QMİ sədri növbəti videokonfransda iştirak etdi

       
22.07.2020
İyulun 22-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Xalqları Ali Dini Şurasının videoformatda konfransında iştirak etdi. Şeyxülislam A.Paşazadənin sədrliyi ilə baş tutan «Pandemiya dövründə Qafqazın dini təşkilatlarının fəaliyyəti» mövzusunda Konfransda ölkəmizdəki dini konfessiya başçıları da iştirak etdilər.                    
       Sədrlik edən Şeyxülislam A.Paşazadə videoiclasın bütün iştirakçılarını salamladı. Dini mənsubiyyətindən asılı olmayaraq heç bir fərq qoymadan hər bir insanı təhdid edən COVİD-19 bəlası ilə mübarizədə dövlət və din xadimlərinin bir araya gələrək qüvvələrini səfərbər etmələrində fayda olduğunu xatırladan QMİ sədri Azərbaycan dövlətinin pandemiyanın yayılmasının qarşısının alınması üçün gördüyü geniş miqyaslı işlərdən bəhs etdi. Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin ölkə daxilində həyata keçirdiyi ardıcıl tədbirlərin əhəmiyyətindən danışdı, həmçinin, dövlətimizin 30-dan artıq ölkəyə humanitar yardımlar göstərməsini, dövlət rəhbərimizin beynəlxalq əməkdaşlığın təşəbbüskarı olaraq qlobal nümunələr nümayiş etdirdiyini təqdirlə vurğuladı. BMT Baş Assambleyasının pandemiyanın qarşısının alınması məramı ilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsinin bəşəri təhlükə ilə mübarizədə qlobal həmrəyliyin təmininə xidmət edən beynəlxalq əməkdaşlıq nümunəsi olduğunu bildirən QMİ sədri bunu olduqca əhəmiyyətli, dəyərli addım kimi qiymətləndirdi. Şeyxülislam A. Paşazadə xüsusi vurğuladı ki, Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, pandemiya ilə əlaqədar ölkə daxilində və onun xaricində çoxsaylı humanitar yardım və xeyriyyəçilik aksiyaları keçirilməkdədir.
       Şeyxülislam A. Paşazadə dini mərkəz — Qafqaz Müsəlmanları İdarəsinin geniş beynəlxalq əlaqələrini pandemiya dövrünə baxmayaraq davam etdirdiyini konfrans iştirakçılarının diqqətinə çatdırdı. QMİ sədri ümumbəşəri həmrəyliyə çağırışlarını iştirak etdiyi bütün beynəlxalq platformalarda bəyan etdiyini diqqətə çatdırdı. QMİ sədri bildirdi ki, indiki çətin dövrdə bəşəri həmrəyliyə, o cümlədən humanizm nümayiş etdirərək, ehtiyacı olanlara dəstək vermək, insanların imanını möhkəmləndirmək və onların  gələcəyə ümidini artırmaq dini liderlərin ümdə vəzifələrindəndir.  
             Şeyxülislam A. Paşazadə Qafqaz Müftilərindən təmsil etdikləri Rusiya Federasiyasının subyekt rəhbərlərinə qardaş salamlarını və ən xoş arzularını yetirməyi xahiş etdi. O, xüsusi vurğuladı ki, Qafqaz xalqları arasında xoş münasibətlər olduqca dəyərli tarixi ənənədir. Bununla bağlı, QMİ sədri postsovet məkanında millətlərarası qarşıdurmanın, separatçılığın bünövrəsini qoymuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini xüsusi xatırlatdı. O bildirdi ki, əzəli Azərbaycan torpaqlarının işğalı davam edir və çox təəssüflər olsun ki, qlobal pandemiya şəraitində Ermənistan tərəfindən Azərbaycanla sərhəd bölgəsində yeni təxribatlar törədilərək, atəşkəs rejimi pozulmuş, ərazilərimiz yenidən təcavüzə məruz qalmış, zabit və əsgərlərimiz, o cümlədən dinc əhali arasında tələfatlarımız mövcuddur. QMİ sədri konfrans iştirakçılarının diqqətinə çatdırdı ki, bu münaqişə ocağı 30 ildən artıqdır ki bütün Qafqaz bölgəsi üçün gərginlik mənbəyidir və regionda sülh və sabitliyə təhlükə törədir. Qafqaz müftilərinə və ölkəmizdəki dini konfessiya rəhbərlərinə hər zaman haqqın yanında olaraq, münaqişənin ədalətli sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduqlarına görə  minnətdarlığını bildirdi.      
          Şeyxülislam sərhədlərimizdəki erməni təxribatı ilə əlaqədar dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan-Azərbaycan Daqlığ Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə dəstək vermək çağırışını bəyan etdi və bu əsnada, Roma Papası Fransiskin münaqişə ilə bağlı bölüşdüyü narahatlığa görə təşəkkürünü bildirdi.
             Azərbaycan Prezidentinin Qafqazın din xadimlərinə hörmət və ehtiramını xüsusi qeyd edən Şeyxülislam A. Paşazadə dövlət başçımızın salamlarını və İslam dünyasının qarşıdan gələn mübarək Eyd Əl-Adha - Qurban bayramı münasibətilə təbriklərini konfrans iştirakçılarının diqqətinə çatdırdı. Çıxışının sonunda QMİ sədri Ulu Yaradanın köməyi ilə dünyamızın xəstəlik və bəlalardan qurtulması üçün dualar etdi.
        Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri konfransda çıxış etdilər. Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyev, Dağıstan Müftisi Əhməd Abdullayev, Kabardin-Balkar  Müftisi Həzrətəli Dzasejev, Çeçenistan Muftisi Salax Mejiyev, Şimali Osetiya Müftisi Hacımurat Qatsalov, Stavrapol diyarının Müftisi  Məhəmməd Raximov, Adığey və Krasnodar Müftisi Askarbiy Kardanov, Kalmıkiya Müftisi Soltanəhməd Karalayev, habelə QMİ-nin Rusiya Federasiyasındakı nümayəndəsi Müfti Şafiq Pşixaçev öz çıxışlarında pandemiya dövrünün çətinliklərini yaşadığımız hazırki zamanda belə qardaşlıq görüşlərinin keçirilməsini xüsusi dəyərləndirdilər və belə görüşlərin mütəmadi keçirilməsinə ehtiyac olduğunu vurğuladılar. Qafqazın din xadimləri Şeyxülislam Allahşükür Paşazadəni bir araya gəlmələrinin səbəbkarı adlandırdılar və onun mənəvi ağsaqqallığından bəhrələndiklərini bildirdilər. Qafqaz xalqlarının hər zaman birlikdə olduqlarını, mənəvi əlaqələrinin güclü olduğunu vurğulayan Müftilər Azərbaycan-Ermənistan sərhəddində baş vermiş son təxribat hadisələrindən olduqca narahat olduqlarını dilə gətirdilər. Həlak olmuş Azərbaycan hərbçiləri və mülki əhali ilə bağlı səmimi başsağlıqlarını Azərbaycan Prezidentinə və bütün Azərbaycan xalqına yetirməyi Şeyxülislam A. Paşazadədən rica etdilər, həlak olanlar üçün Allahdan rəhmət dilədilər. Müftilər ədalət bərpa olunmayana kimi qan tökülməsi ehtimalından olduqca narahat olduqlarını vurğuladılar. Bununla bağlı Müftilər Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyünü dəstəklədiklərini bildirdilər, Rusiya Federasiyasının Ermənistan-Azərbaycan Daqlığ Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu həllinə yardımçı olduğunu, danışıqlarda vasitəçilik missiyasını xatırlatdılar. Qafqaz Müftiləri, öz növbələrində, münaqişənin sülh yolu ilə həllinə öz töhfələrini verməyə, sülhməramlı vasitəçiliyə hazır olduqlarını ifadə etdilər.
           Bütün çıxış edən Müftilər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik məktəbinin davamçısı olan Prezident İlham Əliyevin bu mürəkkəb dönəmdə baş verən təxribatın qarşısının alınması zamanı nümayiş etdirdiyi əsl Qafqaz müdrikliyini, siyasi lider təmkinini və ənənəvi uzaqgörənliyini  xüsusi vurğuladılar və bunu təqdir etdilər. Bildirdilər ki, Azərbaycanın güclü Ordusu və vətənpərvər hərbçiləri vardır. Din xadimləri olaraq, sülhün bərqərarı və ədalətin qələbəsi üçün dualar etdiklərini bildirən Müftilər Azərbaycanın dövlət başçısına səmimi salamlarını və xeyir diləklərini yetirdilər. Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyev bütün Müftilər adından bəyan etdi ki,  Azərbaycan Prezidentinin bu yolu böyük qələbəyə gətirəcəkdir və onlar bu yolda Azərbaycan liderini dəstəkləyirlər.
           Videoiclasda çıxış edən dini konfessiya rəhbərləri — Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Katolik icmasının rəhbəri Yepiskop Vladimir Fekete və Alban-udi icmasının başçısı Robert Mobili din xadimləri Qafqaz xalqlarının bir-birini dəstəkləməsinin mühümlüyünü, bölgədə ənənəvi dəyərlərə istinadən sülh, mənəvi harmoniya və problemlərin öhdəsindən gəlinməsinin mümkün olduğunu qeyd etdilər. Konfessiya rəhbərləri sərhəddimizdə baş verən son erməni təxribatları ilə bağlı vurğuladılar ki, bölgədə sülh və sabitliyin təmini yönündə Azərbaycan dövlətinin atdığı addımları təqdir edirlər və ədalətli sülhün bərqərarı üçün dualar edirlər.
              Videokonfans Qafqazın din xadimlərinin birgə duaları ilə başa çatdı.
 
 
QMİ-nin Mətbuat Xidməti
 
      *Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 287