Şeyxülislam həzrətləri Türkiyədə mətbuat konfransı keçirib

 
 
20.10.2020
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin Türkiyə  Cümhuriyyətinə səfəri davam edir. Şeyxülislam həzrətləri bu gün İstanbul Böyükşəhər Müftiliyinin binasında yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirib.
Media təmsilçilərini səmimi salamlayan bütün Qafqazın Şeyxi  dost və qardaş Türkiyəyə növbəti gəlişindən məmnun qaldığını bildirib, qatıldığı tədbirlər, rəsmi görüşlər barədə məlumat verib. Böyük alim İbn Haldunun adını daşıyan Universitet Kompleksinin açılış törənində iştirak etdiyini və bu elm məbədinə xeyir-dua verdiyini xatırladan QMİ sədri İslam dünyasının elm, irfan mərkəzinin millətlərimiz, dövlətlərimiz üçün xeyirlərə vəsilə olacağına inandığını dilə gətirib.
Şeyxülislam Allahşükür Paşazadə səfəri çərçivəsində dostu və qardaşı Türkiyə Cümhuriyyətinin  Diyanət İşləri Başkanı Ali Erbaşın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dini liderlərinin Məşvərət Toplantısında iştirak etdiyini, bu nüfuzlu qurumun müsəlman dünyası üçün mühüm işlər gördüyünü qeyd edib.
Son günlər Azərbaycan Ordusunun Qarabağda keçirdiyi sülhə məcburetmə əməliyyatlarına toxunan Şeyxülislam həzrətləri bildirib ki, Ermənistan tərəfdən işğal edilmiş torpaqlarımızı, təcavüzə məruz qalmış ərazilərimizi, zəbt edilmiş məscidlərimizi Dövlət rəhbərimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının başçılığı, əsgər və zabitlərimizin rəşadəti  ilə azad etmək əzmindəyik. 30 illik müsibətlərimiz tezliklə sona yetəcək, haqq və ədalət zəfər çalacaq inşallah.
Azərbaycan üçün bu həssas dönəmdə qardaş Türkiyə Cümhuriyyətinin verdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirən QMİ sədri Türkiyə dövlətinə, sayın Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan həzrətləri başda olmaqla hər kəsə minnətdarlığını çatdırıb: “Türkiyə xalqının Azərbaycana göstərdiyi qardaş sevgisi, uzatdığı dost əli, camilərinizin minbərlərindən ucalan dualar, oxunan xütbələr Azərbaycanlı qardaşlarınız tərəfindən heç zaman unudulmayacaq”.
Mətbuat konfransının gedişində Şeyxülislam Allahşükür Paşazadə Zəngilan rayonunun da artıq Ermənistan işğalından azad olduğu xəbərini jurnalistlərə çatdırıb: “Sizinlə görüşə gəlməzdən bir az öncə Azərbaycandan daha bir xoş müjdə aldım. Dövlət rəhbərimiz, Ali Baş Komandan İlham Əliyev həzrətləri xalqa canlı müraciətində Zəngilan rayonunun da artıq qəsbkarlardan təmizləndiyini elan etdi.
Allah Azərbaycanı, dövlət başçımızı, xalqımızı, rəşadətli ordumuzu qorusun! Dağlıq Qarabağın işğaldan azad olan hər bir guşəsində dövlət bayrağımız dalğalansın, məscidlərimizdən azan səsləri yüksəlsin  inşallah”.  
 
 
 
 
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1362