Azərbaycan nümayəndə heyəti Kabardin-Balkar Respublikasının başçısı ilə görüşüb

 
26.11.2019
 
Azərbaycan nümayəndə heyəti noyabrın 26-da Nalçik şəhərində Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının başçısı Kazbek Kokov ilə görüşüb.
 
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Qafqaz və Azərbaycan xalqları arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu qeyd edib. “Bizi birləşdirən ortaq dəyərlərdən biri faşizmə qarşı birgə mübarizə aparmağımız olub. Təəssüf ki, bu gün də faşizmi yaşadan qüvvələr var. Hazırda bəzi yerlərdə insanlara zülm edən Qaregin Njdeyə abidə qoyulur. Bu cür hallara qarşı biz birlikdə mübarizə aparmalıyıq”, - deyə A.Paşazadə vurğulayıb.
 
Dünya dini liderlərinin Bakıda keçirilən II Sammitinə toxunan QMİ sədri həmin tədbirdə Rusiyadan, o cümlədən Qafqaz regionundan nümayəndələrin iştirakını yüksək qiymətləndirdiyini qeyd edib.
 
Kazbek Kokov Rusiya və Azərbaycan arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, Şeyxülislam Allahşükür Paşazadənin Qafqazda dinlər və millətlər arasındakı münasibətlərin möhkəmləndirilməsində xidmətlərindən danışıb. Vurğulayıb ki, atası, Kabardin-Balkar Respublikasının əvvəlki başçısı Valeri Kokov ilə ulu öndər Heydər Əliyevin sıx dostluq əlaqələri olub və bu gün Prezident İlham Əliyev bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib.
 
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan ilə Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, beynəlxalq müstəvidə də uğurla inkişaf etdiyini bildirib. Əli Həsənov, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfərinin və burada keçirdiyi görüşlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib.
 

Oxunub : 1282