Azərbaycanın haqlı mövqeyi müdafiə olunur

Azərbaycanın haqlı mövqeyi müdafiə olunur
 
13.10.2020
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin ünvanına son günlər dünyanın müxtəlif ölkələrindən məktub və teleqramlar daxil olur.
Göndərilən məktublarda dövlət rəsmiləri, görkəmli din xadimləri son günlər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində və sülhə məcburetmə əməliyyatlarında atdığı qətiyyətli addımlarını dəstəkləyir, ölkəmizin haqlı mövqeyini müdafiə edir, Ermənistanın işğalçılıq siyasətini, dinc əhaliyə qarşı həyata keçirdiyi hərbi cinayətləri pisləyirlər.
Əfqanıstan Respublikasının İrşad, Həcc və Vəqflər naziri Məhəmməd Qasim Həlimi göndərdiyi məktubda Azərbaycan xalqının yanında olduğunu diqqətə çatdırır:
“Dost və qardaş Azərbaycan xalqının Dağlıq Qarabağı və bütün işğal olunmuş əraziləri azad etmək yolunda başladığı bu mübarizəni dəstəkləyirəm. Həmişə olduğu kimi, qəlbən və ruhən yanınızdayıq, təcavüzkara qarşı mübarizədən tezliklə qalib ayrılmağınız və zəfər çalmağınız üçün dualar edirik. Əfqanıstanın Xarici İşlər Nazirliyi də bu günlərdə bəyanat verərək Qarabağın əzəli Azərbaycan ərazisi olduğunu, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud surətdə pozduğunu bir daha aydın şəkildə ifadə edib. Təcavüzkar ordu qardaş Azərbaycanın işğal olunmuş bütün ərazilərdən dərhal çıxmalıdır.
Son günlər əfqan xalqı məscidlərdə qardaş Azərbaycan üçün dualar edir, ərazi bütövlüyünün bərpası yolunda ədalətli mübarizədə şəhid olan hərbiçilərə, həyatını itirən mülki şəxslərə Allahdan rəhmət diləyir. Qadir Allah onların məkanını cənnət qərar versin, yarlı qardaş və bacılarımıza tezliklə şəfalar əta etsin”.
Bosniya və Hersoqovinanın Baş müftisi, Üləmalar Məclisinin sədri Hüseyn Kavazoviç Şeyxülislam həzrətlərinə yazdığı məktubda Azərbaycanda baş verən son hadisələri həyəcanla izlədiyini bildirir:
“Möhtərəm qardaşım,
Gözəl ölkənizdə baş verən son olayları böyük narahatlıq və həyəcanla izləməkdəyəm. Bosniya və Hersoqovina xalqı müharibənin, torpaq və insan itkisinin nə olduğunu hələ ötən əsrin 90-cı illərindən bilir. Bu müsibəti yaşamış xalqımız Azərbaycandakı qardaş və bacılarımızla həmrəy olduğunu bildirir, Ermənistanın müharibəni alovlandıran hərəkətlərini qətiyyətlə pisləyirik.
Allah-Təalaya dua edirik ki, Azərbaycanı bu bəladan qorusun, ərazi bütövlüyünün bərpası yolundakı mübarizənizdə sizlərə yardımçı olsun.
Şeyxülislam həzrətləri, Sizə ən ali təqdir və ehtiramımı qəbul edin”.
Seneqal Prezidentinin Xüsusi müşaviri, Xüsusi tapşırıqlar üzrə Səfir Şeyx Məhəmməd Əl-Mənsur bin Ənyas yazır:
“Fəzilət sahibi, ləyaqətli Şeyximiz,
Zalım və mənfur erməni rejiminin ölkənizə qarşı açıq-aşkar həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı xəbərləri həyəcanla izləyirəm. Müharibənin davam etdiyi bu çətin günlərdə şəxsən Sizinlə, dövlətiniz və xalqınızla həmrəy olduğumu bildirirəm. Allaha inandığım qədər inanıram ki, haqq işi uğrunda mübarizədə qələbə Azərbaycanındır inşallah!  
Öz doğma torpağını təcavüzkardan azad edərkən şəhid olanlara Uca Allahdan rəhmət diləyir, yaralıların tezliklə şəfa tapması üçün dualar edirəm”.
Türkiyədəki Əziz Mahmud Hüdayi Vəqfinin başqanı Osman Nuri Topbaş Azərbaycanın haqq işi uğrunda mübarizəsinə uğurlar diləyir:
“Əziz dostum, çox möhtərəm Şeyxülislam həzrətləri!
Son günlər erməni hücumu zamanı şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa niyaz edirəm. Zati-alinizin simasında bütün qardaş Azərbaycan xalqına başsağlığı verirəm.
Dini, milli və tarixi köklərə malik Türk xalqı olaraq bir ürək kimi sevincinizə sevinir, kədərinizə üzülürük. Çünki hər zaman “Bir millət, iki dövlət” düsturu ilə yaşamışıq. Azərbaycanın haqlı mübarizəsində hər zaman olduğu kimi, bu gün də qardaşlarımızın yanındayıq. Bu gün bir toxum kimi Vətən torpağına düşən şəhid qanlarının hər damlası inşallah böyük səmərə verəcək, uzun illərdən bəri işğal altında qalan Qarabağda yenidən Azərbaycan bayrağı dalğalanacaq!”    
Monteneqro Baş müftisi, Şeyxlər Məclisinin başçısı Rifat Feyziç Şeyxülislam həzrətlərinə yazdığı məktubda Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatları şiddətlə qınadığını ifadə edir:
“Möhtərəm Şeyxülislam Allahşükür Paşazadə alicənabları,
Ermənistanın bütün insani dəyərləri heçə sayaraq tarix boyunca günahsız insanları qətlə yetirdiyi kimi, indi də eyni təcavüz aktı törətdiyini öyrənib təsirləndim. İllərdir ki, Ermənistan Azərbaycan torpağı olan Qarabağı zalımca işğal edərək beynəlxalq normaları kobud şəkildə pozmuş, ümumiyyətlə, BMT Baş Asambleyasının bütün qətnamələrini heçə saymışdır. Ermənistanın bəşəriyyətə qarşı yönəldilmiş bu işğalı, mülki əhaliyə qarşı təcavüzünü şiddətlə və nifrətlə qınayırıq. Dost və qardaş Azərbaycan xalqını haqlı mübarizəsində ürəkdən dəstəkləyir, Azərbaycan ordusunun müvəffəqiyyəti üçün ürəkdən dua edirik.”
Pakistanın Müsəlman İnstitutunun rəhbəri, doktor Sahibzadə Sultan Əli öz tvitter hesabından səslənir:
“Ermənistanın Azərbaycana qarşı təcavüzünü şiddətlə qınayırıq. Azərbaycanın günahsız dinc əhalisi arasındakı insan tələfatına dərindən təəssüflənirik. Dualarımız Azərbaycan şəhidləri və onların ailələri üçündür. Biz prinsipial Dağlıq Qarabağ münaqişəsində Azərbaycan xalqının yanında olduğumuzu, azərbaycana tam dəstəyimizi bütün dünyaya bir daha açıq şəkildə bəyan edirik.”
Türkiyənin Mərmərə Qrupu Vəqfinin rəhbəri cənab Akkan Suver  Şeyxülislam həzrətləri ilə telefon söhbətində bunları qeyd edib:
“Can Azərbaycanla, Azərbaycanlı qardaşlarımıza həmrəyliyimizi nümayiş etdirərək, Vəqfimizin binasında Azərbaycan bayrağını asdıq. Bilirsinizmi, küçədən keçən vətəndaşlarımız bunu görəndə dayanıb əsgər salamı verir, sanki dövlət himni oxunur kimi donub qalırdılar. Türk milləti olaraq canımızla, qanımızla sizinləyik!”
İslam Əməkdaşlıq Təşkilatı nəzdində fəaliyyət göstərən İSESCO sabiq baş direktoru Əbdüləziz Əltüveyciri Şeyxülislam həzrətlərinə ünvanlandığı dəstək məktubunda deyir:
“Ermənistanın mülki obyektlərə, xüsusilə dahi Nizaminin vətəni Gəncə şəhərinə, eləcə də Azərbaycanın digər şəhərlərinə atəş açması beynəlxalq qanunun pozulması və insanlığa qarşı cinayətdir. Nəzərinizə çatdırıram ki, mən Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin bütün üzvlərini Ermənistanın təcavüzünü şiddətlə və qətiyyətlə qınamağa çağırmışam. Beynəlxalq birlik regionda sülhün və əmin-amanlığın bərpa edilməsi üçün öz üzərinə məsuliyyət götürməlidir.”
Keniya Müsəlmanları Ali şurasının Milli sədri, Keniyanın xüsusi məsələlər üzrə səfiri Yusif Nzibo göndərdiyi dəstək mesajında qeyd edir ki,
“Ermənistanla Azərbaycan arasında baş verən hərbi toqquşmanı yaxından izləyirik. Allah sizin sülhsevər xalqınıza zəfər bəxş etsin. Dualarımız sizinlədir!”
Beynəlxalq “Yaşamaq sənəti” təşkilatının beynəlxalq direktoru Svami Cotirmaya öz müraciətində deyir:
“Azərbaycan üçün Çoxlu dua edirik. Hamımız regionunuzda sülh görmək istəyirik. İnanıram ki, Yaradanın xeyir-duası ilə sülh və harmoniya tezliklə yenidən bərpa olunacaq. Bunun üçün ürəkdən dua edirik.”
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1255