bütün dəhşətli münaqişələrin qarşısının alınması üçün Allaha-Təalaya dualar edirik.
            Vəssəlamu əleykum və rəhmətullahi və bərəkətuhu!
                   Əbdüs-Sahib Əl-Xoi,
                   Fondun Baş katibi”      
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 712